Məhkəmə qərarları › İş №2(007)-1576/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1576/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1576/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh səmimiliyinə inanaraq xx.xx.2021-ci il tarixində 4000 (dörd min) manat məbləğində borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2021-ci il tarixində qaytarmağa söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Qeyd edilənlərə əsasən, Cavabdeh 4000 (dörd min) manat borc və 60 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh oğlu üçün ona pul lazım olduğunu bildirdi. Qayınarvadı ilə onun evinə gəlmişdi. O, cavabdehə 1000 manat pul vermişdir. Sonradan isə cavabdeh yoldaşına demişdir ki, ona əlavə 3000 manat pul lazımdır. O da 3000 manat pulu aparıb maşında cavabdehə vermişdir. Bu zaman cavabdeh 4000 manat pul borclu olduğuna dair qəbzi ona vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçının pulunu qaytarmışdır. Ona təcili pul lazım idi. Qayınıarvadından pul istəmişdir. Lakin onda pul olmadığını bildirdi. Faizə pul verən adam kimi iddiaçını tanıdığını bildirdi. İddiaçının evinə qayınının arvadı ilə birlikdə getmişdir. O, iddiaçıdan pul götdürüyü zaman iddiaçı qeyd etmişdir ki, pulun qarantı kimi bir əşya verməlidir. Lakin onun belə bir əşyası olmadığını bildirdi. Buna görə də, iddiaçı demişdir ki, 2000 manat pul verirsə, qəbzdə 4000 manat borc olduğunu yazmalıdır. Razılığa əsasən o, 2000 manatı ödəməsəydi, əlavə faiz kimi 2000 manat da ödəməli idi. Qəbzdəki imza ona məxsusdur. O, iddiaçıdan aldığı pulu bankdan pul götürüb ödəyirdi. Belə ki, sonuncu 1000 manatı da qayınının evində iddiaçının həyat yoldaşına qaytardı. 2000 manat pul götürmüşdü və 2000 manat pulu da geri qaytarmışdır. İddiaçının həyat yoldaşı borc kağızını məhv edəcəyini demişdir, lakin sonradan xəstələndiyi üçün edə bilməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusu, cavabdeh isə qayınıarvadıdır. Cavabdeh ona pul lazım olduğunu demişdir. O, cavabdehə onda pul olmadığını, lakin qonşusunun faizə pul verdiyini bildirmişdir. Cavabdeh iddiaçıdan pul götürüyü zaman iddiaçı qeyd etdi ki, pulun qarantı kimi bir əşya verməlidir. Lakin cavabdeh belə bir əşyasının olmadığını bildirdi. Pulun 1000 manatını cavabdeh onunla birlikdə iddiaçının həyat yoldaşından götürmüşdür. Qalan 1000 manatı isə iddiaçı özü cavabdehə vermişdir. Cavabdehin heç bir təminatı olmadığı üçün iddiaçı demişdir ki, 2000 manat pul verirsə, 4000 manat borc olduğunu yazmalıdır. Cavabdeh onun kartına hər ay pul köçürürdü. Qızı kartdan pulu götürüb iddiaçının həyat yoldaşına verirdi. Cavabdeh sonuncu dəfə pulu qaytaranda cavabdeh və iddiaçının həyat yoldaşı onun evinə gəldilər. Cavabdeh həyətdə pulu iddiaçının həyat yoldaşına qaytardı. Cavabdehin iddiaçının həyat yoldaşına verdiyi pulun miqdarını görməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən tərtib edilmiş qəbzdən görünür ki, o, Cavabdeh İddiaçı 4000 manat pulu götürmüş və may ayının 10-da qaytarmamağa söz vermişdir. Qəbz xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və imzalanmışdır; -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 27 mart 2022-ci il tarixində Cavabdeh 4000 manat borc pul vermişdir. Cavabdeh 4000 manat pulu İddiaçı almış və bu borcunu 10 mayda geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıdan həmin məbləğdə pulun almasını əlyazması ilə qəbz yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə yazılı qəzb tərtib edərək iddiaçıdan 4000 manat məbləğində pul götürdüyünü və pulu 10 may 2021-ci ildə qaytaracağına söz vermişdir. Məhkəmə iclasında cavabdeh qəbznin onun tərəfindən tərtib edildiyini və qəbzdəki imzanın ona məxsus olduğunu etiraf etmişdir. Hazırda cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçı tərəfindən götürülmüş borc pulun məbləği və həmin borcun ödənilməsi olmuşdur. Belə ki, cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan 2000 manat məbləğində pul götürdüyünu və pulu iddiaçının həyat yoldaşına qaytardığını bildirmişdir. Həmçinin, qəbzdə 4000 manat yazmasının səbəbini isə onunla açıqlamışdır ki, iddiaçı ondan borcun təminatı kimi əşya istəmiş, onda heç bir dəyərli əşya olmadığı üçün iddiaçı borcun 4000 manat yazılmasını tələb etmişdir. O da etiraz etməmişdir. 20 may 2022-ci il tarixli məhkəmə iclasında isə cavabdeh borcun 2000 manat olduğunu, qalan 2000 manatın isə faiz borcu kimi göstərildiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, borcu olan 2000 manatı iddiaçının həyat yoldaşına qaytarmış, lakin iddiaçının həyat yoldaşı vəfat etdiyindən həmin halı təsdiqləyə bilmir. Yeganə adlı şəxsin adına kart hesabı olduğunu və ödənişləri həmin karta köçürdüyünü bildirmişdir. Cavabdeh tərəfindən qeyd edilən halların təsdiq edilməsi məqsədi ilə şahid X1 ifadəsi sübut kimi məhkəməyə təqdim edilmişdir. Şahid öz ifadəsində göstərmişdir ki, cavabdeh iddiaçıdan pul götürüyü zaman iddiaçı qeyd etdi ki, pulun qarantı kimi bir əşya verməlidir. Lakin cavabdeh belə bir əşyasının olmadığını bildirdi. Buna görə də, iddiaçı 2000 manat yerinə, 4000 manat borc olduğunu göstərilməsini, əks təqdirdə pulu verməyəcəyini bildirmişdir. Cavabdeh onun kartına hər ay pul köçürürdü. Qızı kartdan pulu götürüb iddiaçının həyat yoldaşına verirdi. Cavabdeh sonuncu dəfə pulu qaytaranda cavabdeh və iddiaçının həyat yoldaşı onun evinə gəldilər. Cavabdeh həyətdə pulu iddiaçının həyat yoldaşına qaytardı. Cavabdehin iddiaçının həyat yoldaşına verdiyi pulun miqdarı haqqında məlumatı yoxdur. Belə ki, cavabdeh izahatında pulu “Yeganə” adlı şəxsin kartına köçürdüyünü, iddiaçının həyat yoldaşına verdiyini, şahid isə pulun cavabdeh tərəfindən onun kartına köçürüldüyünü, kartdan pulu götürüb iddiaçının həyat yoldaşına verdiyini, onun evində qaytarılmış pulun miqdarı haqqında məlumatı olmadığını bildirmişdir. Göründüyü kimi, pulun iddiaçıya qaytarılması ilə bağlı ziddiyyətli ifadələr verilmişdir. Qeyd etmək lazımdır ki, məhkəməyə kart vasitəsi ilə edilmiş ödənişlərə dair heç bir sübut təqdim edilməmişdir. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçı 4000 manat borc pul götürmüş və borcunu qaytaracağına söz vermişdir. İddiaçı tərəfindən hazırkı iddia qaldırana kimi cavabdeh iddiaçıdan aldığı borc məbləğini mübahisələndirməmişdir. Həmçinin, cavabdeh 2000 manat məbləğində borc pul götürdüyünü, qəbzdə səhv məlumat göstərildiyini, iddiaçıya olan borcunu qaytardığını qeyd etsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmədə şahid kimi dindirilmiş şəxs isə borc pul məbləğinin qaytarılması halını təsdiq edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən cavabdeh borcunun qaytarımasını sübut edə bilməmiş və bu hal məhkəmə araşdırması zamanı öz təsdini tapmayaraq müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4000 manat məbləğində borc və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat məbləğində borc və ödənilmiş 60 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar