Məhkəmə qərarları › İş №2(007)-16/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-16/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-16/2023 13.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra –Bank) ilə Cavabdeh (bundan sonra –Cavabdeh) arasında 25 may 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/108544/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 1000 (min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 550,09 (beş yüz əlli. 09 qəpik) manat məbləğində əsas borc, 177,77 (yüz yetmiş yeddi manat 77 qəpik) manat məbləğində faiz borcu, 629,92 (altı yüz iyirmi doqquz manat 92 qəpik) manat məbləğində cərimə borcu, 8,96 (səksən altı manat 96 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1444,74 (min dörd yüz qırx dörd. 74 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 25 may 2015-ci il tarixli 1xx/xx/108544/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 550,09 (beş yüz əlli manat 09 qəpik) manat məbləğində əsas borc, 177,77 (yüz yetmiş yeddi manat 77 qəpik) manat məbləğində faiz borcu, 629,92 (altı yüz iyirmi doqquz manat 92 qəpik) manat məbləğində cərimə borcu, 86,96 (səksən altı manat 96 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1444,74 (min dörd yüz qırx dörd manat 74 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəməyə hesabdan çıxarış təqdim edilmişdir. Hesabdan çıxarışda göstərilən xx.xx.2015-ci il tarixdə 49,95 manat və xx.xx.2015-ci il tarixdə 45,48 manat cavabdeh tərəfindən edilmiş ödənişlər deyil, lakin ekspert həmin məbləği ödəniş kimi qəbul edərək, əsas və faiz borcuna yönəltmişdir. Aydındır ki, aparatlarda qəpiklə ödəniş etmək olmur. xx.xx.2015-ci il tarixdə cavabdeh ödəniş etmədiyi üçün hesabdan çıxarışda göstərilir ki, həmin tarixə cavabdehin 49,95 manat borcu qalmışdır. Yəni həmin məbləğ hesaba mədaxil deyil, mövcud borcu göstərir. Həmçinin, xx.xx.2019-cu il tarixdə 301,88 manat mədaxil olmuşdur. Belə ki, həmin tarixədək onun 851,97 manat borcu olmuşdur. Müştərinin hansısa başqa bankdan kredit götürmüşdür. Azərbaycan Respublikası Prezidentinin Fərmanın təsiri dairəsinə düşdüyü üçün fərmana uyğun olaraq cavabdehə 301,88 manat pul geri qaytarılırdı. Əgər onun başqa bir banka borcu olmasaydı pul ona nağd şəkildə qaytarılacaqdı, lakin cavabdehin banka borcu olduğu üçün həmin məbləğ mövcud borcdan silinmişdir. Hazırda onların tələb etdiyi əsas borc qalan məbləğdir. O, ekpert rəyi ilə razı deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (istifadəsində olan mobil nömrəsinə sms bildirişin çatdırılmasına) baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - QSC “Bank Standard” KB ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il il tarixli kredit müqaviləsi üzrə 550,09 manat əsas, 177,77 manat faiz, 629,92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 86,96 manat faiz borcu olmaqla, cəmi 1444,74 manat borcu vardır; - Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin bildirişindən görünür ki, cavabdeh, yaranmış borcun 3 gün müddətində ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - Mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən xx.xx.2018-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir; - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019cu il tarixli ********** saylı məlumatından görünür ki, Araşdırma zamanı Cavabdeh Para BOKT ASC-də olan kredit borcu üzrə 301,88 rranat kompensasiya hesablandığı məlum olunmuşdur. Bildirirlər ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) ilə fiziki şəxslərə çatacaq kompensasiyaların ilk növbədə onların banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş (10 gündən artıq gecikməsi olan) əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, yalnız bundan sonra qalan məbləğin həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Bu səbəbdən Cavabdeh hesablanmış 301,88 manat kompensasiya məbləği ləğv prosesində olan QSC “Bank Standard" KB qarşısında icra edilməmiş 851,97 manat borcuna yönəlmişdir. Eyni zamanda qeyd edirlər ki, Fərmanın 10cu bəndində Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə ləğv etmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlərin görülməsi tövsiyə edilmişdir. Cavabdeh 01 mart 2019-cu il tarixinə banklar və digər kredit təşkilatlarına 360 gündən çox gecikdirilmiş ümumi qalıq borcu milli valyutada 17000 manatdan (və ya xarici valyutada 10000 ABŞ dollarından) çox olmadığı üçün həmin borclar restrukturizasıya oluna bilər. Belə ki, hazırda icraatda olan mülki iş ilə əlaqədar 1xx/xx/108544/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə bank əməliyyat sistemində Cavabdeh barəsində ləğv prosesində olan QSC “Bank Standard" KB qarşısında icra edilməmiş 550,09 manat əsas, 184,64 manat faiz borcu və 669,29 manat cərimə faizi borcu olmaqla, əsas kredit borcunun (550,09 manat) restrukturizasiya edilməsi Fərmanın əhatə dairəsinə düşür. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/863 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108544/15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı il tarixinə əsas borc 299,96 manat, faiz borcu 0 manat; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/5899 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108544/15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borc üzrə 579,31 manat, faiz borcu üzrə 22,53 manat; xx.xx.2019-cu il tarixə (maliyyə arayışı verilən tarix) əsas borc üzrə 383,96 manat, faiz borcu üzrə 1,65 manat; xx.xx.2023-cü il tarixə (qərardad çıxarılan tarix) əsas borc üzrə 383,96 manat, faiz borcu üzrə 80,84 manat, xx.xx.2023-cü il tarixə (ekspert rəyi verilən tarix) əsas borc üzrə 383,96 manat, faiz borcu üzrə 83,14 manat. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108544/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə 1000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh həmin müddət ərzində kredit vəsaitinin müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Kredit vəsaitini sərf etməsinə baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 550,09 manat əsas, 177,77 manat faiz, 629,92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 86,96 manat faiz borcu olmaqla, cəmi 1444,74 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı iş üzrə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/9021 nömrəli rəydən görünür ki, Cavabdeh ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/108544/15 saylı kredit müqaviləsi üzrə borcalanın banka xx.xx.2016-cı il tarixinə 299,96 əsas borcun olduğu, faiz borcunun olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə kredit üzrə ödənilmiş 301,88 manat pul cavabdehə məxsus şəxsi vəsait deyil, kompensasiya məbləği olmuşdur. Məhkəmə iclasında ekspert X2 izahat verərək bildirmişdir ki, 301 manat kompensasiya ödənişi var, müştərinin cari hesbaına daxil olan məbləğlər kredit borcundan silindiyi üçün o, həmin məbləğin 279 manatını əsas borca, 22,53 manatını faiz borcuna yönəltmişdir. Məhkəmə həmin rəylə razılaşmamış və bu səbəbdən məhkəmə tərəfindən iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. xx.xx.2023-cü il tarixli 9/5899 nömrəli rəy ilə kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarix) 579,31 manat əsas borc və 22,53 manat faiz borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/108544/15 saylı kredit müqaviləsi üzrə borcunu müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı iddia tələbində cavabdehin kredit müqaviləsi üzrə əsasən borcunu 550,09 manat kimi göstərmişdir. İddiaçının iddia tələbinin həcmini artırmadığını, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 550,09 manat məbləğində pul tutulmaqla təmin edilməlidir. Məhkəmə faiz borcuna münasibətdə qeyd edir ki, xx.xx.2023-cü il tarixli 9/5899 nömrəli rəyi ilə Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/108544/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə faiz borcu üzrə 22,53 manat müəyyən etmişdir. Məhkəmə ekspert rəyi faiz borcunun tutulması hissədində razılaşaraq hesab edir ki, Cavabdeh müqavilə müddəti bitən tarixə 22,53 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 86,96 manat məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 629,92 manat miqdarında cərimə (dəbbə pulu) 550,09 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq, 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/863 saylı və xx.xx.2023-cü il tarixli 9/5899 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 12,47 manatı iddiaçıya, 17,53 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 38,88 manatı iddiaçıdan, 61,12 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 550,09 manat əsas borc, 22,53 manat faiz, 40 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 86,96 manat borc olmaqla, cəmi 699,58 manat borc və ödənilmiş 17,53 manat dövlət rüsumunun əvəzi Cavabdeh ləğv prosesində olan “QSC “Bank Standard” KB-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 12,47 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 38,88 manatı ləğv prosesində olan “QSC “Bank Standard” KB-dən və 61,12 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənil ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 550,09 manat əsas borc, 22,53 manat faiz, 40 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 86,96 manat borc olmaqla, cəmi 699,58 manat borc və ödənilmiş 17,53 manat dövlət rüsumunun əvəzi Cavabdeh ləğv prosesində olan “QSC “Bank Standard” KB-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 12,47 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 38,88 manatı ləğv prosesində olan “QSC “Bank Standard” KB-dən və 61,12 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar