Məhkəmə qərarları › İş №2(007)-1480/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1480/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1480/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” QSC-nin Cavabdeh qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC Cavabdeh qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” QSC ilə 12 fevral 2020-ci il tarixdə bağladığı 056A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4900 (dörd min doqquz yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 14 iyul 2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 490,51 manat ödəniş etmiş və onun iddiaçıya 4409,49 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, borclu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 12 yanvar 2021-ci il tarixə 182 gün üçün hesablanmış faiz borcu 480,61 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 12 yanvar 2021-ci il tarixə 182 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 984,28 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Buna görə də, Cavabdeh ilə “xxxx’' QSC arasında bağlanmış 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh “xxxx” QSC-nin xeyrinə 4409,49 manat məbləğində kredit borcu, 480,61 manat məbləğində faiz borcu və 984,28 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 5874,38 (beş min səkkiz yüz yetmiş dörd manat, otuz səkkiz qəpik) manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı “xxxx” QSC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, bank tərəfindən verilmiş iddia ərizəsinin “Xahiş edirik” hissəsində Cavabdeh ilə bağlanmış 056A********** saylı kredit müqaviləsinin tarixinin texniki səhvə yol verilərək “12 fevral 2019-cu il” kimi göstərildiyini bildirmiş, bununla əlaqədar həmin müqavilənin tarixinin “12 fevral 2020-ci il” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında göstərdi ki, “xxxx” QSC ilə 12 fevral 2020-ci il tarixdə bağladığı 056A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1,9167% olmaqla 36 ay müddətinə, kredit müqaviləsi üzrə hissə-hissə qaytarmaq şərti ilə 4900 (dörd min doqquz yüz) manat məbləğində, öz işi ilə əlaqədar olaraq bankdan kredit götürmüşdür. Təxminən 950 manat ödəniş etdikdən sonra maddi çətinlikləri olduğu üçün ödəniş edə bilməmişdir. Göstərdiklərinin nəzərə alınmasını və ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -“xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli, 056A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə, aylıq 1,9167 faiz ödəmək şərti ilə 4.900 manat məbləğində kredit verilmişdir. Cavabdeh 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -Məhkəməyə təqdim edilmiş “xxxx” QSC-nin hesabdan çıxarışından görünür ki, kredit müqaviləsi üzrə 4.900 manat məbləğində pul “xxxx” QSC tərəfindən Cavabdeh hesabına köçürülmüşdür; -“xxxx” QSC-nin 15 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; -24 yanvar 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -“xxxx” QSC-nin 28 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 056A********** nömrəli kredit müqaviləsi üzrə 28 yanvar 2021-ci il tarixinə 4409,49 manat əsas borcu, 480,61 manat faiz borcu, 984,28 manat cərimə borcu (gecikdirilmiş 182 gün üçün) olmaqla, cəmi 5874,38 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2020-ci il tarixli, 056A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.9167% olmaqla, 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4900 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “xxxx” QSC ilə bağladığı 12 fevral 2020-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Məhkəmə tədqiqinə əsasən məhkəmə belə qənaətə gəlir ki, tələb olunan əsas borcun və faiz borcunun tutulması üçün qanuni əsaslar vardır, lakin işin halları nəzərə alınaraq, iddiaçının tələb etdiyi 984,28 manat cərimə (dəbbə pulu) 4409,49 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Cərimə məbləğinin tamamilə silinməsi barədə cavabdehlərin göstərdiklərinin isə əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” QSC ilə Cavabdeh arasında bağlanılmış 12 fevral 2020-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh “xxxx” QSC-nin xeyrinə 4409,49 manat məbləğində əsas borc, 480,61 manat məbləğində faiz borcu və 98 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4988,10 manat məbləğində borc və iddiaçı “xxxx” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ondan iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” QSC ilə Cavabdeh arasında bağlanılmış 12 fevral 2020-ci il tarixli, 056A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh “xxxx” QSC-nin xeyrinə 4409,49 (dörd min dörd yüz doqquz manat, qırx doqquz qəpik) manat məbləğində əsas borc, 480,61 (dörd yüz səksən manat, altmış bir qəpik) manat məbləğində faiz borcu və 98 (doxsan səkkiz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4988,10 (dörd min doqquz yüz səksən səkkiz manat, on qəpik) manat məbləğində borc və iddiaçı “xxxx” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar