Məhkəmə qərarları › İş №2(007)-1482/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1482/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1482/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı "İddiaçı" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "İddiaçı" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 08 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 40 faizlə 12 ay müddətinə 464 manat kredit götürmüşdür. “FİNtrend" Bank olmayan Kredit təşkilatı ilə “xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 491 №-li 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 14 fevral 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il dekabrın 15-dək Cavabdeh banka 08 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 57,01 manat əsas borc, 12,69 manat faiz borcu və 45,14 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 114,84 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 57,01 manat əsas borc, 12,69 manat faiz borcu və 45,14 manat cərimə borcu olmaqla, cəmi 114,84 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, izahatında bildirdi ki, imkanı olmadığına və işləmədiyinə görə kredit borcunu ödəyə bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 08 fevral 2019-cu il tarixli 56-0***-******* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh “FinTrend” Bank olmayan Kredit təşkilatından illik 40 faizlə 12 ay müddətinə 464 manat kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12 ay müddətinə illik 40 faiz dərəcəsi ilə 464 manat krediti hər ayın 08-dən gec olmayaraq 47.55 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 08 fevral 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “Fintrend” Bank olmayan Kredit təşkilatı tərəfindən Cavabdeh 464 manat məbləğində pul verilmişdir. İş materiallarında olan "FinTrend” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli sazişdən görünür ki, 001 №-li 25 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh ilə “FinTrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan İddiaçı ASC-nin 14.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 08 fevral 2019-cu il tarixli 56- 0***-******* saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 15.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 15.12.2020-ci il tarixə İddiaçı ASC-yə 57,01 manat əsas borc, 12,69 manat faiz borcu və 45,14 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 114,84 manat borcu vardır. İş materiallarında olan 17.12.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 20,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş notarial qaydada təsdiq olunmuş çıxarışdan görünür ki, 21.11.2019-cu il tarixdən “xxxx” İKB ASC-nin adı dəyişdirilmiş və İddiaçı ASC adlandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2019-cu il tarixli 56-0***-******* nömrəli razılaşmadan görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 40% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 464 (dörd yüz ltmış dörd) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 57,01 manat əsas borc, 12,69 manat faiz borcu və 45,14 manat cərimə borcu qalmışdır. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 08 fevral 2019-cu il tarixli 56-0***-******* nömrəli razılaşma üzrə 45 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 45 manat məbləğində dəbbə pulu azaldılmalı və 05 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 57.01 (əlli yeddi manat bir qəpik) manat əsas, 12.69 (on iki manat altmış doqquz qəpik) manat faiz borcu, 05 (beş) manat cərimə, cəmi 74.70 (yetmiş dörd manat yetmiş qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 08 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 57.01 (əlli yeddi manat bir qəpik) manat əsas, 12.69 (on iki manat altmış doqquz qəpik) manat faiz borcu, 05 (beş) manat cərimə, cəmi 74.70 (yetmiş dörd manat yetmiş qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu "İddiaçı" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar