Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1660/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Bakı şəhəri 51 saylı Notarial ofisində bağlanmış 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli Kredit müqaviləsinə əsasən, mən o, pulu 28 dekabr 2021-ci il tarixinədək qaytarmağı öhdəsinə gölürmüşdür. Müqavilə müddəti 28 dekabr 2021-ci il tarixində bitməsinə baxmayaraq, cavabdeh ondan aldığı 64000 manatı ona qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edərək on olan borcunu qaytarmağını xahiş və tələb etsə də, heç bir nəticəsi olmamışdır. Buna görə də, mübahisənin qanun çərçivəsində məhkəmələr tərəfindən həll edilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən cavabdehlə aralarında Bakı şəhəri 51 saylı Notariat ofisində bağlanmış 28 dekabr 2019-cu il tarixli 3M-1777 reyestr nömrəli kredit müqaviləsi üzrə 64000 (altımış dörd min) manat pulun və ödənilmiş 282 (iki yüz səksən iki) manat dövlət rüsumunun, ümumilikdə 64282 (altımış dörd min iki yüz səksən iki) manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş etmişdir. Hazırda cavabdehin ona 60900 manat borcu qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, hazırda özü ölkədə deyil və məhkəməyə lazım olan bütün dəlil və subutları toplayıb təqdim etmək istəyir və vəkili iştirak edəcək, hazırda ölkə xaricindedir. İddiaçı tamamilə əsassız bir iddia qaldırmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında 28 dekabr 2019-cu il tarixdə bağlanaraq, Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-1777 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”ndən görünür ki, öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. Borc verən Borc alana 64000 manat 00 qəpik (altımış dörd min manat sıfır qəpik) məbləğində pul borc verir. 2. Borc alan krediti xx.xx.2021-ci il tarixədək Borc verənə xx.xx.2020-ci il tarixindən başlayaraq hər ödəniş ayının 5-ci günü aylıq 2667 (iki min altı yüz altmış yeddi) manat ödəmək şərti qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. Borcalan kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. Borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. Borc alən müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda ödəmədikdə qanunvericilkdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılılğı ilə, belə razılıq olrnadıqda isə məhkəmə qaydasında həll olunur....” - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 284 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 51 saylı notariat ofisində təsdiqlənmiş 28 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı 64000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulu 28 dekabr 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəçiliyinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilə üzrə borc məbləğini iddiaçıya qaytarmamışdır. Bununla iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Yuxarıda istinad edilən notariat qaydada təsdiq edilmiş 28 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 64000 manat məbləğində borc almış, tərəflər notariat qaydada müqavilə bağlamış və borc alan, yəni cavabdeh borc verənə, yəni iddiaçıya həmin məbləğdə borcunu 28 dekabr 2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmadığı və bunun üçün real hərəkətlər etmədiyi üçün iddiaçının məhkəməyə müraciət etməsi üçün əsaslar yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 14 iyun 2022-ci il tarixli qərardadından göstərilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir (13-cü bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilənlərlə müəyyən edildi ki, borcun verilməsi barədə tərəflər arasında olan 28 dekabr 2019-cu il tarixli müqavilə (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilə (əqd), müqavilə tərəfləri sayılan İddiaçı və Cavabdeh özləri tərəfindən imzalanmışdır, müqavilə Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan Cavabdeh müqaviləni imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır. Nəticədə məhkəmə hesab edur ki, 28 dekabr 2019-cu il tarixli müqavilə bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduğundan etibarlıdır əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Məhkəmə iclasında müəyyən olundu ki, 28 dekabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 64000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin 28 dekabr 2019-cu il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi 28 dekabr 2021-ci il tarixindən sonra cavabdeh borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə həmçinin qeyd edir ki,iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Nizami RPİ-də yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı polis idarəsində vermiş olduğu xx.xx.2021-ci il tarixli izahatında cavabdeh tərəfindən hazırkı vaxtadək 2500 manat qaytardığını, məhkəmə iclasında isə xx.xx.2023-cü il tarixdə 600 manat ödəniş etdiyini qeyd etmişdir. Belə ki, iddiaçının qeyd etdiyi məlumatlara əsasən borcdan ümumilikdə 3100 manat ödəniş edilmişdir. Cavabdehin polis idarəsində izahatında göstərdikləri ilə bağlı isə qeyd edilməlidir ki, iddiaçının ona borc pul vermədiyini, mal aldığını, iddiaçının onu aldadaraq notariusda müqavilə bağladığını göstərsə də, qeyd edilənləri təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən cavabdehə iştirakını təmin etmək və sübutlarını təqdim etmək üçün kifayət qədər vaxt verilmişdir. Belə olan halda, məhkəmə cavabdehin göstərdiklərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 60900 (altımış min doqquz yüz) manat məbləğində borc İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 282 manat dövlət rüsumunun 268,34 manatı cavabdehə, 13,66 manat iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28 dekabr 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 60900 (altımış min doqquz yüz) manat məbləğində borc və ödənilmiş 268,34 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 13,66 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1660/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1660/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver