Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1470/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri ucbatından ona vurulmuş 3697.55 manat ziyanın və dövlət rüsumu olan 57 manat məbləğində vəsaitin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək Cavabdeh təqsiri ucbatından ona vurulmuş 4217.45 manat ziyanın və dövlət rüsumu olan 57 manat məbləğində vəsaitin cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus olan 2019-cu il buraxılışlı, mavi metallik rəngli «Ravon Nexia R3 CDX minik» minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilini 25 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində üzü A.Cəlilov küçəsinə doğru yolun sağ kənarında saxlayaraq sükanın arxasından aşağı enib yük yerindən ayaqqabısını götürüb yaxınlıqda olan restorana rəfiqəsinin yanına getmişdir. O, restoranda olarkən zərbə səsi eşitmişdir. Restoranda olan xidmətçilər ona yol hadisəsi baş verdiyini bildirmişlər. O, həmin vaxt restorandan çıxıb və yol kənarında «QAZ 3110» markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin bir neçə avtomobilə dəyərək onun avtomobilinin arxa hissəsi ilə toqquşaraq dayanmasını gördü. Nəticədə onun avtomobilinin bir çox hissələri sıradan çıxmışdır. Biləsuvar "xxxx" ASC-də avtomobilə keçirilmiş baxışa əsasən 02 mart 2023-cü il tarixli Ziyan Aktı tərtib edilmiş və ona məxsus «Ravon Nexia R3 CDX minik» minik markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə 5.364 manat məbləğində maddi ziyan vurulması göstərilmişdir. Həmçinin ziyan aktında dəymiş ziyandan əlavə digər xərclərin də çıxa biləcəyi də qeyd edilmişdir. Xətai Rayon DYPŞ-nin qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 60 (altımış) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edir ki, "xxxx" tərəfindən ona 1666.45 manat pul ödənilmişdir. Yerdə qalan 3697.55 manat məbləği o, Cavabdeh dəfələrlə tələb etsə də cavabdeh həmin məbləği ona ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini artırılmış həcmdə müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, hadisə xx.xx.2022-ci ildə baş verib. Cavabdeh 5 maşına zərər vurub. Maşını 7 ay servisdə qalmışdır. 5 maşına zərər dəydindiyindən sığorta ona 1666,45 manat ödəyib qalan zərəri cavabdeh ödəməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirdi ki, iddia tələbini qismən qəbul edir. Öz ustası gəlib baxıb, elə də çox ziyan dəyməmişdir. İddia ərizəsində qeyd edilən məbləğlə razı deyil. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Biləsuvar "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə 5364 manat zərər dəymişdir. - Biləsuvar "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ziyan aktından görünür ki, “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə 5884 manat zərər dəymişdir. - 19 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh xəsarət alması barədə toplanmış HK-1/964 saylı material üzrə cinayət təqibi olmadığına görə rədd edilməsi və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə Xətai RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - BB seriyalı 242665 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4707 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4978 manat müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1781 nömrəli rəyindən görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. - PXA126746 nömrəli sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən 1666.59 manat sığorta ödənişi İddiaçı hesabına köçürülməsi qərara alınmışdır. - 03.04.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 57 manat və 6 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində “QAZ 3110” markalı, ** LV *** qeydiyyat nişanlı avtomobil sabit dayanan “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** qeydiyyat nişanlı avtomobilə dəyərək yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəticədə “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bir neçə maşına zərər dəydiyi üçün "xxxx" ASC tərəfindən iddiaçıya icbari sığortaya görə 1666.59 manat məbləğində zərərin əvəzi ödənilmişdir. Hazırda iddiaçı 4217.45 manat məbləğində zərərin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “QAZ 3110” markalı, ** LV *** qeydiyyat nişanlı avtomobil sabit dayanan “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, cavabdeh tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi zərərin məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilə 5884 manat zərər dəymişdir. Cvabadeh zərərin məbləği ilə razılaşmadığı üçün və tərəflər arasında məbləğlə bağlı mübahisə yarandığından, məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, xx.xx.2023-cü il tarixli, 9/4707 nömrəli ekspert rəyi ilə 2019-cu il buraxılışlı, “Ravon Nexia R3 CDX minik” markalı, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4978 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş sığorta aktına əsasən və tərəflərin də bildirdiyi kimi icbari sığortaya görə İddiaçı 1666.59 manat məbləğində zərərin əvəzi ödənilmişdir. Məhkəmə, məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi zərərin məbləği məhz məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 4978 manat məbləğində zərərdən "xxxx" ASC tərəfindən ödənilmiş 1666.59 manat məbləğində pul çıxılmalıdır və zərərin əvəzi olaraq 3311.41 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 63 manat dövlət rüsumunun 49.46 manatı Cavabdeh, 13.54 manatı İddiaçı aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3311.41 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 117.77 manatı Cavabdeh və 32.23 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3311.41 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 63 manat dövlət rüsumunun 49.46 manatı Cavabdeh, 13.54 manatı İddiaçı aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 150 manatın 117.77 manatı Cavabdeh və 32.23 manatı İddiaçı tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1470/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1470/2023
07.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver