Məhkəmə qərarları › İş №2(007)-1487/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1487/2025

19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1487/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının dəyişdirilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 17 sentyabr 2015-ci il təvəllüdlü X5 və 15 sentyabr 2018-ci il təvəllüdlü X1 18 yaşa qədər saxlanılması üçün ödədiyi alimentin məbləğinin dəyişdirilərək hər ay, hər uşaq üçün 247 manat, cəmi 492 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində qeydə aldırmaqla nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki uşaqları var. Sonradan ailədə yaranan problemləri ilə əlaqədar Masallı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-37-06 saylı qərarı ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində bağlanmış 13 saylı nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 onun İddiaçı yanında saxlanılmışdır. Məhkəmədən öncə tərəflər arasında mediasiya prosessində alimentlə bağlı məsələdə razılığa gəldiklərinə görə məhkəmə tərəfdən bu məsələ müzakirə edilməmişdir. Mediasiya təşkilatında aralarında bağlanılmış sazişə əsasən Cavabdeh hər uşağın saxlanılması üçün hər ay onun xeyrinə 120 manat, cəmi 240 manat aliment ödəyir.

İş materialları :

3. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(050)-3706/2023 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində bağlanmış, 13 saylı nikahın pozulması, 17 sentyabr 2015-ci il təvəllüdlü X5 və 15 sentyabr 2018-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir.

4. “Mediasiya Şurası” Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/2/2024-00026 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də, hər iki tərəf razılığa gələ bilmədikləri üçün mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün mediasiya prosesi davam etdirilməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat ödəmişdir.

5. “Mediasiya Şurası” Masallı 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli MŞM/MT 036/2023-00114 nömrəli “Barışıq Saziş”indən görünür ki, tərəflər bu sazişi imzaladıqdan sonra birinci tərəf Cavabdeh bu sazişi imzaladıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 hər ay yetkinlik yaşına çatana kimi 120 manat, yəni iki uşağa görə 240 manat aliment pulunu ödəməyə, birinci tərəf Cavabdeh bu sazişi imzaladıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018ci il təvəllüdlü 2-ci tərəf yəni anası İddiaçı yanında qalmasına razılıq verməsi, ikinci tərəf İddiaçı bu sazişi imzaladıqdan sonra birinci tərəf, yəni Cavabdeh övladları olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 həftənin şənbə bazar günləri 12:00-dan 17:00-a kimi görməsinə vaxt keçirməsi barədə razılığa gəlmişlər.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul edərək hər ay iki uşaq üçün ümumilikdə 400 manat aliment ödəməyə maddi imkanı olduğunu bildirmişdir.

İşin faktiki halı :

8. İddiaçı ilə Cavabdeh 21 may 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və tərəflərin birgə nikahdan 17 sentyabr 2015-ci il təvəllüdlü X5 və 15 sentyabr 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur.

9. Tərəflər arasında bağlanılmış nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(050)-3706/2023 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar İddiaçı yanında saxlanılmışdır.

10. Tərəflər arasında “Mediasiya Şurası” Masallı 1 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli MŞM/MT 036/2023-00114 nömrəli “Barışıq Sazişi” bağlanılmış və Sazişə əsasən tərəflər Cavabdeh tərəfindən saziş imzalandıqdan sonra xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 hər ay yetkinlik yaşına çatana kimi 120 manat, yəni iki uşağa görə 240 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər.

11. İddiaçı Barışıq Sazişi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün Mediasiya Təşkilatına müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə edilmədiyi üçün iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək hər uşağa görə hər ay 247 manat aliment məbləğinin müəyyən edilməsini xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

13. Azərbaycan Respublikası Konstitusiyasının :

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. 94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. 95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.

16. Uşaq Hüquqları haqqında Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı.

18. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu : 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. İddiaçı Cavabdeh qarşı olan “alimentin miqdarının dəyişdirilməsi” tələbini uşaqların tələbatlarının artması və ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır

21. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

22. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.

23. İşin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatında MŞM/MT 036/2023-00114 saylı “Barışıq Sazişi” bağlanmış və həmin sazişə əsasən tərəflər birgə nikahdan anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə cavabdehdən aliment tutulması və tutulmalı olan alimentin miqdarı barədə razılığa gəlmişlər. İddiaçı həmin sazişlə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün cavabdehə mediasiya təklifi göndərmiş, lakin tərəflər arasında razılıq əldə edilməmiş və iddiaçı sazişlə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

24. İşin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 95.4-cü maddəsi nəzərdən keçirilə bilər.

25. Ailə Məcəlləsinin 95.4-cü maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.

26. Qanunverici, prinsip etibarı ilə alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti saziş ilə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində əsaslı dəyişiklik olduğunun sübuta yetirilməsidir.

27. İddiaçı tərəfindən tərəflər arasında MŞM/MT 036/2023-00114 nömrəli xx.xx.2023cü il tarixli barışıq sazişi bağlanıldıqdan sonra tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olmasına dair sübut təqdim edilməmişdir.

28. İddiaçının iddia tələbinin əsaslandırılmasından da görünür ki, iddiaçının hazırki iddia tələbinin faktiki əsasını uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması təşkil edir. Belə olan halda nəzərə alınmalı məqam ondan ibarətdir ki, tərəflər arasında barışıq sazişi bağlanılan zaman ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləği 220 manat olmasına baxmayaraq, tərəflərin qarşılıqlı iradə ifadəsi nəticəsində saziş bağlanılaraq alimentin miqdarı 120 manat məbləğində müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən tərəflərin ailə və maddi vəziyyətində əsaslı dəyişikliyə dair məhkəməyə sübut təqdim edilməmişdir.

29. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 95.4-cü maddəsinin dispozisiya şərtləri baxımından alimentin miqdarının artırılması üçün əsaslar sübuta yetirilməsə də, məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul edərək, uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir.

30. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarı ilə formalaşdığı hüquqi mövqeyə əsasən, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

31. Məhkəmə qeyd edir ki, 17 sentyabr 2015-ci il təvəllüdlü X2 və 15 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində aliment təyin edilməsi qanuni və əsaslıdır.

32. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 1.2.3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir.”

33. Beləliklə məhkəmə qeyd edir ki, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqe saziş üzrə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair işlər üzrə analoji qaydada tətbiq edilməli və hazırki mülki üş üzrə alimentin dəyişdirilmiş məbləği iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri :

34. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

36. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək qeyd edir ki, hazırki iddia tələbi üzrə saziş ilə müəyyən edilmiş alimentin məbləği 160 (hər uşaq üçün 80 manat) manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1920 manat (160x12=1920) müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən dövlət mədaxilinə 39.20 manat məbləğində dövlət rüsumu alınmalıdır.

37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

38. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci (50 manat) hazırki mülki iş üzrə hesablanmış dövlət rüsumunun məbləğindən (30 manat) çox olduğu üçün mülki iş üzrə dövlət rüsumu tutulmamalıdır. Nəticə :

39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar