Məhkəmə qərarları › İş №2(007)-1708/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1708/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1708/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və X8 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdehlər X2 və X5 iştrakları ilə, İddiaçı cavabdehlər X3 və X8 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər X3 və X8 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və X4 5000 (beş min) manat məbləğində borc pulun, eləcə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehlərin həmin məbləğdə pul vəsaitinin uzun müddət ərzində qanunsuz saxlamaqla və qaytarmaqdan boyun qaçırmaqla, habelə borcun ödənilməsini bilə-bilə digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə, həmin vəsaitin məbləğindən faizlərin ödənilməsini bank uçot dərəcəsi ilə müəyyənləşdirib, ona ödənilməsi və 100 manat dövlət rüsumunun müştərək qaydada tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu ilin sentyabr ayında qardaşı X11 vəfat etmişdir. Onun övladları X9 və X10 atalarını dəfn etmək üçün, ondan borc pul istədilər. Həmin vaxtı onun da, pulu olmadığına və maddi durumu ağır vəziyyətdə olduğuna görə dostu Əlimuradov Şahmuraddan 1500 manat məbləğində borc almışdı və Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanda yerləşən evində onlara vermişdi. Bundan sonra 01 iyul 2012-ci ildə X5 yetkinlik yaşına çatmamış oğlu Haqverdiyev Elməddini ilan vurmuşdu və zəhərlənmə nəticəsində vəfat etmişdi. Həmin vaxt da onların hər ikisi (yəni Haqverdiyev Nürəddin və Haqverdiyev Nüsrət) ona təkrarən müraciət etmişlər ki, borc pul versin. O, yenə də dostu Əlimuradov Şahmurada müraciət etmişdi və xahiş edərək ondan 2000 (iki min) manat məbləğində borc almışdı və Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən evində onlara vermişdi. Borcu alan zaman onların hər ikisi onun Bakı şəhəri Nizami rayonunda yerləşən evində ona vədlər vermişdirlər ki, qısa müddətdə borcu qaytaracaqlar. Eləcə də həmin pulun onun tərəfindən borc alındığını da onlar bilirdilər. Habelə, dostu Əlimuradov Şahmurad da bilirdi ki, o, ondan aldığı borcları dəfn etmək üçün alır, göstərdikləri barədə ətraflı məlumatı olmuşdur. Haqverdiyev Nürəddin və Haqverdiyev Nüsrət ondan aldıqları həmin borcu geri qaytarmadıqlarına və onu aldatdıqlarına görə o, da Əlimuradov Şahmurada üzərinə öhdəlik kimi götürdüyü borcu vaxtında geri qaytara bilməmişdir. X6 borcunu tələb etməyə başlamışdı, hətta, ondan şikayət etmişdi. Bu səbəbdən borcu qaytarmaq üçün, o, məcbur olub “Dəmir Bank" ASC-dən xx.xx.2014-cü il tarixdə kredit götürmüşdü və Əlimuradov Şahmuraddan aldığı həmin borcu geri qaytarmışdı. Borcu qaytaran zaman, Əlimuradov Şahmurad ona bildirmişdi və ondan tələb etmişdi ki, borcu gec qaytardığına görə ona əlavə xərci də (yəni vurulmuş ziyanı) ödəməlidir. O, məcbur olub onun tələb etdiyi əlavə xərci də ödəmişdi. Yəni, ondan aldığı 3500 manatın əvəzinə, ona 5000 (beş min) manat qaytarmışdı. Bundan əlavə, götürdüyü krediti ödəyə bilmədiyinə görə "xxxx" ASC onu məhkəməyə vermişdi və barəsində məhkəməyə iddia qaldırmışdı. Qaradağ Rayon Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(002)-4528/2016 saylı qətnaməsi ilə həmin iddia təmin olunmuşdur. Hazırda o, həmin pulu "xxxx" ASC-yə tam ödəyə bilməmişdi, göstərdiyi bu səbəbdən onların hər ikisinə (Haqverdiyen Nürəddinə və Haqverdiyev Nüsrətə) müraciət etmişdi və ondan aldıqları həmin borcun qaytarmasını xahiş etmişdi ki, o da Bankdan aldığı həmin krediti qaytara bilsin. Lakin onların hər ikisi borcu qaytarmaqdan açıq şəkildə qəti imtina etmişlər. Son iki ildir ki, o daimi olaraq onların hər ikisinə bu barədə müraciət edir, hətta, yalvarır ki, ondan aldıqları həmin pulları ona qaytarsınlar. Lakin, onlar kifayət qədər maddi cəhətdən imkanları olduğu halda, ondan aldığı həmin borcu qaytarmırlar və bundan bilə-bilə yayınırlar. Bildirir ki, o, təqaüdçüdür və 280 manat pensiya alır. Satılmalı olan hər-hansı bir əmlakı yoxdur. Həyat yoldaşı ağır xəstədir (şəkər xəstəliyi). Maddi durumu çox pis və ağırdır. Eyni zamanda Haqverdiyev Nürəddinin Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 116/118 ünvanda yerləşən və mülkiyyətində olan 3 otaqlı mənzili, bundan əlavə, şəxsi mülkiyyətində olan “Mersedez Benz” markalı maşını vardır. Nüsrət Haqverdiyevin də Şəki rayonu, Kiçik Dəhnə kəndində yerləşən və mülkiyyətində olan yaşayış evi, “Vaz-2107” markalı maşını, 2 baş inəyi, 10 baş qoyunu, 10 baş keçisi və digər heyvan və quşları vardır. Belə imkanları olduğu halda onların hər ikisi ondan aldığı borclarını bilərəkdən qaytarmırlar və həmin borcu onlardan tələb etdiyinə görə onu söyüb, təhqir edirlər və ağır xəsarət yetirib öldürəcəkləri ilə onu hədələyirlər. Belə ki, bu ilin mayiyun ayında o, əvvəla X2 yaşadığı ünvan 3 ünvana gedib orada ondan borcu istəyən zaman, o, həmin evin həyətində, orada olan vətəndaşların yanında onun ünvanına nalayiq söyüşlər söyüb, onu təhqir etmişdi və onu hədələmişdi ki, onu döyüb öldürər. O, bildirdi ki, onun atası Haqverdiyev Əmir onun qardaşı olduğuna görə, onun borcudur onu dəfn etmək. Bu səbəbdən ona pul verməyəcək və borcu da qaytarmayacaqdır. Bundan sonra, həmin vaxtlar, yəni iyun ayında borcu almaq üçün Şəki rayonu, Kiçik Dəhnə kəndinə Haqverdiyev Nüsrətin yaşadığı evinə də getmişdi və orada ondan borcunu istəmişdi. Nüsrət Haqverdiyev də ona qarşı eyni hərəkətləri etmişdi, yəni onun ünvanına nalayiq söyüşlər söymüşdü və onu döyüb-öldürməklə hədələmişdi. O, da ona bildirmişdi ki, onun borcudur onun atasını və oğlunu dəfn etmək. Beləliklə, ona məlum oldu ki, onların hər ikisi onu aldadıb və etibarından sui-istifadə etməklə ondan 3500 (üç min beş yüz) manat məbləğində pulunu ələ keçirdiblər. Pulu ondan alan zaman cavabdehlərin hər ikisinin onu qaytarmaq niyyətləri (fikirləri) olmamış və bu hərəkəti onlar qabaqcadan əlbir olub törətmişlər. Məlum olduğu kimi törədilmiş bu hərəkətlər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan dələduzluq əməlinin tərkibini yaradır. Bu hərəkətlər onlar tərəfindən qabaqcadan əlbir olub və təkrar törədildiyinə görə (yəni 2010-cu və 2012ci illərdə törədildiyinə görə), onların əməlində CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Bundan əlavə, ictimai yerdə, insanların gözü qabağında onu söyüb-təhqir etmələri və onu döyüb-öldürəcəkləri ilə hədələri barədə hərəkətləri də məlum olduğu kimi CM-nin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq və 134-cü maddəsində nəzərdə tutulan öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə əməllərinin tərkibini yaradır. Bu səbəbdən tərəfindən Azərbaycan Respublikası DİN-nə müraciət olunmuşdur. Həmin müraciəti DİN-dən Bakı Şəhər Baş Polis İdarəsinə, oradan da Nizami RPİ-nə göndərilmişdir. Nizami RPİ-nin 23-cü Polis Bölməsində müvafiq araşdırma aparılmış və faktın mülki-mübahisə xarakter daşıldığı müəyyən olunaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Eləcə də həmin qərarda məsələnin həllindən ötrü müvafiq iddia ilə məhkəməyə müraciət olunması bildirilmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, o qardaşı oğlanlarına borc pul versə də qohum olduqlarına görə borc müqaviləsi bağlamayıb. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, nə onun nə qardaşının əmilərinə borcu yoxdu özü Rusiyada yaşayır və iş adamıdı kifayət qədər imkanı var idi atasını dəfn etdirməyə. Əmisi içki alüdəçisidi və topaz oynayır uduzur. Bütün nəsili belə bezdirib pul istəyir hamıdan digər Rusiyada yaşayan qardaşından və başqa qohumlardan da istəyir səs yazıları və yazışmalar var. İddia ərizəsində cəfəngiyyat yazıb guya onu ölümlə hədələyiblər. Ölümlə hədələmiş olsalar sonuncu dəfə evində süfrəsinin başında ailənin içində neçə oturdurdu. Sübut olaraq çəkilmiş fotoşəkillər var. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, əmisi ona heç vaxt pul verməyib onun da əmisinə heç vaxt borcu olmayıb. Bu səbəbdən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, İddiaçı ilə qonşudurlar, həmçinin bir yerdə işləmişlər. İllər əvvəl Hakim ondan borca 2000 manat pul istəmişdi və demişdi ki qardaşının yasını yola vermək üçün lazımdı o, da vermişdi. Borcu qaytarmamış Hakim ondan yenə 1500 manat borc pul istəmişdi və qardaşı nəvəsinin ilan sancmasından rəhmətə getdiyi üçün yası yola verməyə lazım olduğunu demişdi. Amma dəqiq nəyə xərclədiyini və kimə verdiyini bilmədi. Bir neçə ildən sonra borcunu qaytarmışdı.

İş materialları:

7. Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin İddiaçı ünvanlandığı 05 dekabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, müraciətlə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

8. Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 05 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı mülki mübahisınin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək qaydası izah olunmuşdur.

9. Bakı Şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 05 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X9 izahatında göstərmişdir ki, 2002-ci ildən kiçik sahibkarlıq fəaliyyəti ilə məşğuldur, atası Əmir 2010-cu ildə uzun sürən xəstəlikdən sonra rəhmətə getmişdir. Atası rəhmətə getdikdən sonra onun bütün dəfn mərasimini özü yola vermiş. Əmisi Hakimin Nürəddin və qardaşı Nüsrət barəsində yazdıqlarının şər və böhtan olduğunu, atasının yas mərasimini yola vermək üçün əmilərindən heç vaxt borc almamışdırlar. O əmisi Hakimin mütəmadi olaraq spirtli içki qəbul etməsini, içkili vəziyyətdə olduğu üçün bu cür ərizə yazmasını ehtimal edir. Onun əmisi və onun övladları ilə münasibəti həmişə normal olmuş. Əgər əmisi yas mərasiminə xərc çəkmiş olsaydı o, pulu əmisinə qaytarmış olardı. Nə özünün, nə də qardaşının əmilərindən borc almadığını, əksinə həmişə onun üçün cibxərcliyi verməsini bildirmiş, əksər hallarda Moskva şəhərində olduğundan əmisini təxminən bir il bundan qabaq görmüş, onu söyüb təhqir etməmiş, nə də ki, öldürəcəyi ilə bağlı ona hədə-qorxu gəlməmiş, bütün bunların əmisi tərəfindən ona atılmış şər və böhtan olduğunu qeyd etmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlər X3 və X8 qarşı iddia etdiyi borc tələbi məhkəmə iclasında sübuta yetməmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

12. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

15. Qeyd edilənlərdən müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər arasında yazılı müqavilə bağlanmamışdır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

16. Həmçinin iddiaçı tərəfindən cavabdehlərə verilən pul məbləği ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hətta şahid ifadəsindən də məlum olur ki, onun iddiaçıya borc verdiyi pulun iddiaçının hara xərcləməsini və kimə verməsini bilmir. Qeyd edilənlərdən məlum olur ki, iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Nəticə:

19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X3 və X8 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

20. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı cavabdehlər X3 və X8 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar