Məhkəmə qərarları › İş №2(007)-1627/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1627/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1627/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21 sentyabr 2007-ci il tarixli 02L000000677 saylı kredit xətti müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 24 yanvar 2011-ci il tarixli, 677 saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 120 (yüz iyirmi) ay, kredit xəttinin məbləği artırılaraq 30000 (otuz min) ABŞ dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 22 avqust 2017-ci il tarixli 02L**********S saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 239 (iki yüz otuz doqquz) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02 iyul 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 28 yanvar 2016-cı il tarixli 002R**********S saylı, 31 mart 2016-cı il tarixli 002R**********SA saylı, 14 iyul 2016-cı il tarixli 002R**********SB saylı, 10 noyabr 2016-cı il tarixli 002R**********SC saylı, 22 avqust 2017-ci il tarixli 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dələlərlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25 aprel 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6074,84 ABŞ dolları ödəmiş, onun 925,16 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06 oktyabr 2020-ci il tarixə 530 gün üçün hesablanmış faiz borcu 1285,16 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq 06 oktyabr 2020-ci il tarixə 530 gün üçün hesablanmış cərimə 487,15 ABŞ dolları təşkil edir. Kredit xətli müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 925,16 ABŞ dolları kredit borcu, 1285,16 ABŞ dolları faiz borcu və 487,15 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 2697 (iki min altı yüz doxsan yeddi) ABŞ dolları 47 (qırx yeddi) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə teleqramla məhkəməyə müraciət edərək, iş üzrə iddia tələbini müdafiə etdiklərini bildirmiş və təyin edilmiş məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilib, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduqları ünvan 1 ünvanına məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, poçt orqanı tərəfindən məhkəməyə geri qaytarılmış, faktiki olduqları yer məlum olmadığından, məhkəmə bildirişi cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə Bakı şəhəri 10 saylı Mənzil Kommunal İstismar Sahəsinə, o cümlədən Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 sentyabr 2007-ci il tarixli 02L000000677 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur; - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 24 yanvar 2011-ci il tarixli 677 saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, kredit xəttinin müddəti artırılaraq 120 (yüz iyirmi) ay, kredit xəttinin məbləği artırılaraq 30000 (otuz min) ABŞ dolları müəyyən edilmişdir; - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 avqust 2017-ci il tarixli 02L000000677S saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, kredit xəttinin müddəti artırılaraq 239 (iki yüz otuz doqquz) ay müəyyən edilmişdir; - İddiaçı QSC ilə Cavabdeh1 arasında 21 sentyabr 2007-ci il tarixli 02L000000677 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 02 iyul 2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 isə 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli 002R**********S saylı, 31 mart 2016-cı il tarixli 002R**********SA saylı, 14 iyul 2016-cı il tarixli 002R**********SB saylı, 10 noyabr 2016-cı il tarixli 002R**********SC saylı, 22 avqust 2017-ci il tarixli 002R**********SD saylı sazişlərdən və həmin sazişlərə əlavə edilmiş ödəniş planlarından görünür ki, yuxarıda qeyd olunan kredit razılaşmalarına, o cümlədən ödəniş planına dəyişiklik edilmişdir; - İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 02 iyul 2015-ci il tarixli 002S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 21 sentyabr 2007-ci il tarixli kredit müqaviləsindən və həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; -İddiaçı QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 22 avqust 2017-ci il tarixli, 002S**********01S saylı sazişdən görünür ki, kredit xəttinin müddəti artırılaraq 239 (iki yüz otuz doqquz) ay, məbləği isə 30.000 ABŞ dolları müəyyən edilmiş və zamin Cavabdeh2 21 sentyabr 2007ci il tarixli kredit müqaviləsindən və həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 02 iyul 2015-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 həmin tarixli müqavilə üzrə 7.000 ABŞ dolları məbləğində kredit İddiaçı QSC tərəfindən ödənilmişdir; -İddiaçı QSC-nin 14 dekabr 2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 11 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; -İddiaçı QSC-nin 10 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 02 iyul 2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 925,16 ABŞ dolları əsas borcu, 1285,16 ABŞ dolları faiz borcu, 487,15 ABŞ dolları cərimə borcu olmaqla, (gecikdirilmiş günlərin sayı 530 gün olmaqla) cəmi 2697,47 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21 sentyabr 2007-ci il tarixli 02L000000677 saylı kredit xətti müqaviləsinə əsasən 48 (qırx səkkiz) ay müddətinə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuş, tərəflər arasında bağlanmış 24 yanvar 2011-ci il tarixli, 677 saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 120 (yüz iyirmi) ay, kredit xəttinin məbləği artırılaraq 30000 (otuz min) ABŞ dolları, daha sonra 22 avqust 2017-ci il tarixli 02L**********S saylı sazişlə kredit xəttinin müddəti artırılaraq 239 (iki yüz otuz doqquz) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 02 iyul 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. 02 iyul 2015-ci il tarixdə Cavabdeh1 həmin tarixli müqavilə üzrə 7.000 ABŞ dolları məbləğində kredit İddiaçı QSC tərəfindən ödənilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, İddiaçı QSC ilə Cavabdeh2 arasında 02 iyul 2015-ci il tarixli 002S**********01 saylı zaminlik müqaviləsi bağlamış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 22 avqust 2017-ci il tarixli, 002S**********01S saylı sazişə əsasən, kredit xəttinin müddəti artırılaraq 239 (iki yüz otuz doqquz) ay, məbləği isə 30.000 ABŞ dolları müəyyən edilmiş və zamin Cavabdeh2 21 sentyabr 2007-ci il tarixli kredit müqaviləsindən və həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21 sentyabr 2007-ci il tarixli kredit müqaviləsi əsasında bağlanılmış 02 iyul 2015-ci il tarixli kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyə əməl edib kredit borcunu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İddia ərizəsindən və maliyyə arayışından göründüyü kimi, cavabdehlərin müqavilə əsasında bağlanmış razılaşma üzrə əsas borc, faiz borcu və borcun ödənilməsinin gecikdirildiyi müddət üçün hesablanmış cərimə borcu mövcuddur. Məhkəmə tədqiqinə əsasən məhkəmə belə qənaətə gəlir ki, tələb olunan əsas və faiz borcun tutulması üçün qanuni əsaslar vardır, lakin iddiaçının tələb etdiyi 487,15 ABŞ dolları cərimə (dəbbə pulu) 925,16 ABŞ dolları əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 02 iyul 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 925,16 ABŞ dolları əsas borc, 1285,16 ABŞ dolları faiz borcu, 92 ABŞ dolları cərimə olmaqla, cəmi 2302,32 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu müştərək qaydada onlardan iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 iyul 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə 925,16 (doqquz yüz iyirmi beş ABŞ dolları, on altı sent) ABŞ dolları əsas borc, 1285,16 (min iki yüz səksən beş ABŞ dolları, on altı sent) ABŞ dolları faiz borcu, 92 (doxsan iki) ABŞ dolları cərimə olmaqla, cəmi 2302,32 (iki min üç yüz iki ABŞ dolları, otuz iki sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar