Məhkəmə qərarları › İş №2(007)-1451/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1451/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1451/2022 20.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştiraklı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 27 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən (hazırkı “Yelo Bank’' ASC) illik 30 faizlə 25 ay müddətinə 2550 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 27 iyun 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmış və Zamin kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 04-dək Cavabdeh1 banka 27 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə 250,38 AZN əsas borc, 77,69 AZN faiz borcu, 7,45 AZN cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 84,5 AZN əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 420,02 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd edilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 27 iyun 2014cü il tarixli kredit müqaviləsi üzrə 250,38 AZN əsas borc, 77,69 AZN faiz borcu, 7,45 AZN cərimə borcu və xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 faizlə hesablanmaqla 84,5 AZN əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 420,02 AZN kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. 23 may 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir və əlavə olaraq bildirir ki, Cavabdeh1 ilə birlikdə Polis Akademiyasında oxuduqları zaman ona illik təhsil haqqını ödəyə bilmədiyini bildirmiş və onun kredit məbləği götürdüyü zaman zamin durmağını xahiş etmişdir. O, hazırda Cavabdeh1 axtarır, lakin tapmır. Cavabdeh1 Azərbaycanda deyil və Cavabdeh1 kredit məbləğini geri qaytarmağa imkanı çatır. Onun himayəsində iki azyaşlı körpə övladı var. Kredit məbləğini ödəyə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edib, iddia tələbinin artırılmasına dair ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayədəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-Z-1-0- 1277-14 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərtilə, 2550 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə pulu "xxxx" İKB ASC-dən almışdır; - "xxxx" İKB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6- Z-1-0-1277-14 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 250,38 manat əsas borcu, 77,69 manat faiz borcu, 7,45 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 84,5 manat olmaqla, cəmi 420,02 manat borcu vardır; - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 illik 30 faiz ödəmək şərti ilə 24 ay müddətinə 2550 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin o, müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, Cavabdeh1 250,38 manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətnin bitdiyi xx.xx.2016-cı il tarixinə 77,69 manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 84,5 manat faiz borcu və 7,45 manat cərimə borcu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. MM-nin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə zamin Nəcəfov X2 Zaur Rasim oğlunun kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Qeyd olunan müqavilə 24 ay müddətinə bağlanılmışdır. Qanunvericiliklə müəyyən edildiyi kimi bank zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. Hazırkı halda isə bank xx.xx.2016-cı il tarixdən sonra zamin Cavabdeh2 zaminlik müqaviləsi üzrə öhdəliyinin icrası üçün müddəti göstərməmiş və öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bir il ərzində, yəni xx.xx.2017-ci il tarixinə kimi məhkəmədə iddia qaldıra biləcəyi halda xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinə xitam verilmişdir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə, Cavabdeh2 xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh1 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 250,38 manat əsas borc, 77,69 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 84,5 manat faiz borcu və 7,45 manat cərimə borcu, cəmi 420,02 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 250,38 manat əsas borc, 77,69 manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 84,5 manat faiz borcu və 7,45 manat cərimə borcu, cəmi 420,02 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASCnin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar