Məhkəmə qərarları › İş №2(007)-1439/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1439/2020

27.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1439/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızının iştiraklı ilə, İddiaçı Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə 07 may 2007-ci il tarixdə anadan olmuş Tural adlı uşaqlarının yetkinlik yaşına kimi saxlanılması (böyüməsi) üçün Bakı şəh., Nizami ray., T.Abbasov küç., ev 22, mənzil 22-də yaşayan Cavabdeh tutulan alimentin miqdarının 220 (iki yüz iyirmi) manat miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 13.11.2005-ci il tarixdə rəsmi qaydada nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 07 may 2007-ci il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikahları 19 aprel 2011-ci il tarixdə rəsmi olaraq məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh uşaqla maraqlanmadığı və uşağın saxlanılmasında maddi təminatların ödənilməsi istiqamətində heç bir kömək göstərməməsi ilə əlaqədar aliment tələbinə dair 2011-ci ilin yanvar ayında məhkəməyə müraciət etdikdən sonra Bakı şəh., Nizami rayon Məhkəməsinin hakimi onun iddiasını qismən təmin etmişdir. Hakim, oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 aprel 2011-ci il tarixdə hər ay 76 (yetmiş altı) manat pul məbləğində aliment pulu ödənilməsi barədə qətnamə qət etmişdir. Hal-hazırda X1 10 aşı var. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uaşğın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci ildə hər uşaq üçün 170 (yüz yetmiş) manat müəyyən edilmişdir. Onu da qeyd etdi ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənim üçün çox çətindir. Buna görə də, mən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Məhkəmə iclasında iddiaçı Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin aliment ödəməsi üçün yetərincə gəliri vardır, lakin buna dair məhkəməyə sübutlar təqdim edə bilmir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh X2 məhkəmənin 12.03.2020-ci il tarixli hazırliq iclasında iştirak etmiş, lakin məhkəmənin sonrakı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 aprel 2011-cı il tarixli, 2(007)-491/2011 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 07 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 yanvar 2011-cı il tarixdən başlayaraq hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində aliment Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 07 may 2007-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, aralarındakı nikah ləğv edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 aprel 2011-cı il tarixli qətnaməsi ilə, Cavabdeh 07 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 yanvar 2011-cı il tarixdən başlayaraq hər ay 76 (yetmiş altı) manat sabit pul məbləğində aliment Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2011cı ildə müəyyən edilmiş 76 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 07 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 aprel 2011-cı il tarixli, 2(007)-491/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli, 2(007)- 491/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 07 may 2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, Məmmədəliyeva (Abdullayeva) Aygün Hamil qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar