Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1735/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin ləğvi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “xxxx” QSC ilə bağladığı 17 fevral 2020-ci il tarixli 002L**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 “xxxx” QSC ilə bağladığı 17 fevral 2020-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17 aprel 2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 Rafık oğlu götürdüyü kredit borcundan 112,79 manat ödəmiş, onun 1387,21 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27 yanvar 2021-ci il tarixə 285 gün üçün hesablanmış faiz borcu 181,42 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. 27 yanvar 2021 -ci il tarixə 285 gün üçün hesablanmış cərimə 394,97 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 Rafık oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Buna görə də, Cavabdeh2 ilə bağlamış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 1387,21 manat məbləğində kredit borcunun, 181,42 manat məbləğində faiz borcun və 394,97 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1963 (min doqquz yüz altmış üç) manat 6 (altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı “xxxx” QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 teleqramla məhkəməyə müraciət edərək, iş üzrə iddia tələbini müdafiə etdiklərini və təyin edilmiş məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilib, qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edib, izahatında göstərdi ki, o, iddiaçı “xxxx” QSC ilə bağladığı 17 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 1500 manat məbləğində kredit götürmüşdür. Bir ay ödəniş etdikdən sonra pandemiya ilə əlaqədar banka olan borcunu ödəyə bilməmişdir. Hesab edir ki, onun maddi vəziyyəti nəzərə alınmadan cərimə tələb edilməsi əsassızdır, cərimə silinməlidir. Qətnamə çıxarılarkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 002L**********03 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 120 ay müddətinə, 150000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq “kredit razılaşmaları” ilə müəyyən edilir; - “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 002L**********03 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 002R********** saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh2 12 ay müddətinə, aylıq 2,0833 faiz ödəmək şərtilə, 1.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 12 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - “xxxx” QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 002S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 həmin tarixli uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 17 fevral 2020-ci il tarixli qəbzdən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə 1.500 manat məbləğində pul “xxxx” QSC tərəfindən Cavabdeh2 hesabına köçürülmüşdür; - “xxxx” QSC-nin 18 yanvar 2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - 26 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir; - “xxxx” QSC-nin 23 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 002R********** saylı kredit razılaşması üzrə 27 yanvar 2021-ci il tarixinə 1387,21 manat əsas borcu, 181,42 manat faiz borcu, 394,97 manat cərimə borcu (gecikdirilmiş 285 gün üçün) olmaqla, cəmi 1963,6 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 002L**********03 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 120 ay müddətinə, 150000 manat məbləğində kredit xətti açılmış, həmin müqavilə üzrə 002R********** saylı kredit razılaşmasına əsasən ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12 ay müddətinə, aylıq 2,0833 faiz ödəmək şərtilə, 1.500 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında bağlanmış razılaşma üzrə pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh2 hesabına köçürülmüşdür. Cavabdeh2 kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı kimi, “xxxx” QSC ilə Cavabdeh1 arasında 17 fevral 2020-ci il tarixli, 002S**********02 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərilərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş və nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 iddiaçı “xxxx” QSC ilə bağladığı 17 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə razılaşma ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh2 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 “xxxx” QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə tədqiqinə əsasən məhkəmə belə qənaətə gəlir ki, tələb olunan əsas borcun və faiz borcunun tutulması üçün qanuni əsaslar vardır, lakin işin halları nəzərə alınaraq, iddiaçının tələb etdiyi 394,97 manat cərimə (dəbbə pulu) 1963,6 manat əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Cərimə məbləğinin tamamilə silinməsi barədə cavabdehlərin göstərdiklərinin isə əsası yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli 002L**********03 saylı kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi əsasında bağlanmış 002R********** saylı kredit razılaşması üzrə 1387,21 manat əsas borc, 181,42 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 1618,63 manat borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehlərə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 fevral 2020-ci il tarixli, 002L**********03 saylı kredit müqaviləsi ləğv edilsin. 17 fevral 2020-ci il tarixli, 002R********** saylı kredit razılaşması üzrə 1387,21 (min üç yüz səksən yeddi manat, iyirmi bir qəpik) manat əsas borc, 181,42 (yüz səksən bir manat, qırx iki qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə olmaqla, cəmi 1618,63 (min altı yüz on səkkiz manat, altmış üç qəpik) manat borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “xxxx” QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1735/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1735/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver