Məhkəmə qərarları › İş №2(007)-1512/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1512/2023

12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1512/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ali təhsil xərclərinin qarşılamaq üçün aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 220 manat aliment və xx.xx.2001-ci il təvəllüdlü X4 ali təhsil xərclərinin qarşılanması üçün hər ay 150 manat, cəmi 370 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-1127/2014 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və Cavabdeh ilə Məmmədova (İsmayılova) Vüsalə Məmməd qızı arasında Bakı şəhəri Nizami rayon VVAQ şöbəsində xx.xx.2000-ci il tarixdə bağlanmış 686 saylı nikah qeydiyyatının pozulması, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X3 anaları Məmmədova (İsmayılova) Vüsalə Məmməd qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, aylıq qazançının 1/3 hissəsi miqdarında aliment, 10 fevral 2014-cü il tarixdən başlayaraq Məmmədova (İsmayılova) Vüsalə Məmməd qızına verilməsi qət edilmişdir. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cür ödəmir. Qızı X1 Dövlət Tib Universitetinin stamatologiya fakültəsində oxuyur, onun təhsili üçün də maddi cəhətdən çətinlik çəkir. O, «Mediyasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə əsasən ilkin mediyasiya sessiyasında iştirak etmiş və cavabdeh ilə xx.xx.2023cü il tarixdə Mediasiya Şurasında aralarında barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən cavabdeh 220 manat alimentin ödənilməsinə və X4 ali təhsil xərclərinin qarşılaması üçün hər ay əlavə 150 manat ödənilməsinə razılıq vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(007)-1512/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və ali təhsil xərclərinin ödənilməsi ” tələbi üzrə mülki işin icraatına “ali təhsil xərclərinin ödənilməsi” hissəsində xitam verilməsi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” hissəsinə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılmasının davam etdirilməsi, işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsinin tərəflərə izah edilməsi, iddiaçıya Bakı 1 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişinin şərtlərinə əməl edilmədiyi təqdirdə iddiaçının aidiyyət üzrə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, 2014-cü il tarixdən bəri alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının vaxtı qrafik üzrə onun iş vaxtı ilə üst-üstə düşdüyündən prosesdə iştirak etmək imkanının olmayacağını, xx.xx.2023-cü il tarixli prosesdə iştirak edən vaxt dediklərində israrlı olduğunu, heç bir əlavə etmək fikrinin olmadığını, alimentin artırılması ilə bağlı tərəfin qaldırdığı iddiaya heç bir etirazının olmadığını, iddia edilən alimentin miqdarı ilə razı olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini və 220 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə, işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Tərəflər artıq ayrılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(007)-1127/2014 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X3 anaları Məmmədova (İsmayılova) Vüsalə Məmməd qızının yanında saxlanılması, Cavabdeh xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün, aylıq qazançının 1/3 hissəsi miqdarında alimentin, xx.xx.2014-cü il tarixdən başlayaraq Məmmədova (İsmayılova) Vüsalə Məmməd qızına verilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni alimentin hər ay 220 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmiş və tərəflər arasında xx.xx.2023-cü il tarixdə Bakı 1 saylı Mediasiya təşkilatında Barışıq sazişi bağlamışdır. Barışıq sazişində tərəflər bu şərt və üsullarla razılaşmışlar: 1) İkinci tərəf- yəni Cavabdeh X5 adlı övladın ananın- yəni, İddiaçı himayəsində saxlanması və yaşayışı xərclərinin qarşılanması məqsədi ilə hər ay 220 manat məbləğində aliment ödəməyə razılaşır. 2) İkinci tərəf- yəni, Məmmədov X7 Fidan Elxan qızı adlı övladın ali təhsil xərclərini qarşılamaq üçün hər ay 150 manat məbləğində ödənişi İddiaçı ödəməyə razılaşır. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2014cü ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia tələbi təmin edilməlidir. Buna cavabdeh də razıdır və xx.xx.2023-cü il tarixdə Bakı 1 saylı Mediasiya təşkilatında iddiaçı ilə aralarında Barışıq sazişi bağlamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-1127/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, ilkin mediasiya sesiyası üçün 50 manat iddiaçı tərəfindən, tam mediasiyası zamanı 50 manat xərc isə cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan vəsaitlər tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(007)-1127/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat ilkin mediasiya sesiyası üçün mediasiya xərci və Cavabdeh tərəfindən tam mediasiya xidməti üçün 50 manat ödəniş tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar