Məhkəmə qərarları › İş №2(007)-16/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-16/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-16/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 18.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 30 ay müddətinə 12700 ABŞ dollar kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 18.07.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlarini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 22.05.2017-ci ilədək Cavabdeh1 banka 18.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 9756,39 ABŞ dolları əsas borc, 5494,46 ABŞ dolları faiz borcu və 2104,48 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 17355,33 ABŞ dolları borcu vardır və xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd olunanlara əsasən iddianın təmin olunması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18.07.2014-cü il tarixli kredit müqaviləsinə əsasi üzrə 9756,39 ABŞ dolları əsas,5494,46 ABŞ dolları faiz borcunun 2104,48 ABŞ dolları cəriməmin ,cəmi 17355,33 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o iddia ərizəsində göstərilənlərlə razı deyil. İddia tələbi tamamilə əsassızdır. O on minə yaxın ödəniş etmiş, lakin iddiaçı tərəf ödənişlərini nəzərə almadan yenidən ondan 17355,33 ABŞ dolları pul tələb edir. Borc həddən artıq çox şişirdilib, onun ödənişləri nəzərə alınmadan, təkrar olaraq böyük məbləğdə pul tələb olunur. Odur ki, qeyd olunanları nəzərə alıb, iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili Vəkil cavabdehin verdiyi izahatı müdafiə edərək bildirdi ki, Cavabdeh1 ödənişləri nəzərə alınmadan, tələb irəli sürülüb. Buna görə də, iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 vəkili Vəkil da eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yer barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 18.07.2014-cü il tarixli 355-14 USD saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 28 faizlə 30 ay müddətinə 12700 ABŞ dollar kredit götürmüşdür. İş materiallarında olan 18.07.2014-cü il tarixli 355-14 USD saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu 30 ay müddətinə hər ayın 18-dən gec olmayaraq 594 manat ödəməlidir. İş materiallarında olan 18.07.2014-cü il tarixli ZM-355-14 USD saylı zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 22.05.2017-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 9756.39 ABŞ dolları əsas, 5494.46 ABŞ dolları faiz, 2104.48 ABŞ dolları cərimə olmaqla ümumilikdə 17355.33 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan 02.06.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 26.05.2017-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclular Cavabdeh1 və Cavabdeh2 bank tərəfindən borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiası Mərkəzinin 06.07.2021-ci il tarixli 9/3086 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.07.2014-cü il tarixli 355-14 USD saylı kredit müqaviləsi üzrə Cavabdeh1 18 yanvar 2017-ci il tarixə (müqavilə müddətini bitdiyi tarixə) banka olan borcu ümumilikdə 12.204.30 ABŞ dolları müəyyən edilir. O cümlədən: 8321.11 ABŞ dolları əsas, 3883.19 ABŞ dolları faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, o isə öz öhdəliklərinə əməl etməmişdir. Digər Cavabdeh2 isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 18.07.2014-cü il tarixli 355-14 USD saylı kredit müqaviləsi üzrə 2104.48 ABŞ dolları məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 2104.48 ABŞ dolları məbləğində dəbbə pulu azaldılmalı və 200 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, ekspert rəyinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8321.11 ABŞ dolları əsas borc, 3883.19 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, cəmi 12404.30 ABŞ dolları borc (ödəniş günü ABŞ follarının manata məzənnəsi ilə manatla) və 30 manat ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 8321.11 ABŞ dolları əsas borc, 3883.19 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, cəmi 12404.30 ABŞ dolları borc (ödəniş günü ABŞ follarının manata məzənnəsi ilə manatla) və 30 manat ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ekspertiza tədqiqatı dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı: Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar