Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1742/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərcin tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-3263/2016 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulub, birgə nikahdan doğulan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh aliment tutularaq ona ödənilməsi qət olunub.Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(007)-1216/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artrılaraq hər ay hər uşaq üçün 150 manat müəyyən olunub.Ondan sonra alimentin artırılması haqqında məhkəməyə müraciət etməmişdir. Belə ki, həmin qətnamə çıxarıldıqdan sonra ötən müddət ərzində uşaqlar təbii olaraq böyüyüb, artıq hər ikisi məktəbə gedir, onların məktəbli forması, dərs ləvazimatları, digər geyim və sair ilə təmin olunması, ərzaq təminatı xərcləri və digər tələbatları artıb. Dünyada gedən məlum proseslərlə bağlı məhsul və xidmətlərdə kəskin qiymət artımı olub. Bunlara müvafiq olaraq dövlət uşaqların da yaşayış minimumunu artırıb. O isə 2019-cu ildə təyin olunan cəmi 300 manat sabit pul məbləğində alimentlə onların artan tələbatını ödəyə bilmir, çox çətinlik çəkir. Həmçinin “Azərbaycan Respublikasında “2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.Bundan başqa, “Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.Beləliklə də, qeyd olunan Konvensiya, Qanunun tələblərini, 2022-ci ildə uşaqlar üçün yaşayış minimumun 193 manat olmasını, mövcud qiymət artımları və sair diqqətəlayiq hallar nəzərə alınmaqla, Cavabdeh tutulan alimentin miqdarını artırılması, hər ay hər uşaq üçün minimum 193 manat həddində, əlavə olaraq uşaqların təhsilinə kömək üçün hər ay hər uşaq üçün 30 manat həcmində tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, heç yerdə işləmir, buna baxmayaraq hər ay 300 manat alimenti ödəyir. Hər iki valideynin hüququ bərabər olsa da iddiaçı uşaqların saxlanılması xərcinin tam olaraq ondan tutulmasını xahiş edir. O,bununla razı deyil. Xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1216/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin məhkəmənin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş,`xx.xx.2010cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və İddiaçı himayəsində qalmış uşaqların mənafeyini, nəzərə alaraq hesab edir ki, alimentin artırılması hissəsində iddia təmin edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1216/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılmalı, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə təhsil xərcinə görə hər uşaq üçün 30 manat olmaqla cəmi 60 manat əlavə xərcin cavabdehdən tutulması hissəsində iddiaya qiymət verərək hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki,iddiaçı qeyd olunan tələblə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1216/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği artırılsın. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1742/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1742/2022
17.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver