Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1724/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iş üzrə cavabdehdən 530 manat verilmiş pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh öz həyat yoldaşı ilə birlikdə ticarət fəaliyyəti ilə məşğul olur. Eyni qaydada o da ticarət fəaliyyəti ilə məşğul olmaqla, bir neçə dəfə cavabdeh və onun həyat yoldaşından satış məqsədi ilə müxtəlif mallar almışdır. 2023-cü ilin yanvar ayında cavabdeh ondan 6 000 (altı min) borc istəmiş və bildirmişdir ki, mal götürəndə bu borcu əvəzləşdirəcək və ya qaytaracaqdır. Cavabdeh və həyat yoldaşını tanıdığından etiraz etməmiş və bu pulu ona vermişdir. Həqiqətən də cavabdeh pulun bir hissəsini - ümumilikdə 4000 (dörd min) manatını müxtəlif vaxtlarda, 2023-cü ilin avqust ayinədək ona qaytarmışdır. Bundan sonra da onlar tərəfindən ödənişlər dayandırılmışdır. Daha sonra onun mütəmədi zəng etməsindən sonra cavabdeh yenə də hissə-hissə bank kartına göndərməklə ümumilikdə 1430 (min dörd yüz otuz) manat da ödəmişdir. Pulun 530 (beş yüz otuz) manat hissəsi isə ödənilməmiş və cavabdeh və onun həyat yoldaşı onun telefon zənglərinə cavab verməmişlər.
Tətbiq edilən hüquq :
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
4. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
5. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, ərazi aidiyyətina dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir. Hansı ki mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilməlidir.
8. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
9. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.
10. Həmin qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: a. Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; b. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə. c. Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; d. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
11. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanılmış, iddiaçı cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi əsası ilə cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. İş materialları və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş sorğu məlumatına əsasən müəyyən edilir ki, cavabdeh İmanova X1 Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi, ev 20, mənzil 5 ünvanında qeydiyyatdadır.
13. Belə olan halda, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Naxçıvan şəhər Məhkəməsinə verilməli olduğu halda, iddiaçı tərəfindən ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla hazırkı iddia tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Nəticə :
14. Beləliklə, məhkəmə qeyd edir ki, ərazi aidiyyətinə dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
15. İddiaçı hazırki iddia tələbi ilə Naxçıvan şəhər Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.
16. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (İddiaçı; FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2025, saat:15:19) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (İddiaçı; FİN:xxxxxxx; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:142211; tarix:xx.xx.2025, saat:15:19) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə yenidən aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva