Məhkəmə qərarları › İş №2(007)-1622/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1622/2023

20.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1622/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh İslamov Nazı̇ m Əlı̇ oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş nömrə 2(007)- 472/2022) qətnaməsi ilə sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarını artıraraq, uşaqlar yetkinlik yaşlarına çatana qədər Cavabdeh hər ay hər iki uşağın hər birinə sabit pul məbləğində 220 ( iki yüz) - cəmi 440 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş nömrə 2(007)-472/2022) qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 onun yanında saxlamaqla onların hər ikisinin yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa saxlanmaları üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda uşaqlar böyümüş və onların tələbatları artdığından alimentin məbləği artırılmalıdır. Qətnamə ilə qəbul edilmiş vəsait uşağın ehtiyaclarına kifayət etmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini və əvvəlki aliment məbləğinin dəyişdirilmədən qalmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, tikinti şirkətində işləyir və 400 manat əmək haqqı alır. Qızının gimnastika xərclərini, onların əlavə xərclərini ödəyir. İddiaçı özü də işləyir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, özəl universitetdə müəllimdir və 300 manat əmək haqqı alır. Cavabdehin gəliri barədə məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-472/2022 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan dünyaya gəlmiş uşaqların anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəməyə müraciət edilməmişdən qabaq mediasiya prosesində iştirak edilmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112.1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 440 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin o, cümlədən təyin olunan qəyyumun bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Belə olan halda, məhkəmə qeyd edir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2022-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Qeyd olunanlara əsasən, uşaqların saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə, 380 manat sabit pul məbləğində aliment müəyyən olunmalı, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-472/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 190 manat olmaqla ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü, 119.2-ci maddələrinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci, 36.2-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-472/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər biri üçün 190 manat olmaqla ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar