Məhkəmə qərarları › İş №2(007)-1635/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1635/2021

08.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1635/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb edilmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması və əlavə xərclərə cəlb edilmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx xxxxxxxx 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşaq anadan olmuşdur. Aralarındakı nikah 2019-cu il tarixdə pozulmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(007)-727/2019 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün hər 154 manatın alınıb ona verilməsi qət edilmişdir. Alimentin məbləği sabit pul formasında müəyyən edilmişdir. Cavabdehlə aralarında olan faktlar və hüquqi məsələlər qanuni qüvvədə qeyd etdiyi qətnamə ilə muəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, birgə rəsmi nikahdan anadan olmuş X1 üçün müəyyən edilmiş aliment məbləğinin 200 manat məbləğində artırılması və uşaq üçün çəkilmiş əlavə xərc olaraq hər ay 50 manat hər müəyyən edilərək cəmi 250 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikahın pozulması xx.xx.2019-cu il tarixdə 313 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ 629115 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-727/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxxx 2014-cü il tarixində Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və 1177 № ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 anası X2 himayəsində saxlanılması, Cavabdeh 2018-ci il dekabr ayının 20-dən başlayaraq xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat olmaqla sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından anadan olmuş xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçının digər tələbi uşaq üçün hər ay 50 manat əlavə xərcin cavabdehdən onun xeyrinə tutulmasıdır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, cavabdehin yüksək gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan aliment artırılsın, tərəflərin birgə nikahından anadan olmuş xx xxxxxxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Qumru Yəhyayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar