Məhkəmə qərarları › İş №2(007)-1741/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1741/2023

13.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1741/2023 13.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı1, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Papet oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Papet oğlu cavabdeh "xxxx" MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, 2000-ci ilin əvvəllərində yaxından tanıdığı Biləsuvar rayon sakini X21 həmin rayonun Arazbarı kəndi ərazisində olan 60 hektar torpaq sahəsini qoyunçuluğun inkişafı üçün icarəyə götürdüyünü, amma imkan olmadığına görə torpağı münbitləşdirə bilmədiyini onlara danışmışdır. Z.Məmmədovla aralarındakı razılaşmaya görə onlara məxsus iri və xırda buynuzlu heyvanları həmin torpaq sahəsində oğlu Ramillə birlikdə saxlamağa başlamışlar ki, gələcəkdə o torpağı qanuni əsaslarla öz adlarına keçirib əsaslı təsərrüfat yaratmışlar. Bu məqsədlə 17 il ərzində o torpağa vicdanla qulluq edib münbitləşdirmişlər. Bundan ötəri 3500 3x3 metrdən artıq dirinal çəkilmiş 3 otaqlı yaşayış evi tikilmiş, çobanlar üçün 2 otaqdan ibarət yaşayış evi, sanitar qovşaqları, hamam, 3 ədəd hər biri 10 metr uzunluğunda hovuz, 1 ədəd 15 metr uzunluğunda tövlə tikilib istifadəyə verilmişdir. Yaşayış, qeyri-yaşayış, tikilmiş digər obyektlərə elektrik xətləri, transformator, su xətləri, aqro-texniki qurğular və sairə işlər görülmüşdür. Bu işlərin görülməsi üçün oğlu Ramil ilə birlikdə 150 min manata kimi pul xərcləmişlər. Hətta bu faktları Biləsuvar rayon Məhkəməsinin 2(0022)-44 (2022) nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində göstərildiyi kimi X21 özündə etiraf edərək 5 nəfər şahidlə xx.xx.2021-ci il tarixdə zaminin yazdığı aktı imzalayıb təsdiq etmişlər ki, göstərilən torpaq üzərində tikilmiş yaşayış və qeyri-yaşayış sahələri, obyektlər qurğular İddiaçı2 Paped oğlu, İddiaçı1 ilə birlikdə həyata keçirmişlər. O, tikililərin sahibləri də onlardır. Bununla yanaşı torpaq sahəsində apardıqları tikinti quraşdırma işlərin qiymətləndirilməsi üçün işə cəlb edilən ekspert belə bir rəy vermişdir ki, görülmüş işlərin nəticəsi 139943 manata qiymətləndirilir. Hazırda cavabdeh onun torpaq sahəsində olan tərəflərindən inşa edilmiş yaşayış, qeyri-yaşayış sahələrinə, obyekt və qurğulara qoyduğu vəsaitin ödənilməsi barədə heç bir tədbir görmür və özbaşınalıq edərək yazdığı ərizəyə də cavab vermir. Qeyd olunanlara əsasən, Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdikləri yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139443 manat məbləğin "xxxx" MMC-nin hesabından İddiaçı2 Paped oğlunun və İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilən “İddiaçı2 Paped oğlu” və “İddiaçı2” sözlərinin “İddiaçı2 Papet oğlu” sözləri kimi yazılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan torpaq sahəsi üzərində heç bir sənəddə və ya hər hansı formada bağlılığı görünmədiyindən məhkəmə mübahisəsinin subyekti kimi tanınmamışdır. Əgər iddiaçı müstəqil mübahisə subyekti kimi 2(022)-12/2022 №-li məhkəmə mübahisəsində iştirak etmiş olsa idi, Biləsuvar Rayon Məhkəməsinin mübahisəyə münasibətindən bu nəticəyə gələ bilinər ki, cavabdehin sahibliyində olan torpaq sahəsini zəbt etmiş və məhkəmə qətnaməsi ilə torpağı öz hesabına tamamilə boşaldaraq tərk etməsi öhdəliyi qoyulmuş şəxslər siyahısında İddiaçı1 və İddiaçı2 da olacaqdır. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-12/2022 №-li qətnaməsindəki cavabdehin və şahidlərin izahatları ilə tanış olduqda aydın olur ki, İddiaçı1 öz iddia ərizəsində qeyd etmiş olduğu kimi “Azərsun Holdinq“ MMC-nin hərəkətləri nəticəsində ona dəymiş zərər yox, Cavabdeh MMC-dən heç bir reallığa və ya sübutlara əsaslanmayan artıq pul məbləği əldə etmək maraqlandırır. İddiaçının hazırki mübahisə üzrə məhkəməyə müraciətindəki əsl motivini Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(022)-44/2022 №-li qətnaməsində qeyd olunmuş X11 izahatından görmək mümkündür: "Cavabdeh Z.Ş.Məmmədov habelə bildirmişdir ki, İddiaçı1 mübahisəli torpaq sahəsinin "Azərsun Holdinq” şirkətinin mülkiyyətinə verildiyi və həmin şirkətin onlardan mübahisəli torpaq sahəsini boşaltmalarını tələb etməsi barədə xəbər tutduqdan sonra onlara həmin sahənin onun təkbaşına sərəncamına verilməsini təklif etmişdir. Həmin vaxt İddiaçı1 mübahisəli torpaq sahəsində müxtəlif qanunsuz tikililər tikmək və kənar şəxsləri oraya köçürmək yolu ilə Cavabdehndən külli miqdarda pul vəsaiti alacağını bildirmiş və həmin şirkətdən alacağı pul vəsaitindən onlara da xeyli pay ayıracağını vəd etmişdir". (Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-44/2022 №-li qətnaməsi, s.4) Qeyd etmək lazımdır ki, hazırki məhkəmə mübahisəsinin əsası və predmeti Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(022)-44/2022 №-li qətnaməsində qeyd olunan məhkəmə mübahisəsinin əsası və predmeti ilə eynilik təşkil etməkdədir. Yalnız cavabdeh qismində çıxış edən şəxs dəyişdirilərək Cavabdeh MMC-yə çevrilmişdir. Yəni, iddiaçı eyni mübahisə əsası və eyni mübahisə predmeti ilə artıq ikinci dəfə məhkəməyə müraciət etməkdədir. Belə ki, iddiaçının hal-hazırda təqdim etmiş olduğu iddia ərizəsinin təmin edilməsi vahid məhkəmə təcrübəsi prinsiplərinə ziddir və yolverilməzdir. İddiaçının iddia ərizəsində əvəzini tələb etdiyi işlər cavabdehin razılığı və ya xəbəri olmadan icra edilmişdir. İddiaçı qanunsuz olaraq cavabdehin mülkiyyətində olan torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsində cavabdehin iradəsinə zidd olan işlər görmüşdür. Yəni, nəinki cavabdeh məhkəmə qətnaməsinə əsasən, dolayı yolla iddiaçını torpaq sahəsindən çıxarmaqla iddiaçıya hər hansı formada maddi ziyan vurmuş, cavabdehin sahibliyində olan torpaq ərazisində qanunsuz tikililər inşa etməklə iddiaçı cavabdehə maddi ziyan vurmuşdur. Həmin tikililərin sökülməsi, ərazinin yenidən səhmana salınması tikililərin qalıqlarının daşınması cavabdeh üçün əlavə xərclərin yaranması deməkdir. Məhz bu səbəbdən, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-12/2022 №-li qətnaməsi ilə X11 üzərinə qeyd olunanların öz hesabına sökülməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(022)-44/2022 №-li qətnaməsində məhkəmənin mövqeyinə əsasən, başqa şəxsin mülkiyyətində olan, lakin qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikili və qurğulara görə çəkilmiş xərclərin əvəzinin həmin tikili və qurğuları inşa etdiyini iddia edən (qanunsuz inşa edən) tərəfin xeyrinə tutulması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçı mübahisəli torpaq sahəsində hər hansı tikili və qurğu inşa etmiş və aqrotexniki işlərin görülməsinə vəsait xərcləmişsə belə, İddiaçı1 həmin işləri hər hansı müqavilə olmadan, öz riski ilə həyata keçirmişdir. Belə olan halda, iddiaçının iddiası əsassızdır və və sözügedən iddia barəsində subyektiv hüququ yoxdur. İddiaçı1 xx.xx.2023-cü il tarixdə cavabdehin etirazına yazılı izahat verərək bildirmişdir ki, "xxxx" MMC tərəfindən onun iddia tələbinə qarşı yönəlmiş etirazın məzmun və məhiyyəti ilə tanış olaraq onun dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh etirazını onunla əsaslandırır ki, guya mübahisəli torpaq sahəsində tərəfindən əkin-biçin və tikinti işlərinin aparılmasına dair hər hansi bir sübut, mütəxəssis rəyi və ekspert rəyi təqdim olunmamış və onun cavabdehdən heç bir ziyan tələb etmək hüququ yoxdur. Eləcə də guya onun hazır ki, idddianı qaldırmağa subyektiv hüququ yoxdur. İş materiallarında mövcud olan Beləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 12/2022 saylı qətnaməsi ilə məhkəmə tərəfindən müəyyən edilən hallardan, eləcə də, həmin iddiaya əlavə etdiyi 0,60 ha torpaq sahəsində aparılan tikinti və aqrotexniki işlərin onun tərəfindən aparılmasını təsdiq edən aktdan və iddia ərizəsimə əlavə edilən ekspert rəyindən də görünür ki, həqiqətən də hazırda mübahisəsi gedən 0,60 ha əkin torpaq sahəsində aparılan tikinti və aqrotexniki işlər onun tərəfindən aparılmış və bu torpaq sahəsindən istifadəyə dair həmin sahənin icarədarı tərəfindən ona bu sahədən uzun müddətli istifadəyə dair baş etibarnamə də verilmişdir. Eləcə də həmin icarə sahəsində apardığı tikinti materiallarının alışına və daşınma xərclərinə dair tərəfindən ödənilmiş qəbzlər də mövcuddur. Beləliklə, göründüyü kimi həmin torpaq sahəsində ona məxsus və tərəfindən inşa edilmiş tikililər mövcuddur və hazırki vəziyyətdə həmin tikililərin sökülərsə ona real ziyan dəyəcəkdir. Hazırki, iddiada ona dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsi ilə bağlıdır. Onun həmin ərazidə tikilmiş tikililərə əmlak hüquqları mövcuddur və bu baxımdan o, həmin ziyanı tələb etməkdə haqlıdır. Həmçinin X1 Rayon Məhkəməsinin 2(022)- 12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, həqiqətən həmin fermaya şəhid atası İddiaçı2 Papet oğlu və İddiaçı1 onun vəsaiti olmadığı üçün fermanın abadlaşdırılması və sair üçün bütün xərcləri onlar çəkmişdir. Qeyd etdiklərinə əsasən iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onlar şəhid ailəsidirlər. Qardaşı şəhid olmuşdur. Onlar məcburi köçkün kimi gəldikləri zaman Biləsuvar rayonunda məskunlaşmış, şəhid ailəsi olaraq 2000-ci ildən 2019-cu ilə kimi orada ağac əkmiş, tikinti işləri aparmış, inkişaf etdirmiş, yaşıllıqlar salmış, öz hesabına 2014-cü ildə 3500 m uzunluğunda, 3x3 sm ölçüdə şoranlıq, kanal çəkdirmiş, oranı abadlaşdırmışlar. 2015-ci ildə o, şoranlığı şumlatdırmış, qarda saxlamışdır, çünki torpaq sovrulduqca şirəsi gedir. O, ora nə qədər peyin və azot tökdürmüşdür. O, 2006-cı ildə yonca əkdirmiş, torpağın şirəsi sovrulduğu üçün 2018-də yoncanı götürmüşdür. Torpaq 2000-ci ilə kimi Zaminin atasının adına olmuşdur. Məmmədov Zaminin 2000-ci ildən müqaviləsi və icra vərəqəsi olmuşdur. O, buna əsasən vergi ödəmişdir. Məmmədov Zaminin əlyazması ilə yazısı vardır ki, ona bu torpaqdan istifadə etməsi, oranı abadlaşdırması üçün etibarnamə verir. X31 vəsaiti yox idi, ona görə o, etibarnamə vermişdir ki, onlar ora vəsait qoysunlar və oranı inkişaf etdirsinlər. 2006-cı ilin çıxarışına əsasən notariusda Məmmədov Zamin ona etibarnamə vermiş, o da həmin etibarnamə ilə İqtisadiyyat Nazirliyi yanında X5 50000 manat məbləğində pul götürmüşdür. Zaminin çıxarışı olmamışdır. İcarə müqaviləsində Məmmədov Zaminin adı qeyd edilib. 2002-ci ildə Zamin Məmmədovla sözləşib yonca əkmişlər, digər abadlıq işləri görmüşlər. O, etibarnanə avtomobil üçün almamışdır. Həmçinin o, etibarnamə əsasında Zaminin hüquqi təmsilçisidir. Lakin, onların adına icarə müqaviləsi olmamışdır. Əsas mayanı isə onlar 2014-cü ildən qoymuşlar. Zaminə 30000 manat ev tikməsi üçün vermişlər, o da onlara torpaqdan istifadə ilə bağlı etibarnamə vermişdir. Çünki onun həmin sahəni abadlaşdırması üçün imkanı olmamış, onlar da etibarnamə verməsi əsasında orada tikinti, abadlıq işləri aparmışlar. Ora o, yenə də vəsait qoymuşdur. Həmin sahədə 20 ha yonca, 30 ha xəşil vardır. Bütün bunları "xxxx" MMC dağıdıb. Çox qəribə haldır ki, onların xəbəri olmadan cavabdeh "xxxx" MMC 2010-cu ildə məhkəmə qərarı olmadan qanunsuz olaraq yüklü torpağa çıxarış əldə etmişdir. X43 ekspertizanın həyata keçirilməsi ilə bağlı qərar qəbul etmiş, lakin həmin qərardad icra edilməmişdir. Buna da səbəb "xxxx" MMC-nin sifarişi olmuşdur. Guya ki, ekspertiza keçirilməsi üçün vəsaitləri, aparatları olmamışdır. Lakin o, buna əhəmiyyət verməyərək öz vəsaiti hesabına ekspertiza keçirilməsinə və rəy alınmasına nail olmuşdur. Torpağın ümumi sahəsi 60 ha olmuşdur və bu torpaq Məmmədov Zaminin adına 2025-ci ilə kimi icarədədir. Eyni zamanda, etibarnamə 2025-ci ilə kimi qüvvədədir. "xxxx" MMC pul verib etibarnaməni ləğv etdirmişdir. Onlar yaşayış evini 2007-ci ildə tikmişlər. O, eyni zamanda qeyd etdi ki, kanaldan su çəkdirmiş, bu zaman katlaban ilə betonlardan istifadə edilmişdir. Bununla bağlı ekspert rəyi və şəkillər də vardır. Torpağı bel ilə bir dəfə qazanda zəhərli su çıxırdı. Ona görə orada heç nə bitmirdi. O da işçilər gətirmiş, işçilər ora baxmış, yoxlamış və bildirmişlər ki, üç metr dərinliyində kanalı aparıb şoranlığa qoşmaq lazımdır. "xxxx" MMC-nin onların sahəsindən aşağıda 1700 hektar yerləri var, orada dərin şoranlıq var. Bundan əlavə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinə əsasən o, "xxxx" MMC-yə qarşı iddia qaldırmalıdır. Qarşı tərəf ya şəhid ailəsinin torpağını, ya da çəkdiyi xərci qaytarsınlar. Biləsuvar rayon Məhkəməsinin hakimi Rəfail Əliyev qətnamədə qeyd edib ki, o, tikililərin, abadlıq işləri ilə bağlı xərcləri əmlakın sahibindən, "xxxx" MMC-dən tələb etməlidir. Əgər ki, şəhid atasının və ailəsinin hüququ olmasa idi, bunu tələb etməzdi. 2010-cu ildə "xxxx" MMC icarə müqaviləsi onun adına olduğundan Məmmədov Zamini torpaqdan çıxması üçün məhkəməyə vermişdir. Məhkəmə qətnaməsində Məmmədov Zamin öz izahatında torpağın onun adına olsa da, bura maya qoyan şəxsin İddiaçı2 Papet oğlu və İddiaçı1 olduğunu qeyd edib. Bununla bağlı akt, şahidlər, sübutlar da vardır. 2006-cı ilin çıxarışına görə torpağın sahəsi 1700 hektardır. Onların isə 262 hektar sahəsi var. Ona görə də həmin çıxarışın saxta olması ilə bağlı vəsatət vermişdir. Zamin Məmmədov məhkəmədə demişdir ki, o, maya qoya bilmədiyinə görə, torpaq onun icarəsində ola-ola, vəsaiti olmadığına görə vəsaiti İddiaçı2 qoyub. Zamin bunu birinci instansiya məhkəməsində də, Rəfail Əliyevin qərarında da qeyd edib. Bununla bağlı akt da var, ekspertin rəyi də aktı təsdiq edir. Biləsuvar Rayon Məhkəməsində hakim onlara demişdir ki, onları tanımırlar. Sonra onların məlumatı olmuşdur ki, qərar onların ziyanına çıxarılmışdır və məsələ onların maraqlarına toxunurdu. Qərarı istəyib, lakın qərarı vermirdilər. Onun 2022-ci ildə Biləsuvar Rayon Məhkəməsinin qətnaməsindən şikayət verməyə hüququ olmamış, xəbəri olmamışdır. O da məcbur olub Zamini məhkəməyə vermişdir. Məmmədov Zamin isə izahatında qeyd edib ki, vəsaiti o qoymamış, şəhid atası qoymuşdur. X35 qətnaməsinə əsasən o, Zaminə qarşı pul tələbi ilə bağlı iddia qaldıra bilməz, o, əmlakın sahibinə qarşı iddia qaldırmalıdır. Biləsuvar Rayon Məhkəməsinin birinci qətnaməsindən Zamin də şikayət verməyib, çünki "xxxx" MMC onlara 12000 manat pul təklif etmişdir. Çobanın pulunu da özü vermişdir. Torpağı 2014-cü ildən sonra özəlləşdirmək istəmişdir. Torpaq o vaxt yerli sakinin adına olmalı idi. O da Ağdam rayonu üzrə qeydiyyatdadır. Məcburi köçkün kimi orada maya qoyub, tikinti etmişik. Qeyd etməliyəm ki, zorakılıq edib, camaatı döyüb həmin ərazidən qoyan "xxxx" MMC-dir. Məhkəməni aldadaraq saxta çıxarış əsasında saxta qərar çıxarıblar. Onu 2019-cu ildə həmin sahədən çıxarmışlar. Cavabdehin nümayəndəsi qeyd edir ki, guya Zamin məhkəmədə ifadəsində deyib ki, o, ora hamını gətirməsini, xərci "xxxx" MMC-dən alacağını demişdir. Hamı dedikdə kimi nəzərdə tuturlar? Habelə akt var ki, Zamin orada özü qeyd edib ki, İddiaçı2 şəhid pulu və s. digər vəsait əsasında ora xərc çəkib. Onun sübutları göz qarşısındadır. Ekspert rəyi, çəkdiyi xərclər hamısı göz qabağındadır. Onlar iddialarında şəhid ailəsinin çəkdiyi xərcin 100%-dən yalnız 50%-i qoymuşlar. Zamin Məmmədov ona etibarnamə vermiş və o da inanmışdır ki, 2024-cü ilə qədər əkin-biçinlə məşğul olar, qoyduğu vəsaitin yarısını götürər və sonda da torpağı özəlləşdirər. O, "xxxx" MMC-nin əmlak sahibi olduğunu və çıxarışa malik olduğunu bilməmişdir. Lakin cavabdeh vəzifəsindən sui-istifadə edərək şəhid ailəsini əzib. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirərək əlavə olaraq göstərdi ki, 2000-ci ildə Zamin bəy Kənd Təsərrüfatı nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətdən torpağı- həmin əmlakı icarəyə götürmüşdür. Torpağı icarəyə götürəndən sonra icarə müqaviləsi bağlanmış və etibarnamə verilmişdir. 2010-cu ildə "xxxx" MMC torpağı icarəyə götürmək istədikdə dövlətə müraciət edib və əmin olub ki, torpaq dövlətə məxsusdur, dövlətin mülkiyyətindədir. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin torpağı Məmmədov Zaminə, dolayı yolla İddiaçı1 icarəyə vermək hüququ olmamışdır. Bunun nəticəsində nəinki Zamin Məmmədov həmçinin Zeynalov Sərdar və Rüstəmov Famil olmaqla üç nəfər torpağı zəbt ediblər. Bu üç nəfər torpağı Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağladıqları icarə müqaviləsinə əsasən icarəyə götürüblər. "xxxx" MMC tərəfindən həmin şəxslər məhkəməyə verilib və onların icarə müqaviləsinin etibarsız olduğu ortaya çıxmışdır. Dolayı yolla həmin şəxslərin istifadə hüquqları da yaranmayıb. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 saylı qətnaməsinə əsasən cavabdeh qismində cəlb edilən üç şəxs torpaq sahəsində hansı işləri görməsindən asılı olmayaraq çıxardılmışdır. Həmin şəxslərlə əsassız icarə müqavilələri bağlanıldığı üçün onlar o ərazidən çıxarılıblar. İddiaçı1 həmin torpaq sahəsi ilə əlaqəsi olmadığından onun adı məhkəmə qətnaməsində subyekt olaraq qeyd edilməyib. Belə ki,məhkəmə qərar çıxarmışdır ki, həmin şəxslər torpaqdan çıxarılsın, hətta həmin şəxslər torpağı öz hesablarına təmizləsinlər, "xxxx" MMC-yə dəymiş ziyan qaytarılsın və həmin 3 nəfər torpaqdan uzaqlaşdırılsınlar. 2006-cı il və 2010-cu ildə torpağı icarəyə götürəndə heç bir yüklülük olmamışdır. 2022-ci ildə İddiaçı1 Məmmədov Zamini məhkəməyə vermişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı qətnaməsi ilə etibarnamə tanınmayıb, qətnamədə etibarnamənin Məmmədov Zamin tərəfindən İddiaçı1 yalnız avtomobil istifadəsi üçün verildiyi qeyd edilib. Torpaqdan istifadəsi ilə bağlı etibarnamə verilməsi ilə bağlı əsas göstərilməyib. Məhkəmənin mövqeyini İddiaçı1 düzgün izah etmir. Burada İddiaçı1 subyektiv hüququ yoxdur, çünki subyektiv hüququ təsdiqləyən sənədi də yoxdur. Etibarnamədə isə torpaqla bağlı heç nə qeyd edilməmişdir. Zaminin isə məhkəməyə verdiyi izahatda qeyd edilir ki, etibarnamə avtomobil üçün verilib. Əgər İddiaçı1 subyektiv hüququ olsa idi, real mülkiyyətçiyə qarşı iddia qaldıra bilərdi. İddiaçı1 hətta qanunsuz olaraq sahibkarlıqla məşğul olmuşdur. O, yonca əkdiyini, satdığını qeyd edir. Yəqin ki, 60 hektar ərazidə əkilmiş bitkilərin satışı da nəzərdə tutulmuşdur. İddiaçı Hüseynov X28 Zamin ilə şifahi razılıq əsasında həmin torpaqdan istifadə etmişdir, Cari vəziyyətdə sahənin qiyməti heç bir əhəmiyyət kəsb etmir. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsin əsasən İddiaçı1 həmin qətnamədə cavabdeh qismində əks edilsə idi belə mövqe yenə eyni olacaqdır. Torpaq sahəsi 2006-cı ildən "xxxx" MMC-nin istifadəsindədir. Şəxsin həmin sahədə qurğu və tikililəri tikməsi, işlər görməsi "xxxx" MMC-nin maraqlarına uyğun gəlmir. Həmin qurğuların söklüməsi üçün əlavə işçi qüvvəsi lazımdır, bu da əlavə pul vəsaiti tələb edir. İddiaçı1 abadlıq işlərini apardığı forma "xxxx" MMC-nin prinsiplərinə uyğun deyil. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinə əsasən qeyd edilir ki, tikililər Zamin Hüseynovun hesabına yığışdırılmalıdır. Zamin Məmmədovla danışığa gələ bilmədiklərinə görə "xxxx" MMC tikilini özü yığışdırıb. Məqsəd torpağın bar verməsidir. "xxxx" MMC müxtəlif bitkilər, yonca və s. əkir. Bunun üçün də sahibkarlara dövlətdən müvafiq yardımlar ayrılır. Ona görə də sahibkarlıq fəaliyyətini dövlətin prinsiplərinə uyğun qurmaq lazımdır. Məhz bunun üçün Kənd Təsərrüfatı Nazirliyindən pul ayrılır. O yardımları əldə etmək üçün işləri dövlətin prinsiplərinə uyğunlaşmaq lazımdır. İddiaçı1 etdiyi işlər isə onlara əlavə iş artırıb. Onlar onları yenidən sökməlidirlər. Onlar Biləsuvar Rayon Məhkəməsində Zamin Məmmədov da daxil olmaqla 3 nəfər cavabdehə qarşı iddia qaldırmışlar. Məmmədov Zamin isə kompensasiya tələbi ilə bağlı qarşılıqlı iddia qaldırmışdır. Lakin qarşılıqlı iddia təmin edilməyib. X4 da bildirmişdir ki, Ramil bəy sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Buna görə də X40 Hüseynova torpağı subicarəyə verməli idi. Biləsuvar Rayon məhkəməsinin qətnaməsinə əsasən, hansı ki İddiaçı1, cavabdeh isə Məmmədov Zamin idi, burada məhkəmə hesab edir ki, burada subicarə münasibətləri olmalı, şəxsin hər hansı bir hüququnun formalaşması üçün dövlət reyestrində qeydiyyata alınmalı idi. Kənd Təsərrüfatının nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətinin, hansı ki Məmmədov Zaminə torpağı icarəyə verib, həmin müqavilənin 1-ci hissəsinin 4-cü bəndində qeyd edilib ki, həmin icarə müqaviləsi əsasında torpaq subicarəyə verilə bilməz. Məmmədov Zamin istəsə idi, iradə ifadəsi olsa idi belə İddiaçı1 o torpağı istifadəyə verə bilməzdi. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin halları iddiaçı əvvəlcədən bilmişdir. Ona görə də iddiaçının ona verilən etibarnamə əsasında təsərrüfatın onun mülkiyyətinə keçməsi və həmin təsərrüfata 150000 manat xərc çəkməsi inandırıcı deyil. Şəxsin torpaqda nəsə əksə, tiksə gələcəkdə onun ola biləcəyi və ya olmalıdır fikrini düşünmək ehtimalı belə yox idi. Həmin ərazilər çox şoranlıqdır və tez münbitləşdirmək mümkün deyildir. Habelə reyestr də koordinatları gec verib. Onlar dövlətdən torpağı icarəyə götürəndə notarial qaydada icarə müqaviləsi bağlamışlar. Hal-hazırda Zamin bəyin icarə müqaviləsinin etibarsızlığı məsələsi də mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru cari vəziyyətdə dələduzluq ilə ittiham edilib və həbs edilib, çünki ona məxsus olmayan torpaqları başqasına icarəyə verib. Şəxslərə ziyan vuran məhz o direktordur. İddiaçı1 o halda etibarnamə əsasında Zamin Məmmədovun maraqlarını müdafiə edərdi ki, Zamin Məmmədov iddia qaldırmış olsun. Məmmədov Zamin iddia qaldırmayıb, hüquqa əməl etmədiyinə görə "xxxx" MMC-nin onu bu sahədən çıxarmasını qeyd edib. X33 Hüseynova verdiyi etibarnamə notarial qaydada vaxtından əvvəl ləğv edilib. İddiaçı kənd təsərrüfatı işlərini apardığını qeyd edir, lakin orada yaşayış evi də tikilib. İddiaçı iddia ərizəsində də bunu qeyd edib, hətta iddiaçının atası da orada yaşayıb. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinin qət etdi hissəsində yazılıb ki, ekspertiza keçirilib, hansı çıxarışa əsasən torpağın aid olduğu müəyyən edilib. Çıxarış 2010-cu ilin çıxarışıdır. 252 hektar torpaq sahəsini göstərir. Beləsuvar Rayon Məhkəməsi 2(022)-44/2022 saylı qətnaməsi ilə hesab etmişdir ki, başqasının mülkiyyətində olan, lakin qanunsuz olaraq zəbt edilmiş qanunsuz olaraq inşa edilən tikili və qurğulara görə tikili və qurğuları inşa edən tərəfin xeyrinə tutulması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Rəfail Əliyevin sədrlik etdiyi iş üzrə məhkəmə qətnaməsində qeyd edilib ki, həmin işdə cavabdeh olan X40 Hüseynovun ona nə qədər bacarırsa adam gətirməsini, tikinti etməsini və bunların xərcini "xxxx" MMC-dən alacağını deməsini bildirib. İşin mahiyyətinə baxdıqda Kənd Təsərrüfatı Nazirliyininin nəzdində olan Məhdud Məsuliyyətli Cəmiyyət torpağı qanunsuz şəkildə icarəyə verib deyə bu problemlər yaşanır. Bunun əziyyətini isə nə İddiaçı1, nə də ki "xxxx" MMC çəkməli deyildir. "xxxx" MMC heç kəsin sahibkarlıq fəaliyyətinə göz dikəsi deyil. Məhkəmə qətnaməsi ilə İddiaçı1 subyektiv hüququ olmadığı üçün o müstəqil tələb irəli sürməyən üçüncü şəxs, nə də ki cavabdeh kimi tanınmayıb. Cavabdeh Zamin Məmmədov olub, ona qarşı da "xxxx" MMC iddia qaldırıb və iddia tam təmin edilib. Qeyd olunan ərazi böyük sahə olduğundan vətəndaşların kiçik bir hissəsinin biznesləri vardır. "xxxx" MMC-nin bundan xəbəri olmamışdır. Sonra ölçü aparılanda ortaya çıxır ki, həmin torpaqlar da onlarındır. "xxxx" MMC kənd təsərrüfatı məhsulları, taxıl, buğda-bir sözlə əkin bitkiləri əkir. Onlar torpaq sahəsini əkin məqsədilə götürmüşlər. "xxxx" MMC-nin respublikanın müxtəlif hissələrində əkin sahələri vardır, onların eyni anda əkilməyi mümkün deyildir. İcarəyə götürməkdə əsas məqsəd əkin-biçin etmək və fayda əldə etmək olmuşdur. 1700 hektar torpağı əkməmələri qarşı tərəfin onların torpağında qanunsuz olaraq tikinti aparmağına dəlalət vermir. Ərazi böyük olduğundan MAPS vasitəsilə hasarlar çəkilir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 etirazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirərək əlavə olaraq göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi iş üzrə əsas sübut qismindədir. Hazırda 2010-cu il tarixli çıxarış və 260 kv.m sahə var. X19 torpaq sahəsindən çıxarılması və ərazinin boşaldılması ilə bağlı əsaslar qeyd edilib. Həmin sahə Məmmədov Zaminin hesabına sökülməlidir. Qətnamə ərazidən çıxarılma hissəsində icra edilməlidir. O zaman "xxxx" MMC Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 saylı qətnaməsində cavabdeh qismində əks edilən üç nəfərə kompensasiya barədə razılığa gəlməyi təklif etmiş, orada cavabdehlər müxtəlif fikirlər bildirmişlər. Cavabdehlərdən bir nəfər razı olmuş, digərləri isə razı olmamış, 20000-30000 manat məbləğində kompensasiya istəmişlər. Həmin məbləğlər isə yüksək idi. İddiaçı etibarnaməsi olduğunu iddia edir. Etibarnamə təmsilçiliyi ifadə edir. Bu o deməkdir ki, edilən bütün hərəkətlər Məmmədov Zaminin adından həyata keçirilib. Biləsuvar rayon Məhkəməsinin qətnaməsində qeyd edilmiş “İddiaçı1 xərcləri niyə Zamin Məmmədov yox, torpağın sahibindən, yəni "xxxx" MMC-dən tələb etməsi ilə bağlı hissə izah edilməlidir. Məhkəmə iddiaçının subyektiv hüququnu, cavabdehin məsuliyyətini müəyyən edir. Məhkəmə belə hesab edir ki, İddiaçı1 subyektiv hüququ yoxdur, olsa idi belə "xxxx" MMC-yə qarşı iddia qaldıra bilər. Biləsuvar Rayon Məhkəməsinin qətnaməsində qeyd edilən cümlənin sadəcə bir istiqamət, tövsiyə kimi müəyyən edilməsini xahiş etdi. "xxxx" MMC-nin məsuliyyəti Nizami Rayon Məhkəməsində müəyyən edilməlidir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 Papet oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində bildirmişdir ki, o və atası Şükür 2014-cü ildən 2017-ci ilə kimi sözügedən torpaq sahəsində Ramil bəy üçün işləmişlər. Onlar birlikdə ümumilikdə 300 manat pul alırdılar. Onlar qoyunlara baxırdılar, orada 100-120 arası qoyun var idi. Onlar ora gələndə ferma şəraiti əla vəziyyətdə deyildi. Biləsuvar rayonunun ərazisi şoranlıqdır, əkinə yararlı deyil. Adicə onların qaldıqları yerin şəraiti yaxşı olmamışdır. Oranı Ramil müəllim düzətmişdir. Torpağın abadlaşdırılması, yonca əkilməsini, heyvanlar üçün tövlənin hamısını Ramil müəllim edib. Bütün bu işlərin aparılmasına özü şahid olmuşdur. Əkin olaraq yonca əkilirdi. O, 3 il daimi orada olmamışdır. O, məktəbə getdiyi üçün şənbə-bazar ora gəlmişdir. Ancaq o, orada İddiaçı1 başqasını görməmişdir. Pulu atası alırdı, Ramil müəllim pulu atasına verirdi. 2017-ci ilə kimi heç kəs gəlib onlara buradan çıxmaqla bağlı heç nə deməmişdir. O, orada olanda heç kəs gəlməmiş, orada olandan Ramil müəllim və Saday müəllimi görmüşdür. O, Zamin bəyin adını eşitmiş, onun 50-60 baş heyvanı olmuşdur. Sahibkar kimi isə İddiaçı1 tanımışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X12 verdiyi ifadəsində bildirmişdir ki, o, 2014-cü ilin oktyabr ayında Ramilə çoban, köməkçi lazım olduğundan gedib 2016-cı ilə kimi orada işləmişdir. Onlar orada ailəvi qalmışlar və Ramil ona 420 manat pul verirdi. O, 2016-cı ilin sentyabrında işdən çıxmışdır. İddiaçı1 həmin yerdə 160-170 baş heyvanı olmuş, heyvanların sayı sabit qalmamış, artıb-azalmışdır. O, heyvanları Ramilə məxsus olan sahədə otarmışdır. 2016-cı ildə o, gedəndən sonra tikili işləri orada davam edirdi. Həmin vaxt tövlə olmuş, lakin qamışdan olmuşdur. Daha sonra daşdan tikilməyə başlamışdır. O, işdən çıxan vaxtı hamam hələ tikilib-qurtarmamışdır. Həmçinin, Zamin Məmmədov da ora heyvanına baxmaq üçün gəlib-gedirdi. O, gedəndə bir çoban evi olmuş, sonradan 2 otaqlı ev və hamam tikilmişdir. Həmin evdə o və Ramilin atası yaşayırdı. Abadlıq işlərinin aparılmasında onun da iştirakı olmuş, dairəvi və ortadan şoranlıq çəkdirmişdir. O, buradan gedəndə şoranlıq tam çəkilməmişdir. Şoranlığın dərinliyi 4 m, eni 4-5 m olmuşdur. Heç kəs onlara orada tikinti işləri apardıqlarına görə heç nə deməmiş, xəbərdarlıq etməmiş, o, orada olanda ora heç kəs gəlməmişdir. O, gedəndən sonra həmin sahəyə gəldilər ki, bu ərazidən çıxın. Onlar 2015-ci ildə 30 hektar yonca, 20 hektar arpa əkmişlər. Əgər yonca becərilsə 3-5 dəfə bəhrə götürmək olar. Onlar 3 dəfə yoncadan bəhrə götürmüşlər. O vaxt presin qiyməti 2,5-3 manat olurdu. Bir dəfə bir maşın pres aparmışlar. Torpaq şoran olduğundan məhsul vermirdi deyə peyin tökdürmüşlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində bildirmişdir ki, o, 1993-1994-cü illərdən İddiaçı1 tanıyır. Onlar bir rayondandırlar. Lakin o, onu Bakı şəhərində tanımışdır. Onun Ramilin atası, anası, şəhid qardaşı ilə əlaqələri olmuş, onlar ailəvi yaxın olmuşlar. Sonradan öyrənmişdir ki, torpaqda təsərrüfat ilə məşğul olur. O, Ramilə maddi cəhətdən kömək etmişdir. Onlar Ramil ilə şərik olmuşlar və o, torpağı bir neçə dəfə görmüşdür. Müxtəlif illərdə hissə-hissə pul vermiş, 3000 manat pul lazım olanda onun 1500 manatını özü vermişdir. Torpağın məhsuldarlıq səviyyəsi əvvəl aşağı olmuş, ilk olaraq heyvan saxlamaq üçün tövlə tikilmişdir. Tövlə onun iştirakı ilə tikilmişdir. O, həftənin şənbə və bazar günləri ora gedirdi. Tövlə əvvəl qamışdan olmuş, daha sonra daşdan tikilmiş, sonra şor kanalı çəkilmişdir. Bunlar 2006-cı ildən başlayaraq edilirdi. Torpaq da 2006-cı ildən əkilməyə başlanmışdır. 30 hektar yonca sahəsi olmuşdur. Hər hektardan ilk başlarda 250 pres alınırdı. Əkin üçün gərək birinci şor qazıla idi. Məmmədov Zaminin adına torpağın icarə müqaviləsi 2025-ci ilə kimi var idi. O, 2025-ci ilə kimi olan müqaviləyə güvənmiş, ora sərmayə qoymaq üçün pul vermişdir. Zamin ora gəlib gedirdi, 5-10 ədəd qoyun quzusu olmuşdur, əsas mayanı, pulu onlar özü qoymuşlar. "xxxx" MMCnin rəhbəri İmişlidə qardaşı ilə söhbət edib, çıxarışı təqdim edib dedilər ki, torpaq onlarındır. "xxxx" MMC-nin rəhbərinin qardaşı onlara çıxarış təqdim edəndə görmüşlər ki, çıxarışda 252 hektar yazılıb. Ona görə də İddiaçı1 vəsatət vermişdir. Onlar orada əkin əkəndə, abadlıq işləri görəndə "xxxx" MMC gəlib heç nə deməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Biləsuvar rayonu, Dövlət torpaq Fonduna daxil olan 262.1603 hektar torpaq sahəsi 99 il müddətinə Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. Torpaq sahəsi Cavabdeh MMC-nin adına 29 iyun 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışdan görünür ki, Biləsuvar rayonu, Dövlət torpaq Fonduna daxil olan 1681.83 hektar torpaq sahəsi 99 il müddətinə xx.xx.2006-cı il tarixli 17 saylı Torpaq icarəsi müqaviləsi əsasında Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh MMC-yə icarəyə verilmişdir. Torpaq sahəsi Cavabdeh MMC-nin adına 17 iyun 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - X21, İddiaçı1, X23, X24, X27, X20 tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, X22 ona məxsus olan Biləsuvar rayon Arazvari kənd ərazisində yerləşən 60 ha Kənd Təsərrüfatı Nazirliyinin Bjləsuvar rayon Damazlıq təsərrüfatı müqavilə 2000-ci ildə torpaq sahəsi götürmüşdür. Həmin torpaq sahəsini Abadlaşdırmaq və əkin üçün yararlı vəziyyətə salınaq üçün maddi imkanı yox idi. Ona görə də İddiaçı1 ilə razılaşaraq ona 2014-cü ildən 2024-cü ilə qədər etibarnamə vermişdir. O da Bakıdakı fermasında südçülük, inəklər saxlamaq üçün yem bazası yaratmaq məqsədi ilə 60 hektarda arpa və yonca əkmişdir. Həmin torpaq sahəsini yem bazası kimi biznes planında göstərərək İqtisadiyyat Nazirliyi yanında sahibkarlara kömək fondundan 50 min manat pul kredit götürmüşdür. Ramil bu günə qədər həmin 60 ha torpağın ərazisinə onun, X8, X13, X14, X16 iştirakı ilə 3500 metr 3x3-ə şor kanal, yerin səthinin hamarlanması, suvarma sisteminin yararlı hala gətirilməsi, bu axının əkilməsi, keçidlərə borunun qoyulması, əraziyə elektrik xəttinin çəkilməsi, İddiaçı1 şəhid atası, özü qalması üçün 3 otaq daş ev tikdirmişdir. Daşdan hamam-tualet, çobanın qalması üçün 2 otaq ev tikdirmişdir. 3 ədəd hərəsi 10 metr uzunluğunda bir tövlə tikilmişdir. Əlavə olaraq 15 m uzunluğunda bir tövlə tikilmişdir. İddiaçı2 öz vəsaiti hesabına qoyunların yemlənməsi üçün daşdan 15 metr uzunluqda hamam tikdirmişdir. Bütün xərcləri İddiaçı1 atası öz şəxsi hesabına başa çatdırmışdır. - Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiasının təmin edilməsi, X11 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262.1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən şimal-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X11 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X6 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262.1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C-204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-qərb hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X6 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X9 Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 29 iyun 2010-cu il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrindən **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa (seriya MA, № 0071490) əsasən Cavabdeh icarəsində olan 262.1603 hektar torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad-Layihə Tədqiqat idarəsindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, C204 saylı arayışa əlavə olunmuş planda zəbt olunmuş ərazi kimi göstərilən cənub-şərq hissəsindən çıxarılması və həmin torpaq sahəsinin X9 hesabına tamamilə boşaldılaraq Cavabdehnə təhvil verilməsi, X10, X3 və X7 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat 40 (qırx) qəpik və mütəxəssis rəyinin verilməsinə sərf edilmiş 1.255 (bir min iki yüz əlli beş) manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə müştərək qaydada tutulması, X10, X3 və X7 iş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə müştərək qaydada tutulması qət edilmişdir. - Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Əİi oğlunun X17 qarşı vurulmuş maddi zərərin əvəzi qismində 150.000 manat və mənəvi ziyanın əvəzi qismində 20.000 manat, cəmi 170.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilmiş, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun İddiaçı1 Əİi oğluna aid edilməsi qət edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-231/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Əİi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı1 Əİi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası "xxxx" MMC-nin MB-15/1497 nömrəli xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Biləsuvar rayonu, Arazbari kənd ərazisində 60,0 ha torpaq sahəsi üzərində aparılmış tikinti və abadlaşdırma xərcləri 10 noyabr 2022-ci il tarixə 139943 manat təşkil etmişdir. Bеləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 və Hüseynov X25 rayonu, Arazbarı kəndində yerləşən 60 hektar torpaq sahəsi üzərində tikinti və müxtəlif abadlaşdırma işləri aparmış və onlar tərəfindən keçirilmiş qiymətləndirmə əsasında tikinti və abadlaşdırma xərcləri 10 noyabr 2022-ci il tarixinə 139943 manat təşkil etmişdir. Qanuni qüvvəsini almış Biləsuvar Rayon Məhkəməsinin 2(022)-44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazi əslində mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsində Z.Ş.Məmmədov və qeyriləri tərəfindən qanunsuz inşa edilmiş tikililərin məhz Z.Ş.Məmmədovun vəsaiti hesabına sökülməsi barədə Biləsuvar Rayon Məhkəməsinin 2(022)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 44/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, İddiaçı1 Əİi oğlu iddia tələbinin əsası kimi cavabdeh tərəfindən notariat qaydasında təsdiq olunmaqla, verilmiş etibarnaməyə istinad etsə də, etibarnamə hər hansı öhdəliklərin yaranma əsası deyildir. Digər tərəfdən isə şəxsin hər hansı daşınmaz əmlakı digər şəxsin mülkiyyətinə, icarəsinə, yaxud istifadəsinə verməsi üçün qeyd olunan əmlak üzərində yalnız istifadə hüququnun olması kifayət deyil. Bunun üçün əmlak üzərində mülkiyyət hüququnun olması və belə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, yaxud ilkin icarə müqaviləsində subicarənin nəzərdə tutulması zəruridir. Cavabdeh isə yuxarıda da qeyd olunduğu kimi belə hüquqa malik olmamışdır. M.Ə.Sabir adına qoyunçuluq üzrə DDKTJ ilə X22 arasında bağlanmış 06 iyun 2007-ci il tarixli müqavilənin İddiaçı1 tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinə hüquqmüəyyənedici sənədi kimi götürüldüyü qəbul edilsə belə, həmin müqavilənin 1-ci hissəsinin 4-cü bəndində Z.Ş.Məmmədovun icarəyə götürdüyü örüş sahəsini digər tərəfə icarəyə vermək hüququnun olmadığı göstərilmişdir. Beləliklə qeyd olunanlara əsasən, İddiaçı1 Əİi oğlunun iddia tələbi rədd edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda qeyd olunan qətnamələr qanuni qüvvələrini almışdır. Eyni zamanda, iş materialların əlavə edilmiş materiallar ilə mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə icarəyə verilməsi və hazırda onun sahibliyində olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə qeyd edir ki, hazırda iddiaçılar mübahisəli torpaq sahəsi üçün çəkdikləri xərci məhkəmədən tələb etsələr də qanuni qüvvəsini almış məhkəmə qətnamələrində qeyd edilmişdir ki, İddiaçı1 özünün iddia ərizəsinin əsası qismində məhkəməyə təqdim etdiyi 23 aprel 2021-ci il tarixli aktlarda da formal əsasla olsa belə, torpaq sahəsinin alqı-satqısından və buna görə hər hansı ödənişin edilməsindən deyil, onun etibarnamə əsasında verilməsindən bəhs edilmişdir. Bundan başqa, yuxarıda qeyd olunduğu kimi iddiaçı mülki işin məhkəmə tədqiqi zamanı cavabdehin icarəsindəki torpaq sahəsində tikinti işləri və digər yaxşılaşdırma, eləcə də təsərrüfatın yararlılığını artırmaq üçün yardımçı işlərin aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmiş olsaydı belə, həmin işlərin aparılmasına dair subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda, başqa şəxsin mülkiyyətində olan, lakin qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsində qanunsuz inşa edilmiş tikili və qurğulara görə çəkilmiş xərclərin əvəzinin həmin tikili və qurğuları inşa etdiyini iddia edən (qanunsuz inşa edən) tərəfin xeyrinə tutulması mülki qanunvericiliklə nəzərdə tutulmamışdır. Hazırda da iddiaçılar qanunsuz inşa edilmiş tikili və qurğulara görə çəkilmiş xərclərin əvəzini yenidən tələb edir, hansı yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə sırf mübahisəli torpaq sahəsi ilə bağlı pul tələb edilməsinə münasibət bildirilmişdir. Eyni zamanda iddiaçılar həmin torpaq sahəsi üzərində hər hansı səlahiyyətlərinin olması barədə hər hansı mötəbər sübut da məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında ifadə vermiş şahidlər X12 və X20 da əvvəlki Biləsuvar Rayon Məhkəməsinin icraatında olmuş 2(022)-44/2022 saylı mülki iş üzrə məhkəmə iclaslarında oxşar məzmunlu ifadələr vermişlər. Göründüyü kimi, iddiaçıların iddiasının təmin olunması üçün heç bir əsas yoxdur və iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Məhkəmə cavabdeh tərəfin iddiaçıların subyektiv hüququnun olmaması barədə dəlilinə münasibətdə bildirir ki, qeyd olunan dəlillər əsassızdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin iddia tələbinin məzmunundan görünür ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində müxtəlif tikinti, abadlaşdırma işləri aparmış, həmin torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırılması ilə bağlı subyektiv hüququnun olmaması qənaətinə gəlinə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Papet oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdikləri yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139443 manat məbləğin "xxxx" MMC-nin hesabından İddiaçı2 Paped oğlunun və İddiaçı1 xeyrinə ödənilməsi” tələbinə dаir iddiası əsassız olduğundan təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Papet oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı qarşı “Biləsuvar rayonu, Arazbarı kəndi ərazisində 60 hektar torpaq sahəsində tikdikləri yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə sərf etdikləri ekspertin rəyində göstərilmiş dəymiş ziyanın ümumi dəyəri 139443 manat məbləğin "xxxx" MMC-nin hesabından İddiaçı2 Paped oğlunun və İddiaçı1 xeyrinə ödənilməsi” tələbinə dаir iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar