Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1690/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi qaydada 27.09.2014-cü il tarixdə nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahdan 01.12.2016-cı il tarixdə X4 dünyaya gəlmişdir, ilk əvvəllər ailə münasibətləri normal olsa da sonralar münasibətəri korlanmış və dözülməz hala gəlmişdir. Bu səbəbdən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(007)-1735/2019 saylı qətnaməsinə əsasən, iddiaçı kimi onun Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi təmin edilərək, onunla keçmiş əri arasında Rusiya Federasiyası, Vladivostok şəhəri Sovet rayonu üzrə VVAQ şöbəsində 27 sentyabr 2014-cü il tarixdə 777 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan 01.12.2016-ci il təvəllüdlü X1 yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər atası Cavabdeh hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda övladının saxlanılması üçün aliment məbləği azlıq təşkil edir. 2018-ci ildə övladı X3 emefalopatiya və uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu - yəni anadangəlmə baş beynin xroniki, tədricən proqressivləşən beyin qan dövranının pozulması nəticəsində zədələnməsi diaqnozu qoyuldu. Hər ay ən azı 1000-1500 manat qədər Sevdaya dərman və həkim xərci çəkilir. Ata olaraq Cavabdeh öz övladı ilə maraqlanmır. Uşağın qayğısını çəkmək yalnız onun üzərinə düşür. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(007)-1735/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş yetkinlik yaşına çatmayan 01.12.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən 160 manat həcmində tutulan alimentin miqdarının dəyişdirilərək X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı izahatında bildirdi ki, iddianı müdafiə edir. Məktəbdə “idman müəlliməsi” vəzifəsində işləyir, 550 manat əmək haqqı alır. Cavabdehin Rusiyada evi var, həmin evi kirayə verib əvəzində haqq alır, bundan əlavə cavabdeh “playstation” işlədərək fərdi əmək fəaliyyəti ilə məşğul olur. Bir sözlə, cavabdehin gəliri vardır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 882836 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin bigə nikahından 01 dekabr 2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 332683 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 oktyabr 2019-cu il tarixdə 311 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan AR SN “Psixi Sağlamlıq Mərkəzi”nin 03.11.2020-ci il tarixli 6287 nömrəli arayışından görünür ki, 01 dekabr 2016-cı il təvəllüdlü X4 uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(007)-1735/2019 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilərək, tərəflər arasında Rusiya Federasiyası, Vladivostok şəhəri Sovet rayonu üzrə VVAQ şöbəsində 27 sentyabr 2014-cü il tarixdə 777 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikahın pozulmasından sonra birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan 01.12.2016-ci il təvəllüdlü X2 anasının yanında saxlanılması və uşağın yetkinlik yaşına çatana qədər atası Cavabdeh hər ay 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(007)-1735/2019 nömrəli icra vərəqəsi ilə Cavabdeh 01 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə 12.04.2019-cu il tarixdən başlayaraq məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək hər ay 160 (yüz altmış) manat məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(007)- 1735/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 01 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli 2(007)-1735/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 01 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1690/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1690/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver