Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1542/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Füzuli oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2219/20 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Füzuli oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 noyabr 2018-cı il tarixdə 1 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsi tərəfindən onunla Cavabdeh Füzuli oğlu arasında nikah bağlanmışdır. Birgə nihahdan 1 övladları var. xx.xx.2020-cı il təvəllüdlü X4. Ailə münasibətlərini qısa vaxtdan sonra cavabdehin təqsiri üzündən Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh demək olar ki, ailəsinə qarşı çox etinasız olmuşdur. Uşağa isə tək başına baxmaq, onun ehtiyaclarını ödəmək qeyri-mümkündür. Bu səbəbdən də məhkəməyə müraciət edib uşağın saxlanılması üçün aliment tələb etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007 )-02219/20 saylı xx.xx.2020-ci tarixli qətnaməsinə əsasən xx.xx.2020-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 170 manat aliment tutulması qət edilmişdir. Hazırda cəmi 170 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 400 manata qədər xərci çıxır ki. bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Bundan əlavə o, kommunal ödənişlər etmək, bir sıra əlavə xərcləri ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də k, uşağın maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağın normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları, məktəb ləvazimatları tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunları təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hissə edərsə bu zaman uşağı daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək alimentin artırılmasına dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Alcanova (Cəfərova) Mətanət Molla qızı ona, yəni Cavabdeh Füzuli oğluna qarşı “Alimentin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2219/2020 saylı, 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 06 yanvar 2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin Cavabdeh Füzuli oğlundan tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, uşağın saxlanılması üçün cavabdeh müəyyən edilmiş alimentdən başqa heç bir yardım etmir. Uşağın saxlanılması üçün onun hər ay 400 manata yaxın xərci çıxır. Təkbaşına uşağın saxlanılmasında çətinlik çəkir. Uşağın saxlanılmasından əlavə müəyyən kommunal xərcləri və digər ödənişləri edir. Cavabdeh isə aylıq gəliri kifayət qədər yüksək olmasına baxmayaraq uşağın normal yaşaması üçün bunların heç birinə kömək etmir. Ona görə də müəyyən edilmiş alimentin miqdarı artırılmalıdır. İşin 19 iyun 2023-cü il tarixdə baxılması barədə elektron SMS-i almışdır. İşin məhkəmə iclasında baxılması barədə məhkəmə bildirişlərini və iddia ərizəsinin surətini almamışdır. İddia ərizəsinin surətini “Elektron məhkəmə” informasiya sistemində şəxsi kabinet yaratdıqdan sonra əldə etmişdir. İddia tələbini qəbul etmir və aşağıda göstərdiyi hallara və əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi aliment müəyyən edildikdən sonra keçən müddətdə maddi vəziyyətinin ağırlaşdığını, onun isə aylıq gəlirinin kifayət qədər yüksək olmasını göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay ödənildiyindən iddiaçının keçən müddətdə uşağa təkbaşına baxması kimi hallar sübut olunmur. Bildirir ki, onun iddiaçı ilə aralarında qeyd edilmiş nikahları məhkəmə qaydasında pozulduqdan və birgə nikahdan anadan olmuş uşaqlarının 18 yaşı tamam olanadək saxlanılması üçün aliment müəyyən edildikdən sonra o, müddətli əmək müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində dalandar peşəsində işləyirdi və aylıq əmək haqqı 374 manat təşkil edirdi. Əmək müqaviləsinin 16 iyun 2023-cü il tarixdə başa çatdığından xitam verilmişdir və həmin Birliklə aralarında yeni əmək müqaviləsi bağlanmamışdır. Hazırda işsizdir və işaxtaran kimi Dövlət Məşğulluq Xidmətində qeydiyyatdadır. Heç bir fəaliyyətlə məşğul olmadığına görə məhkəmə qətnaməsi ilə qət edilmiş aliment valideynlərinin gəlirləri hesabına ödənilir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində heç bir dəyişiklik baş vermədiyi təqdirdə, bunun əksi olaraq onun ailə və maddi vəziyyəti ağırlaşmışdır. Ailə və mülki prosesual qanunvericiliyin tələbinə görə müəyyən edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İşə baxılarkən iddiaçı tərəfin ailə və ya maddi vəsiyyətində hər hansı bir dəyişikliyin olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsi, bunun əksi olaraq aliment müəyyən edildikdən keçən müddətdə onun ailə və maddi vəziyyətində ağırlaşma istiqamətində dəyişikliklərin olması və bu barədə məhkəməyə təqdim etdiyi sübutları işin faktiki halları kimi işə baxan məhkəmə tərəfindən nəzərə almalıdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını və onun aylıq gəlirinin kifayət qədər yüksək olmasını bildirsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə mənim ailə və ya maddi vəziyyətində ağırlaşma istiqamətində dəyişiklərin olması tam sübut olunur. Göründüyü kimi iddiaçı məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını və mənim aylıq qazancımın kifayət qədər yüksək olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq onun etirazının əsasını təşkil edən sənədlərlə məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətimdə dəyişiklərin olması tam sübut olunur. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı “Alimentin miqdarının artırılması tələbi”nə dair hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası olmadığından və iddia əsassız olduğundan rədd edilməlidr. Ona görə də yuxarıda göstərdiklərini, iddiaçının iddia tələbinin əsası kimi məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra keçən müddətdə onun ailə və ya maddi vəziyyətində dəyişikliyin, onun isə aylıq gəlirinin yüksək olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməməsini və iddia tələbinə qarşı etirazını ona əlavə olunmuş sənədləri nəzərə alaraq iş üzrə tərəflərin təqdim etdikləri sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlara düzgün hüquqi qiymət verilməsini, həmin sübutlardan istifadə edilməsini, iddiaçının ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir hüquqi əsasları olmadığından ona qarşı “Alimentin miqdarının artırılması tələbi”nə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh Füzuli oğlu məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, 8-ci km bazarında fəhlə işləyir. Alimentin artıtırlmasına razı deyil, odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 394346 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh Füzuli oğlu, anası İddiaçıdır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞB/17/2023-00220 saylı arayışdan görünür ki, Cavabdeh Füzuli oğlu 30 mart 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat mediasiya xərci ödəmişdir. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2219/20 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 06 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 iyul 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və 06 yanvar 2020-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. - AZ-İ seriyalı, 379101 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində xx.xx.2021-ci il tarixdə 120 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Cəfərova soyadı verilmişdir. - e-sosialdan çıxarışdan görünür ki, Cavabdeh 14 saylı MKİS-də dalandar vəzifəsinə 16.006.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2219/20 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 06 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 iyul 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və 06 yanvar 2020-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatana qədər hər ay 50 (əlli) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulması qət edilmişdir. cavabdeh alimentin məbləğinin artırılması ilə razı deyil. O, 8-ci km bazarında fəhlə işlədiyini bildirmişdir. Lakin məhkəmə iclasında təqdim olunan fotoşəkillərdən müəyyən edilmişdir ki, o, 8-ci km bazarında satıcı işləyir. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən az olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 06 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 06 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 06 yanvar 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli, 2(007)-2219/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 06 yanvar 2020ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1542/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1542/2023
19.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver