Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1588/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-987/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyənləşdiyi halda ona müəyyən edilən alimentin məbləği azdır və bununla o, uşağının ehtiyaclarını təmin edə bilmir. Ona görə də alimentin miqdarının artırılmasına ehtiyacı var. Qeyd edilənlərə əsasən Cavabdeh hər ay qızı X1 üçün onun xeyrinə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin artırılması barədə qətnamənin çıxarılmasını xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək qeyd etmişdir ki, uşaq hazırda 2017-cı il tarixdən “ALFA Talassemiya” diaqnozu ilə Talassemiya mərkəzində müalicə olunur. Onun müalicəsinə davamlı olaraq xeyli miqdarda maddi vəsait tələb olunur. Cavabdeh isə uşağın müalicəsi ilə bağlı xərclərdə iştirak etməkdən boyun qaçırır. Uşağın müalicəsi ilə bağlı olan xərclərin tək onun üzərində qaldığına görə müayinə və dərmanların alınmasına tələb olunan xərcləri mütəmadi olaraq ödəyə bilmir. Bu səbəbdən də müalicənin effektivliyi aşağı düşür və bu da azyaşlı qızları Ayla Muradovanın səhhətinin getdikcə pisləşməsinə səbəb olur. Aylanın xaricdə müalicə olunması məqsədi ilə ölkədən kənara çıxarılmasına icrazə alınması iddiası ilə də Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən X9 yetkinlik yaşına çatana qədər müalicəsi ilə bağlı xərclərin ödənilməsinə cəlb olunması məqsədi ilə atası Cavabdeh hər ay 100 manat məbləğində müalicə xərci tutulması, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinin əsassız və qanunsuz olduğuna görə təmin edilməməsini xahiş edir. Hər şeydən əvvəl diqqətə çatdırır ki, bu iddiaçının eyni tələblə ona qarşı irəli sürdüyü ikinci iddiadır. Bundan əvvəlki iddia Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-1625/2020 saylı qətnaməsi ilə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, keçən iki il ərzində cavabdehin maddi vəziyyətində hər hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Sonuncu məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, cavabdeh tərəf aldığı əmək haqqı barədə arayışı, həmçinin iddiaçının sürücülük kurslarında tələbə hazırlaşdırması barədə sənədləri sübut kimi məhkəməyə təqdim etmişdir. Diqqətə çatdırır ki, indiyədək də onun maddi durumunda hər hansı bir dəyişiklik baş verməmişdir. Bununla bağlı olaraq məhkəmənin diqqətinə əmək haqqından tutulmaların hesablanması 2022-ci il üzrə olan kalkulyatorunu təqdim edir. Buradan görünür ki, 500 AZN əmək haqqı alan şəxsin dövlət vergi və tutulmaları çıxıldıqdan sonra yerdə qalan məbləğ 451,50 azn təşkil edir. (500-48,5 (açıqlama 36+2,5+10)=451,5) Sübut üçün izahlı şəkilli sənəd təqdim olunur. Yerdə qalmış məbləğdən aliment çıxıldıqda yəni: 451,50-154 (Aliment ödənişi) =297,5AZN. Gündəlik nəqliyyat xərci, 3 AZN * 26 gün = 78 AZN, gündəlik minimal yemək məbləğini hesablasaq 3 AZN * 26 gün=78 AZN, hər iki xərc 78+78=156 AZN edir. Yerdə qalmış qalıqdan bu xərcləri çıxdıqda isə 297,5-156=141,5AZN qalır. Uşağı hər götürdüyü zaman onunla keçirəcəyi vaxtı yollarda itirməmək üçün taksi xidmətərindən istifadə edir. Onun istədiyi xırda şeyləri belə alıb verir. Aldığı yekun nəticə onun geyimi, qidalanma, kommunal xərci, sağlamlığa görə müalicəsi, diz qapağında yaranmış boşluq üzrə müalicə (yıxıldığına görə ayağı diz qapağından çıxıb və ayaqda yaranan bu zədə bir neçə dəfə ayağının dizdən çıxmasına səbəb olmuşdur. Müalicə etdirə bilmədiyindən ayağı sarğılı vəziyyətdə gəzir). Bundan əlavə, onun öhdəsində olan valideynlərinə və onların səhhətinə görə (ürək və təzyiq) müvafiq xərclər çəkir. Son iki ildə respublikada yaşanan koronavirus epidemiyası dövründə xəstəliklərdən dolayı müalicələr etdiyi üçün yaranan borclara görə götürdüyü kreditləri də ödəyir. Göründüyü kimi, 2020-ci ildən indiyədək onun gəlirləri artmamış, əksinə xərcləri çoxalmışdır. Onu da xüsusilə vurğulamaq istəyir ki, iddiaçı indi də sürücülük kurslarında tələbə hazırlamağa davam edir və maddi durumu çox normaldır. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun hər ay 193 manat həddində müəyyən edilməsi və buna görə də ondan bu həcmdə aliment tutulması barədə iddiaçının tələbi ilə bağlı həm də onu qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. İddiaçının qızının talessemiya xəstəsi olduğuna görə müalicəsi üçün hər ay 100 manat ödənilməsi tələbinə gəldikdə isə, diqqətə çatdırır ki, uşağın son durumu ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Bundan əlavə, bildirir ki, o, hər zaman uşağı ilə maraqlanmış və onun həkimləri ilə əlaqədə olmuşdur. Onlar da, qızının talessemiya xəstəsi olmadığını və daimi müalicəyə ehtiyacının olmadığını bildirmişlər. Lakin qızının sağlamlıq vəziyyəti onun üçün çox önəm daşıdığından, ona qızının Talesemiya xəstəxanasında müvafiq müayinələrdən keçirməyi məhkəmə qaydasında təmin edilməlidir. Ona görə də, hesab edir ki, bununla bağlı məhkəmə müvafiq qərar qəbul etməlidir. Daha sonra, iddiaçı tərəfindən qızının müalicəsinə görə aylıq xərcinin 100 manat təşkil etməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı uşağın müalicəsi ilə bağlı xərclərin zəruriliyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilmədiyindən, bu tələbi də əsassızdır. Şərh olunanlara əsasən, iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, övladı alfa talassemiya xəstəsidir. Alfa talassemiya talassemiya xəstəliyinin ən zəif formasıdır. Belə ki, o, dəfələrlə övladının həkimləri ilə əlaqə saxlayır. Övladında qan azlığı var. Hər bir insanda qan azlığı ola bilər. Bundan başqa, iddiaçı özü işləyir. Sürücülük dərsləri keçir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-987/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Cavabdeh ilə X5 arasında Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində 23 avqust 2014-cü il tarixdə bağlanmış və 756 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 30 dekabr 2015-ci il təvəllüdlü X9 anası X4 himayəsində saxlanılması, Cavabdeh 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına yatanadək saxlanılması üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir əlli dörd) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. - AZ-İ seriyalı 299311 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 avqust 2018-ci il tarixdə 217 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına “Pirmətova” soyadı verilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(020)-1625/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin xx.xx.2020-ci il tarixli Tibbi Arayışından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X12 2017-ci il tarixdən X8 talassemiya diaqnozu ilə dispanser qeydiyyatdadır, mütəmadi müayinə və müalicə olunur. xx.xx.2022-ci ildə Talesemiya Mərkəzində müayinədə olmuşdur; - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən cəmiyyətdə əməliyyatçı vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 500 AZN təşkil edir; - TURAN Hospital tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 müayinəsinin nəticəsi aşağıdakı kimidir: qaraciyərin, dalağın və hər iki böyrəyin ölçüləri normadan yuxarıdır. Sağ böyrəkdə xırda mikrolit. Bağırsaqlarda pnevmatoz əlamətləri.; - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X12 xx.xx.2017-ci il tarixdən dispanserdə qeydiyyatdadır. Son müraciət tarixi xx.xx.2022-ci ildir; - Məhkəməyə xx.xx.2015-ci il təvəllüdlü X9 müayinə və müalicəsi zamanı çəkilmiş xərclərə dair qəbzlər təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə, tərəflərin birgə münasibətindən 30 dekabr 2015-ci il təvəllüdlü X12 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-987/2018 saylı, 19 fevral 2018-ci il tarixli icra sənədinə əsasən, Cavabdeh ilə X5 arasında Bakı Şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsində 23 avqust 2014-cü il tarixdə bağlanmış və 756 №-si ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 30 dekabr 2015-ci il təvəllüdlü X9 anası X4 himayəsində saxlanılması, Cavabdeh 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına yatanadək saxlanılması üçün 19 fevral 2018-ci il tarixdən başlayaraq hər ay 154 (bir əlli dörd) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Belə ki, uşağın saxlanılması üçün 2018-ci ildə hər ay 154 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 4 ildən çox müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmışdır. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməsi tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, azyaşlı X3 Mərkəzində “Alfa talassemiya” diaqnozu ilə dispanser qeydiyyatdadır, tibbi müəssisələrdə müayinə və müalicə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X2 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alır. İddiaçı cavabdehdən hər ay 100 manat sabit məbləğdə əlavə xərc tələb etsə də, cavabdehin həmin məbləği ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, o cümlədən cavabdehin həmin uşağın yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, 100 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)-987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X10 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödəməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 dekabr 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(007)- 987/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 30 dekabr 2015ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh, İddiaçı 30 dekabr 2015-ci il tarixdə doğulmuş X10 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 60 (altmış) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1588/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1588/2022
30.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver