Məhkəmə qərarları › İş №2(007)-1601/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1601/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1601/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin artırılması" tələbinə dair mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 26.01.2011-ci il təvəllüdlü X1 və 09.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləği artırılaraq hər uşağa, hər ay 175 manat olmaqla, iki uşağa cəmi 350 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(007)-1425/2019 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 26.01.2011-ci il təvəllüdlü X1 və 09.01.2013-cü il təvəllüdlü X3 hər ay yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 130 manat olmaqla 260 manat sabit pul məbləğində aliment olaraq tutulub ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd etmək istəyir ki, uşaqların bütün qayğılarını, ehtiyaclarını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Az miqdarda ödədiyi 260 manat aliment uşaqların tələbatlarının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Buna görə də “aliment məbləğinin artırılması’’ barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, kirayədə yaşayır. Uşaqların hər ikisi yastıpəncəlidir. Birində 1-ci dərəcəli, digərində isə ikinci dərəcəlidir. Onları fizoterapiyaya aparır. Hər ikisini üç aydan bir müalicə etdirməlidir, amma imkanı olmadığına görə heç olmasa ildə iki dəfə müalicəyə aparır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib bildirdi ki, iddiaçı kirayədə yox, atasına məxsus evdə yaşayır. Uşaqlarında olan xəstəlikdən onda da var. Onun maaşı 360 manatdır, vergi çıxıldıqdan sonra isə 310 manat qalır. Alimenti ödəyir. Lakin əlavə gəliri yoxdur ki, artıq aliment ödəsin. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 21 aprel 2011-ci il tarixdə verilmiş AZ-İİ № 653911 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X5 26 yanvar 2011-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 aprel 2011-ci il tarixdə 910 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası X4r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 27 mart 2013-cü il tarixdə verilmiş AZ-İİİ № 062071 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X7 09 yanvar 2013-cü il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 mart 2013-cü il tarixdə 754 № ilə qeyd edilmişdir. Atası Cavabdeh оğlu, anası X4r. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3126/2019 saylı, 13 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 372 saylı qeydə alınmış 15 aprel 2010-cu il tarixli nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 14 iyul 2020-ci il tarixdə verilmiş AZ-İ № 358880 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikaha 13 oktyabr 2019-cu il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 04 mart 2020-ci il tarixdə 86 № ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə İsmayılov, qadına Əlirzayeva soyadı verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, 28 mart 2019cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh məhkəməyə müraciət edildiyi 2019-cu il martın 1-dən başlayaraq, 26 yanvar 2011-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 26 yanvar 2011-ci il təvəllüdlü X5 və 09.01.2013-cü il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh məhkəməyə müraciət edildiyi 2019-cu il martın 1-dən başlayaraq, 26 yanvar 2011-ci il təvəllüdlü X1 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 26.01.2011-ci il təvəllüdlü X1 və 09.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün alimentin məbləği artırılaraq hər uşağa, hər ay 175 manat olmaqla, iki uşağa cəmi 350 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 20210-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşaqların mənafeyini, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat miqdarında aliment məbləği ilə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə miqdarı dəyişdirilərək artırılmaqla cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, qanunvericilik aliment məbləğinin müəyyənləşdirməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətə layiq hallar da nəzərə alınmalıdır. İddiaçı Cavabdeh 350 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə qeyd edilənləri, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 26 yanvar 2011-ci il təvəllüdlü X1 və 09.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1425/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 26 yanvar 2011-ci il təvəllüdlü X1 və 09.01.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar