Məhkəmə qərarları › İş №2(007)-1616/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1616/2022

09.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1616/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Ucar rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(063)-147/2016 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah ləğv edilib, birgə nikahdan olan övladlarının saxlanılması üçün hər uşaq üçün aylıq 30 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilib.Daha sonra onun iddia ərizəsi əsasında Ucar rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(063)-867/2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılıb və hər uşaq üçün 100 manat olmaqla hər ay 200 manat məbləğində sabit pul məbləğinin cavabdehdən tutulması qət edilib. Növbəti dəfə aliment məbləğinin artırılması ilə bağlı tərəfindən yenidən məhkəməyə müraciət edilib. Ucar rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(063)-364/2020 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilib, hər uşağa görə 115 manat olmaqla hər ay 230 manat məbləğində sabit pul məbləğinin cavabdehdən tutulması qət edilib. Həmin qətnamədən verdiyi şikayət Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qismən təmin edilib və hər uşaq üçün 130 manat olmaqla iki uşaq üçün aliment məbləği 260 manat müəyyənləşdirilib.Hal-hazırda xx.xx.2007-ci il təvəllüdlü X1 15 yaşı, xx.xx.2009-cu il təvəllüdlü X2 isə 13 yaşı var. Məhkəmə tərəfindən müəyyənləşdirilən aliment məbləği hal-hazırda uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Uşaqların saxlanılması, geyimi, təhsil və s. xərclərini həmin məbləğ əsasında tam qarşılamaq mümkün deyildir.Belə ki, övladları orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artıb. Bundan başqa, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Qanuna görə ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilib və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilib.Onu da qeyd etmək istərdi ki, cavabdeh övladları ilə maraqlanmır, aliment məbləğini ödəməkdən boyun qaçırır. Bu hal da tək valideyn kimi övladlarıma baxmaqda ona ciddi maddi çətinliklər yaradır.Uşaqların bütün qayğısını, ehtiyacını bu günə qədər tamamilə o, çəkmişdir. Təbiidir ki, uşaqlar böyüdükcə onların həm maddi, həm mənəvi tələbatları da artır. Lakin cavabdeh özünü bu öhdəliklərdən azad etməyə çalışır. Bu da nəticədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətinliklər yaradır. Ona görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.İnanır ki, məhkəmə tərəfindən işin faktiki halları düzgün araşdırılacaq və övladlarının saxlanılması üçün Qanunla müəyyən edilən minumum məbləğdə aliment tutulması barədə ədalətli qətnamə qəbul ediləcəkdir. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin gəlirlərinin, övladlarının saxlanılması üçün aliment ödənilməsinə kifayət etməsi və ən əsası övladlarımın normal saxlanılmaları üçün həmin alimentə ehtiyacının olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün hər ay 193 manat olmaqla iki uşaq üçün 386 manata çatdırılmalıdır. Qeyd olunanlar əsasən,Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1795/2020 saylı iş üzrə qəbul etdiyi qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının artırılması,xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1795/2020 saylı iş üzrə qəbul etdiyi qətnamədən görünür ki, Ucar Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat,cəmi160 manat alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə,məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin məbləği artırılmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat,cəmi 386 manat aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Məhkəmə qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar