Məhkəmə qərarları › İş №2(007)-1487/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1487/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1487/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin yanvar ayının sonlarında tanış olmuşdur. Sonra aralarında yaxın münasibət yaranmışdır. Cavabdeh onların yaxın münasibətlərindən istifadə edərək ondan 5000 (beş min) manat məbləğində borc istəmişdir. Lakin o, bildirmişdir ki, o qədər pulu yoxdur. Buna cavab olaraq Cavabdeh ona bankdan kredit götürməyini və həmin pulu özü ödəyəcəyini bildirmişdir. Eyni zamanda demişdir ki, ona borc pul verməsə, Lerik rayonuna qayıtmalı olacaq və onlar bir daha görüşməyəcəklər. Daha sonra o, Azərbaycan Beynəlxalq Bankından 5800 (beş min səkkiz yüz) manat məbləğində pul götürmüş və buna dair xx.xx.2022-ci il tarixli CL-EE000165759 saylı kredit müqaviləsi bağlamışdır. Bundan sonra götürdüyü 5000 (beş min) manatı kartından onun kartına yollamış, 800 (səkkiz yüz) manatı isə nağd şəkildə vermişdir. O, cavabdehdən pulunun ona qaytarılmasını tələb etdikdə onu hər dəfə aldatmış və axırıncı dəfə ondan pulu istədikdə ona bildirmişdir ki, “sənə veriləcək pulum yoxdur”. Odur ki, Cavabdeh borc öhdəliyini icra etmədiyindən o, pozulmuş hüquqlarının bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh onun xeyrinə 5800 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək göstərdi ki, o, məhkəməyə əlavə olaraq kredit kartından çıxarışını təsdiq edir. Cavabdehə daha əvvəllər "xxxx" ASC-dən 4000 manat kredit götürüb vermiş, sonuncu həmin pulu ona qaytarmışdır. Hazırkı "xxxx" ASC-dən götürdüyü 5.800 manat pulu ona qaytarmamışdır, o, pulu cavabdehin "xxxx" ASC-yə məxsus kart hesabına göndərmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib verdiyi izahatında göstərdi ki, iddia tələbi ümumilikdə əsassızdır, iddiaçı ilə onların arasında əvvəllər sevgi münasibətləri olmuş, lakin sonradan münasibətləri pozulduğu üçün iddiaçı ona qarşı bu cür hərəkətlərə yol vermişdir. İddiaçı daha əvvəllər də ayrıldığı üçün ondan polis bölməsinə şikayət etmiş, daha sonra əsəbi olduğu üçün polisə şikayət etdiyini bildirib, şikayətini geri götürmüşdür. O, iddiaçıdan 5800 manat pul almamışdır, buna aid hansısa sübut da yoxdur, sonuncu dəfə iddiaçı ondan şikayət edən zaman polis bölməsində iddiaçının ona aldığı hədiyyələri belə geri qaytarmışdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli, CL-EE000165759 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, illik 19.9 faizlə, 5800 manat kredit verilmişdir. Borclu qeyd olunan məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 759 saylı arayışdan görünür ki, İddiaçı ona bank tərəfindən verilmiş 5800 manat kredit borcunu tam şəkildə ödəmişdir və xx.xx.2023-cü il tarixdə onun bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. - Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı S.Ə.Usubov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. - Məhkəmənin qərardadına cavab olaraq verilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, PB-OUT-07534-2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən və məhkəmə qərarının icrasının nəticəsi olaraq bildirilmişdir ki, Cavabdeh məxsus bank hesabına İddiaçı məxsus bank kartından hər hansı vəsaitin göndərilməsinə dair əməliyyat aşkar olunmamışdır. - xx.xx.2023-cü il tarixli, 27384 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 78 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Hazırkı tələb üzrə İddiaçı "xxxx" ASC-dən kredit götürdüyü 5.800 manat pul vəsaitini Cavabdeh verdiyini göstərsə də, buna dair sübutunu təqdim etməmişdir. Həmçinin, iddiaçının vəsatəti əsasında məhkəmə tərəfindən cavabdehə iddiaçının hesabından pul vəsaitinin göndərilib-göndərilməməsini müəyyən etmək məqsədilə "xxxx" ASC-yə sorğu verilmiş və sorğuya cavab olaraq, cavabdehin kart hesabında belə əməliyyatın aşkar olunmadığı qeyd edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi həmin dəlillər iddianı əsaslı edəcək mötəbər sübut qismində qəbul edilə bilməz, ümumilikdə isə iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “Cavabdeh onun xeyrinə 5800 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “Cavabdeh onun xeyrinə 5800 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 78 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar