Məhkəmə qərarları › İş №2(007)-1447/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1447/2023

21.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1447/2023 21.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması, əmlakın təhvil verilməsi və yaranmış maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması, əmlakın təhvil verilməsi və yaranmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 87 olan Cavabdeh ASC-nin səhmlərinin 18,85 faizinin sahibi olmuşdur. Cavabdeh ASC-nin rəhbərliyinin apardığı idarəetmədən və dividendləri ödəməməsindən narazı qaldığı üçün 2011-ci ildə Cavabdeh ASC- yə qarşı vurulmuş zərərin ödənilməsinə və əmlak payının narturada ayrılmasına dair iddia ilə Sabail rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və Cavabdeh ASC-dəki 18,85 faiz payının müqabilində Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu və Xəzər rayonunda yerləşən daşınmaz əmlaklardan ibarət tikililərinin bir hissəsi naturada onun mülkiyyətinə ayrılmışdır. Bu qətnamədən Cavabdeh ASC şikayət verməmiş və qətnamə ilə razılaşmışdır. Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, 44K, Qapı 1 ünvanda yerləşən əmlak komleksinin 327,1 kv.metr sahədən ibarət tikililəri naturada onun mülkiyyətinə ayrılmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli daşınmaz əmalakın dövlət reyestrindən çıxarış və xx.xx.2017-ci il tarixli texniki pasport verilmişdir. Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2017-ci il tarixli qərarı ilə Sabail Rayon Məhkəməsinin qətnaməsi ilə onun Cavabdeh ASC-də olan 18,85% səhmlərinin müqabilində əmlak payının naturada ayrılmasına və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. Cavabdeh ASC-nin mülkiyyətində qalan əmlak kompleksinə xx.xx.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış və xx.xx.2021-ci il tarixdə texniki pasport verilmişdir. Cavabdeh ASC-yə verilmiş texniki pasportun 2-ci səhifəsində baş planda onun mülkiyyətində olan tikililər qara rəngdə ştrixlənmiş və qeyd hissəsində həmin sahələrin digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyi qeyd edilmişdir. Hazırda ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 327,1 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə verilmiş **********83-06301-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan qeyri-yaşayış sahəsi “Arena" ASC-nin qanunsuz istifadəsindədir. Sözügedən sahənin Cavabdeh ASC-nin istifadəsində olmadığını cavabdehə verilmiş texniki pasport da təsdiq edir. Cavabdeh həmin sahədən anbar kimi istifadə edir. Halbuki, “Arena" ASC ilə aralarında icarə müqaviləsi bağlanılmamış və cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsi ilə bağlı ona heç bir vaxt icarə haqqı ödənilməmişdir. Cavabdeh ASC-nin qanunsuz istifadəsində olan sahənin ona heç bir aidiyyəti yoxdur. Dəfələrlə cavabdeh ilə görüşmüş, daşınmaz əmlakın onun mülkiyyətində olduğunu bildirmiş, həmçinin mülkiyət hüququnu təsdiq edən sənədi təqdim etmiş və mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh tələblərimə məhəl qoymayaraq könüllü şəkildə çıxmayacağını və istifədə etdiyi qeyri-yaşayış sahəsinə görə ona icarə haqqı ödəməyəcəklərini bildirmişdir. Həmçinin, cavabdeh həmin sahəyə giriş-çıxışına maneə yaratmış, giriş qapısının açarının ona verilməsindən imtina edir. Cavabdehin mülkiyyətində olan daşınmaz əmlakdan qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 327.1 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən Cavabdeh ASC-nin məcburi qaydada çıxarılması, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətində olan qeyriyaşayış sahəsindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o, Cavabdeh ASC-nin səhmlərinin 18,85 % sahibi olmuşdur. Cavabdeh ASC-nin rəhbərliyinin apardığı idarəetmədən və divindendləri ödəməməsindən narazı qaldığı üçün 2011-ci ildə Cavabdeh ASC-yə qarşı vurulmuş zərərin ödənilməsinə və əmlak payının naturada ayrılmasına dair iddia ilə Bakı şəhəri Səbayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin qətnaməsi ilə onun Cavabdeh ASC-də olan 18,85% səhmlərinin müqabilində əmlak payının naturada ayrılmasına və mülkiyyətinə verilməsinə razılıq verilmişdir. Cavabdeh ASC-nin ümumi sadəcə məhəllələrarası olan bir girişi vardır. Həyət və darvaza cavabdehin ümumi istifadəsindədir. Cavabdeh ASC-nin gözətçisi onu içəri buraxmır, giriş-çıxışına maneə yaradır. Qapının açarı gözətçidə olsa da, qapı bağlı olur, gözətçilər də müxtəlif vaxtlara uyğun olaraq əvəzlənir. Bununla bağlı dəfələrlə rəhbərliklə əlaqə saxlayanda telefona cavab verilməmişdir. İdarə Heyətinin sədrindən soruşduqda X1 asılı olduğunu bildiriblər. Hal-hazırda cavabdeh orada arenaya məxsus olan köhnə, istifadə edilməyən əşyaları saxlayır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyeyestrindən verilmiş RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 327.1 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə **********83-06301-083001 reyestr nömrəsi ilə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 179 nömrəli reyestr kitabında 16834 nömrəli vərəqdə qeydiyyata alınmışdır. - ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin texniki pasportunun surətindən görünür ki, qeyri-yaşayış sahəsi birinci mərtəbənin bir hissəsində yerləşir. Tikilinin sahəsi 327.1 kv.metr təşkil edir. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən 327.1 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ASC iddiaçıya məxsus əmlaka hər hansı hüquqları müəyyən edilmədən, iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan yerləşməklə, həmin əmlakdan istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Onun xüsusi mülkiyyətində olan əmlaka dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə olduğu təqdirdə məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh qeyd olunan əmlakdan çıxarıldılmalı, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməli və iddiaçının ona məxsus əmlakdan istifadə, sahiblik hüquqlarına cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 327.1 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən Cavabdeh ASC məcburi qaydada çıxarılmalı, qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməli və “İddiaçı həmin qeyri-yaşayış sahəsindən istifadəsinə Cavabdeh ASC tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 327.1 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən Cavabdeh ASC məcburi qaydada çıxarılsın və qeyriyaşayış sahəsi İddiaçı təhvil verilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 327.1 kv.metr sahədən ibarət olan qeyri-yaşayış sahəsindən istifadəsinə Cavabdeh ASC tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar