Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1439/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 27 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə ailə qurmuş, birgə nikahdan 27 avqust 2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-621/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında 06 mart 2018-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanılmış və 479 nörıırə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş 27 avqust 2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Uşağın saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını heç cür ödəmir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qızı “Yeni Klinika” Tibb Mərkəzində tibb bacısı işləyir, əmək haqqısı 500 manatdır, lakin sığorta pulu çıxandan sonra əlində 400 manat qalır. Tərəflərin uşaqlarının autizm-spektr xəstəliyi var. Uşağı həkim, psixoloqlara aparmaq, onun hazırlıq dərsləri xərc tələb edir. Onların xərci aya 1500 manatdan artıq çıxır. Belə olan halda ata da kömək etməlidir, lakin bu uşağın atasını maraqlandırmır. Tərəflər 2-3 il yarımdır ki, ayrılıblar. Cavabdeh yenidən ailə qurmamışdır. Bu müddət ərzində, cavabdeh uşağı görməyə gəlmir. Sonra da cavabdeh deyir ki, uşağı onunla görüşdürmürlər. Cavabdehə deyirlər ki, uşaqla görüşsün, uşağı özünə öyrətsin. Cavabdeh mediasiya prosesində iştirak etsə də, pul vermək istəmir. Cavabdeh pul dəyişmə məntəqəsində günəmuzd işdə işləyir, bazarda qoyun-quzu satır. Pul qazanan olsa da pulu övladı üçün xərcləmək istəmir. Məhkəmənin 30 mart 2022-ci il tarixli qətnaməsi üzrə müəyyən edilmiş 193 manat aliment məbləği üzrə cavabdehin borcu yoxdur. Cavabdeh keçən ildən artım üzrə 220 manat aliment ödəməli idi. Lakin həmin məbləği ödəməmiş, keçən ay qızı ilə danışmış, qızı alimentin artırılması ilə bağlı məhkəməyə müraciət edəcəyini ona bildirəndən sonra keçən aydan 220 manat ödəməyə başlamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini, aliment məbləğinin artırılaraq 235 manat olaraq müəyyən edilməsinə etiraz etmədiyini, alimenti övladı üçün ödədiyini bildirmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 27 avqust 2019-cu il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)- 621/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın yanında qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1972/2023 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 1 saylı Mediasiya Təşkilatının MŞB/1/2024-00080 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. İşin mübahisəli halları: Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 235 manat olmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 27 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1972/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 27 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 27 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1972/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 27 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1439/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1439/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver