Məhkəmə qərarları › İş №2(007)-1493/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1493/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1493/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ċavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ċavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 19 faizlə 24 ay müddətinə 125000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 23 oktyabr 2017-cı il tarixli 2(077)- 4359/20l7 saylı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh "Nikoyl İKB ASC-nin (“Yelo Bank" ASC) xeyrinə ümumilikdə cəmi 114299,62 ABŞ dolları borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 540/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək tutulmalı olan faiz borcunun məbləği 15389,26 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(102)-4784/2018 saylı qərarı ilə təmin edilməmişdir. Ümumilikdə cavabdehdən tutulan borcun məbləği 105297,66 ABŞ dolları olmuşdur. Hazırda 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün xx.xx.2021 ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 17343 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 17343 (on yeddi min üç yüz qırx üç) ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş mliddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd edilənlərə əsasən Cavabdeh “Yelo Bank" ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 17343 (on yeddi min üç yüz qırx üç) ABŞ dolları məbləğində əldən çıxmış fayda borcunun və 178,45 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı 24 oktyabr 2014-cü il tarixli kredit müaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 17343 ABŞ dolları məbləğində əldən çıxmış fayda bocunun və 178,45 manat ödənilmiş dövlət rüsmunun tutulması barədə iddiası aşağıdakılara görə təmin edilə bilməz: 1. İddiaçı ondan əldən çıxmış faydaya görə pul tələb edir. Ancaq Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 2. Bakı şəhəri Nizami Rayon Məhkəməsi inzibati xətaya dair iş üzrə 3(007)149/2019 saylı qərarı ilə Nizami rayon İcra Şöbəsininin onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi barədə təqdimatını təmin etmədən işin icraatına xitam verərək belə nəticəyə gəlmişdir ki, məhkəmə qətnaməsini üzürsüz səbəblərdən yerinə yetirməməyi sübuta yetirilmir. Məsuliyyətə cəlb edilməyi üçün İXM-nin 3-cü maddəsi ilə müəyyən edilmiş hüquqi əsaslar yoxdur. Əməli törətməkdə təqsirli deyil. O, məşğulluq xidmətində işlə təmin olunmaq üçün qeydiyyatdadır. Ailələrində işləyən, qazanc əldə edən yoxdur. Xəstəliklə bağlı səhətində problemlər var. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-540/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4359/2017 saylı 23 oktyabr 2017-ci il tarixli qətnaməsi “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı “Nikoyl" İKB ASC-nin xeyrinə tutulmalı olan faizin məbləği 15389,26 ABŞ dolları müəyyən edilməsi və həmin məbləğin tutulması ödəniş gününə manata olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki Kollegiyasının 2(102)-4784/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollediyasının 2(103)- 540/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-149/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, KBD20466 saylı bildirişindən görünür ki, cavabdeh, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən banka olan əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) kimi 17343 ABŞ dolları borcun 5 gün müddətində ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli KBD3819 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "Nikoyl” İKB ASC (hazırkı "xxxx" ASC) tərəfindən xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 19 faizlə 24 ay müddətinə 125000 (yüz iyirmi beş min) ABŞ Dolları məbləğində kredit verilmişdir. 20 oktyabr 2021-ci il tarixinə Cavabdeh illik 5 %-lə hesablanmış 17343 (on yeddi min üç yüz qırx üç) ABŞ dolları borcu vardır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 178,45 manat dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-540/2018 saylı xx.xx.2018-ci il tarixli ilə müəyyən edilmişdir ki, 1-S-4-0-1169-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 125000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh "xxxx" İKB ASC-nin xeyrinə 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 88408,4 ABŞ dolları əsas, 24391,22 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə, cəmi 114299,62 ABŞ dolları məbləğində (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-540/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4359/2017 saylı 23 oktyabr 2017-ci il tarixli qətnaməsi “cavabdehdən faiz borcunun tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı “Nikoyl" İKB ASC-nin xeyrinə tutulmalı olan faizin məbləği 15389,26 ABŞ dolları müəyyən edilməsi və həmin məbləğin tutulması ödəniş gününə manata olan məzənnə ilə həyata keçirilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda isə ididaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ödənilməli olan borcun vaxtından ödənilməməsi ilə banka zərər vurduğunu qeyd etmiş və gecikdirilmiş vaxt üçün yaranmış borcun ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə qeyd edir ki, “Nikoyl" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehin ümumilikdə 105297,66 ABŞ dolları borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən həmin müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş edilmişdir. Cavabdeh məhkəməyə etirazla müraciət edərək, borcunu üzrsüz səbəbdən icra etmədiyi ilə bağlı iddiaçı tərəfin iddialarının düzgün olmadığını və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə onun Bakı şəhəri Nizami rayon İcra Şöbəsininin İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi barədə təqdimatını təmin etmədiyini göstərmişdir. Lakin qeyd edilməlidir ki, həmin qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir və hazırkı vaxtda borclunun borcun ödənilməsində yayınması iş materialları ilə müəyyən edilmişdir. Bundan başqa, cavabdeh məşğulluq xidmətində işlə təmin olunmaq üçün qeydiyyatda oduğunu, ailələrində işləyən, qazanc əldə edən olmadığını və xəstəliklə bağlı səhətində problem olduğunu qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz borcu tələbi etmək hüququ əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ondan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il tarixli kredit müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 17343 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində pul və ödənilmiş 175,45 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il tarixli kredit müqavilə üzrə gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 17343 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) məbləğində pul və ödənilmiş 175,45 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar