Məhkəmə qərarları › İş №2(007)-1582/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1582/2022

02.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1582/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh ilə 19.11.2009-cu il tarixdə rəsmi nikahları qeydiyyata alınıb. Birgə nikahdan 19.08.2010-cu il tarixdə X6 və 16.01.2012-ci il tarixdə X3 anadan olublar.Cavabdeh uşaqlara baxmadığı üçün Quba Rayon Məhkəməsinin 10 mart 2016-cı il tarixli qətnaməsi ilə 19.08.2010-cu il tarixdə doğulan X6 və 16.01.2012-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh 02 fevral 2016-cı il tarixdən hər uşağa görə ayda 80 manat olmaqla, hər ay 160 manat sabit pul məbləğində aliment ona verilməsi qət edilib.Hazırki dövrə qədər cavabdeh öz uşaqlarının saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməyib. Buna görə də alimentin artırılması tələbi ilə məhkəməyə müraciət elmək məcburiyyətindədir. Uşaqların saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşaqların tələbatlarını heç cürə ödəmir.Qeyd olunanlara əsasən 19.08.2010-cu il tarixdə doğulan X4 və 16.01.2012-ci il tarixdə doğulan X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, hazırda aylıq 450 manat məbləğində əmək haqqı alır. Həmçinin Quba Rayon Məhkəməsinin 10 mart 2016-cı il tarixli qətnaməsi ilə 19.08.2010-cu il təvəllüdlü X6 və 16.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 02 fevral 2016-cı il tarixdən hər uşağa görə ayda 80 manat olmaqla, hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilib.O, məhkəmə qətnaməsi ilə qət edilən aliment məbləğini vaxtıvaxtında ödəyir. Hazırda aliment məbləğinin 386 manat təyin edilməsi onun vəziyyətimi daha da ağırlaşdıra bilər. Belə ki, himayəsində olan valideynlərinə də o, baxır. Bundan başqa gəlir yeri yoxdur. Bundan başqa, 20.07.2016-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 09.05.2017-ci il təvəllüdlü X8 adlı və 07.01.2020-ci il təvəllüdlü X9 adlı uşaqları anadan olublar. O, həmçinin bu uşaqlara da baxmalı, onların ehtiyaclarını ödəməlidir. Onun 19.08.2010-cu il təvəllüdlü X6 və 16.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment verməyə gücü çatır. Ondan hər ay 386 manat məbləğində alimentin tutulması onu ağır məhrumiyyətlərə düçar edəcək, ödəyə bilməyəcəyi bir borca çevriləcəkdir. Nəticədə o,aliment ödəyə bilməməsi ilə bağlı həbs olunsa, uşaqları ac qalacaqdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri, digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi, əmlak vəziyyəti. özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması,tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.Ona görə də, iddiaçının ona qarşı alimentin artırılması tələbinə dair iddia tələbinin qismən təmin edilməsini, 19.08.2010-cu il təvəllüdlü X6 və 16.01.2012-ci il təvəllüdlü X1 üçün ondan hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin №2(027)-2016 saylı 10 mart 2010-cu il tarixli qətnaməsindən görünür ki,19.08.2010-cu il təvəllüdlü X6 və 16.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 02 fevral 2016-cı il tarixdən hər uşağa görə ayda 80 manat olmaqla, hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilib. İş materiallaranda olan 22.04.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 06 noyabr 2020-ci il tarixdən hal-hazıradək “X14” MMC-nin nəzarət bölməsində nəzarətçi işləyir.Aylıq əmək haqqı 450 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı qızının himayəsində qalmış uşaqların mənafeyini,eləcə də cavabdehin cəmi 450 manat əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməklə, Quba Rayon Məhkəməsinin №2(027)-2016 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı,tərəflərin birgə nikahdan doğulmuş 19.08.2010-cu il təvəllüdlü X4 və 16.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 150 manat olmaqla, hər ay 300 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.Qalan hissədə iddia təmin olunmamalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin №2(027)-2016 saylı 10 mart 2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahdan doğulmuş 19.08.2010-cu il təvəllüdlü X4 və 16.01.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 150 manat olmaqla, hər ay 300 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar