Məhkəmə qərarları › İş №2(007)-1633/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1633/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1633/2020 21.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 441.48 manat məbləğində kredit borcu, 204.04 manat məbləğində faiz borcu və 126.89 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 772 (yeddi yüz yetmiş iki) manat 41 (qırx bir) qəpikməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 30 dekabr 2013-cü il tarixli 01L000005452 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 20 000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 27 mart 2017-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5200 (beş min iki yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.01.2018-ci il tarixli və 28.06.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 02.05.2019-cu il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqavilən üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh2 aylıq 2.3333 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5 200 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 18.01.2018-ci il tarixli və 28.06.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. - "xxxx" QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış müvafiq olaraq 30 dekabr 2013-cü il tarixli və 30 iyun 2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər həmin tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 12 mart 2020ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" QSC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" QSC-nin 17 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 30 dekabr 2013-cü il tarixli kredit razılaşması üzrə "xxxx" QSC-yə 441.48 manat əsas, 204.04 manat faiz, 126.89 manat cərimə olmaqla, cəmi 772.41 manat məbləğində borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə 20 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2013-cü il tarixli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh2 aylıq 2.3333 faiz dərəcəsi ilə, 24 ay müddətinə 5 200 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 18.01.2018-ci il tarixli və 28.06.2018-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. "xxxx" QSC ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış müvafiq olaraq 30 dekabr 2013-cü il tarixli və 30 iyun 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zaminlər həmin tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh2 iddiaçı "xxxx" QSC ilə bağladığı 30 dekabr 2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun cavabdehlərdən müştərək qaydada, yəni borcalan Cavabdeh2 ilə yanaşı, zaminlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, "xxxx" QSC ASC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi 30 dekabr 2013-cü il tarixdə, Cavabdeh1 ilə zaminlik müqaviləsi isə 30 iyun 2014-cü il tarixdə bağlanmışdır. Zaminliklə təmin olunan öhdəlik, yəni "xxxx" QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi 30 dekabr 2013-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Öhdəliyin icrası müddəti 30 dekabr 2015-ci il tarixdə başa çatmışdır. "xxxx" QSC-nin iddia ərizəsi isə 16 aprel 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 2 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh2 tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 126.89 manat miqdarında cərimə (dəbbə pulu) 441.48 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27 mart 2017-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 441.48 manat əsas borc, 204.04 manat faiz borcu və 50 manat məbləğində cərimə borcu olmalqa, ümumilikdə 695.52 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 27 mart 2017-ci il tarixli kredit razılaşması üzrə Cavabdeh2 441.48 manat əsas borc, 204.04 manat faiz borcu və 50 manat məbləğində cərimə borcu olmalqa, ümumilikdə 695.52 manat məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,0 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakl Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar