Məhkəmə qərarları › İş №2(007)-1485/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1485/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1485/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9.100 (doqquz min yüz) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 17 iyun 2017-ci il tarixdə 17 iyul 2017-ci il tarixə qədər məbləği qaytarmaq şərti ilə 8 000 manat (bununla bağlı notariusda aralarında kredit müqaviləsi bağlanmışdır) pul və 1 100 (bir min yüz) manat əlbəəl pul vermişdir. Cavabdeh pulun ona qaytarılması məqsədi ilə sözlər versə də lakin bu günə qədər ona olan borcunu qaytarmaqdan imtina edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı 8 000 manat məbləğində pulu borcalan Cavabdeh vermis, borcalan isə həmin məbləği 17 iyul 2017-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı 8 000 manat məbləğində pulu borcalan Cavabdeh vermiş, borcalan isə həmin məbləği 17 iyul 2017-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh həmin borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, iddiaçı cavabdehə nağd olaraq 8 000 manat məbləğində borc vermiş, cavabdeh 17 iyun 2017-ci il tarixdə imza edərək həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Müəyyən müddətdən sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı cavabdehdən ümumilikdə 9100 manat məbləğində pul tələb etmişdir. Həmin məbləğin 8 000 manatı 17 iyun 2017-ci il tarixli müqavilə üzrə tələb olunur, hansı ki məhkəmə artıq həmin məsələyə hüquqi qiymət vermişdir. İddiaçı qalan 1100 hissəsini əlbəəl verdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, idda tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8000,00 (səkkiz min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000,00 (səkkiz min) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar