Məhkəmə qərarları › İş №2(007)-1749/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1749/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1749/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı “mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 evin 60 saylı mənzilinə dair Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1-1/79 saylı 02 iyun 2017-ci il tarixli sərəncamı əsasında əri X6 ilə mənzil kirayə müqaviləsi bağlanmışdır. Belə ki, X1 rayon İcraiyyə Komitəsinin 12 dekabr 1990-cı tarixli 25/4307 nömrəli qərarına əsasən ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmişdir. Nizami rayon İcra Hakimiyyəti Başçısının 25 may 1998-ci il tarixli 443 nömrəli sərəncamına əsasən uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmişdir. İmtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna malik olan vətəndaşların siyahısında 7-ci, ehtiyatda olan zabitlərin siyahısı üzrə 1-ci olmuşdur. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin 22 fevral 2007-ci il tarixli 02/107 nömrəli məktubuna əsasən N.İsrafilov Naxçıvanski küçəsi 73 saylı mənzilin bir otaqlı 13-cü mənzilində, zərurət yarandıqda mənzili boşaltmaq şərti ilə müvəqqəti yerləşdirilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 79 saylı 22 avqust 2016-cı il tarixli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 iyul 2016-cı il tarixli, Q-175-068 saylı məktubuna əsasən ünvan 1 evin yaşayış sahəsi 16.2 kv.m olan 1 otaqlı 60 saylı mənzili 2 nəfər ailə tərkibi (özü və 1949-cu il təvəllüdlü arvadı İddiaçı) və 1939-cu il təvəllüdlü X5 daimi yaşayış üçün verildikdən sonra o, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotundan çıxarılmışdır. 28 yanvar 2017-cı il tarixdə əri N.İsrafilov vəfat etmiş, onun vəfatından sonra ərizəsi əsasında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-1/79 saylı 02 iyun 2017-ci il tarixli sərəncamı ilə ünvan 1 evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə onun, yəni İddiaçı adına dəyişdirilərək o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Bundan sonra sərəncam əsasında verilmiş mənzilə dair hüquqların qeydiyyata alınması barədə o, aidiyyəti üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh tərəf 21 yanvar 2021-ci il tarixli **********43 saylı imtina məktubu ilə ünvan 2 evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinanın əsası kimi ünvan 1 evin 60 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınması və hal-hazırda həmin şəxsin mülkiyyətində olması səbəbindən ərizənin icrasının mümkün olmaması göstərilmişdir. Beləliklə, ünvan 1 ünvanda yerləşən 60 saylı mənzildə Valentina Reznikovanın mülkiyyətçi kimi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması ona sərəncam əsasında verilmiş həmin mənzil üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını məhdudlaşdırır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. ünvan 1 evin 60 saylı mənzili Reznikova Valentinanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, onun vəfatından sonra həmin mənzil Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1165-ci maddəsinə əsasən Nizami rayon İcra Hakimiyyətinin balansına verilmişdir ki, bu da Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli hökmündə öz əksini tapmışdır. Buna görə də, ünvan 2 ünvanda yerləşən Reznikova Valentinanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 60 saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Qutqaşen şəhər Mənzil Təsərrüfatı İstismar Təmir İstehsalat Sahəsinin 31 may 1990-cı il tarixli, 27 saylı arayışından görünür ki, Qutqaşen rayon hərbi komissarı X6 xidmət müddəti qurtardığına və Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq işlədiyi müddətdə yaşamış olduğu Qutqaşen şəhəri, Nəsimi küçəsindəki 16 saylı evi Mənzil Təsərrüfatı İstismar Təmir İstehsalat Sahəsinə vermişdir; -Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 may 2016-cı il tarixli, Q-175-068 saylı məktubundan görünür ki, Nizami rayon İcra Hakimiyyətinin 22 fevral 2007-ci il tarixli, 02/107 saylı məktubu ilə X3 mənzil növbəsində dayanması və ağır yataq xəstəsi olduğu nəzərə alınaraq, o, həyat yoldaşı ilə birlikdə Naxçıvanski küçəsi 73 saylı evin 13 saylı mənzilində məskunlaşmışdır. 26 fevral 2012-ci il tarixli etibarnamə əsasında o, bütün hüquqlarını həyat yoldaşı İddiaçı etibar etmişdir. Q.Qarayev prospekti 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinin 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) ehtiyatda olan zabit X4 daimi yaşayış üçün verilməsinə və müvafiq qaydada sənədləşdirilməsinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən etiraz edilməmişdir; -Məhkəmənin sorğusu ilə əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 aprel 2021-ci il tarixli, **********04 saylı məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 16, 60 saylı mənzil Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 may 1994-cü il tarixli, 424/89 saylı sərəncamına əsasən 11 iyun 1994-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmişdir, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2016-cı il tarixli, 79 saylı sərəncamına əsasən qeyd olunan mənzil X4 daimi yaşayış üçün verilmişdir; -Məhkəmənin sorğusu ilə əldə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli 1(101)-769/2015 saylı hökmünün surətindən görünür ki, bazar dəyəri 27805,98 (iyirmi yeddi min səkkiz yüz beş manat, 98 qəpik) manat təşkil edən ünvan 3 ünvanındakı 1 otaqlı, ümumi sahəsi 29,3 kv.m olan mənzil cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Nizami rayon İcra Hakimiyyətinin sərəncamına verilmişdir; -Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 1(103)-134/2016 saylı qərarının surətindən görünür ki, Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli 1(101)-769/2015 saylı hökmü yalnız həmin iş üzrə təqsirli bilinərək məhkum edilmiş şəxslərə cəza təyin olunmasına dair hissədə dəyişdirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 1(102)- 1033/2017 nömrəli qərarının surətindən görünür ki, -Bakı Apellyasiya Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 1(103)-134/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır; -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2016-cı il tarixli, 79 saylı mənzilin daimi yaşayış üçün verilməsi haqqında sərəncamından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2016-cı il tarixli, Q-41-068 saylı məktubu ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli 1(101)-769/2015 saylı hökmünə əsasən Rayon İcra Hakimiyyətinin sərəncamına verilmiş Q.Qarayev prospekti 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinin 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) mənzil növbəsində 1-ci olan ehtiyatda olan zabit X4 daimi yaşayış üçün verilməsinə münasibət bildirilməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısından xahiş edilmiş, başçının 29 iyul 2016-cı il tarixli, Q-175-068 saylı məktubunda qeyd olunan mənzilin 2 nəfər ailə tərkibi ilə (özü, arvadı) ehtiyatda olan zabit X4 daimi yaşayış üçün verilməsinə və müvafiq qaydada sənədləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Ehtiyatda olan zabit X6 1971-ci ildən K.Balakişiyev küçəsi 42 saylı evin sahəsi 26,0 kv.m olan 2 otaqlı 4cü mənzilində 9 nəfər ailə tərkibi ilə (özü, arvadı, oğlu, qızı, gəlini, 4 nəvəsi) daimi qeydiyyatdadır, mənzil şəxsidir, sahibi Y.İsrafilovadır. Faktiki olaraq isə, Nizami rayon İcra Hakimiyyətinin 22 fevral 2007-ci il tarixli 02/107 saylı məktubuna əsasən, N.İsrafilov Naxçıvanski küçəsi 73 saylı evin bir otaqlı 13-cü mənzilində, zərurət yarandıqda mənzili boşaltmaq şərti ilə müvəqqəti yerləşdirilmişdir. Nizami rayon İcraiyyə Komitəsinin 12 dekabr 1990-cı il tarixli 25/4307 saylı qərarına əsasən N.İsrafilov 5 nəfər ailə tərkibində (özü, arvadı, oğlu, 2 qızı) ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmişdir və Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 1998-ci il tarixli 443 saylı sərəncamına əsasən o, uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmişdir. Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2007-ci il tarixli 53 saylı sərəncamına əsasən N.İsrafilovun mənzil-uçot işində bölgü aparılmış və övladlarının ailə qurması ilə əlaqədar hər biri mənzil növbəsində müstəqil olaraq hesab edilmişdir. İmtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna malik olan vətəndaşların siyahısında 7-ci, ehtiyatda olan zabitlərin siyahısında 1-cidir. Göstərilənlərə və Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 iyul 2016cı il tarixli, Q-175-068 saylı məktubuna əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli, 1(101)-769/2015 saylı hökmünə əsasən Nizami rayon İcra Hakimiyyətinin sərəncamına verilmiş Q.Qarayev prospekti 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinin keçmiş sahibi X2 ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılması, Q.Qarayev prospekti 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinin 2 nəfər ailə tərkibi ilə (özü, 1949-cu il təvəllüdlü arvadı İddiaçı) 1939-cu il təvəllüdlü X4 daimi yaşayış üçün verilməsi, N.İsrafilovun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotundan çıxarılması qərara alınmışdır; -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli, 1- 1/79 saylı sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 16 saylı evin 60 saylı mənzilinin əvvəlki kirayəçisinin Nizami rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2016-cı il tarixli 79 saylı sərəncamına əsasən İddiaçı əri N.İsrafilov olması və onun 28 yanvar 2017-ci il tarixdə vəfat etməsi, keçmiş kirayəçinin arvadı İddiaçı hazırda həmin mənzildə 1 nəfər ailə tərkibi ilə (özü) yaşaması müəyyən edilmiş, bununla əlaqədar Q.Qarayev prospekti, 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan, 1 otaqlı, 60-cı mənzilinin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmiş, sərəncamın qeyd olunan bəndinin icrası və İddiaçı adına şəxsi maliyyə hesabının açılması 28 saylı MKİS-ə tapşırılmışdır; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaşayış yeri üzrə qeydiyyat haqqında 02 sentyabr 2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, ünvan 4 ünvanında İddiaçı qeydiyyatdadır, qeydiyyatda digər şəxslər yoxdur; -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 yanvar 2021-ci il tarixli, **********43 saylı bildirişindən görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 16 saylı evin 60 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, 04 sentyabr 2020-ci il tarixli ərizəsinə baxılmışdır. Sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Bu səbəbdən ərizəsinin icrasının mümkün olmamışdır. Mənzilin X3 adına daimi yaşayış üçün verilməsi haqqında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 79 saylı sərəncamın 22 avqust 2016-cı il tarixdə, İddiaçı adına kirayə müqaviləsinin dəyişdirilməsi haqqında 1-1/79 saylı sərəncamın 02 iyun 2017-ci il tarixdə verildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 8.0.11 və 15-ci maddələrinin tələbləri göstərilməklə, ərizənin icrasından imtina edilmişdir; -Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 28 saylı Mənzil Kommunal İstismar sahəsinin 19 aprel 2021-ci il tarixli, 276 saylı arayışından görünür ki, 1949-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 saylı evin 60 saylı mənzilində qeydiyyatdadır və o, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli, 1-1/79 saylı sərəncamına əsasən qeyd olunan mənzilin kirayəçisidir, 03 fevral 2021-ci il tarixdə 28 saylı MKİS-də İddiaçı ilə kirayə müqaviləsi bağlanmış, şəxsi maliyyə hesabı açılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı əri - ehtiyatda olan zabit X6 1971-ci ildən Nizami rayonu, K.Balakişiyev küçəsi 42 saylı evin 4 saylı mənzilində 9 nəfər ailə tərkibi ilə daimi qeydiyyatda olmaqla, faktiki olaraq Naxçıvanski küçəsi 73 saylı evin 13 saylı mənzilində, zərurət yarandıqda mənzili boşaltmaq şərti ilə, müvəqqəti yerləşdirilmişdir. Nizami rayon İcraiyyə Komitəsinin 12 dekabr 1990-cı il tarixli qərarına əsasən Nurbaba İsrafilov 5 nəfər ailə tərkibində (özü, arvadı, oğlu, 2 qızı) ümumi əsaslarla mənzil növbəsinə qəbul edilmiş və Nizami rayon İcra Hakimiyyəti başçısının 25 may 1998ci il tarixli 443 saylı sərəncamına əsasən o, uçot tarixi saxlanılmaqla ehtiyatda olan zabit kimi növbədənkənar qaydada mənzil almaq hüququ olan vətəndaşların imtiyazlı siyahısına keçirilmişdir. Nizami rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2007-ci il tarixli 53 saylı sərəncamına əsasən Nurbaba İsrafilovun mənzil-uçot işində bölgü aparılmış və övladlarının ailə qurması ilə əlaqədar hər biri mənzil növbəsində müstəqil olaraq hesab edilmişdir. Hazırda iddianın predmetini təşkil edən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 saylı evin 60 saylı mənzili əvvəlcə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 3 may 1994-cü il tarixli, 424/89 saylı sərəncamına əsasən 11 iyun 1994-cü il tarixdə X2 adına ilkin qeydiyyatdan keçmiş, kimsəsiz olan Valentina Reznikovanın ölümündən sonra həmin mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli hökmünə əsasən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin sərəncamına verilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2016-cı il tarixli, 79 saylı sərəncamına əsasən imtiyazlı əsaslarla növbədənkənar qaydada mənzil almaq hüququna malik olan vətəndaşların siyahısında 7-ci, ehtiyatda olan zabitlərin siyahısında 1-ci olması nəzərə alınmaqla, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli hökmünə əsasən İcra Hakimiyyətinin sərəncamına verilmiş Q.Qarayev prospekti 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan 1 otaqlı 60 saylı mənzilinin keçmiş sahibi X2 ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılması, həmin mənzilin 2 nəfər ailə tərkibi ilə (özü, 1949-cu il təvəllüdlü arvadı İddiaçı) 1939-cu il təvəllüdlü X4 daimi yaşayış üçün verilməsi, Nurbaba İsrafilovun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotundan çıxarılması qərara alınmışdır. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli, 1- 1/79 saylı kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 16 saylı evin 60 saylı mənzilinin əvvəlki kirayəçisinin İddiaçı əri Nurbaba İsrafilov olması və onun 28 yanvar 2017-ci il tarixdə vəfat etməsi, keçmiş kirayəçinin arvadı İddiaçı hazırda həmin mənzildə 1 nəfər ailə tərkibi ilə (özü) yaşaması müəyyən edilmiş, bununla əlaqədar həmin mənzilin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. İddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas, mənzilin mülkiyyət hüququ üzrə vəfat etmiş şəxsin adına dövlət qeydiyyatı qüvvədə olduğundan, mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıra bilməməsi olmuşdur. Azərbaycan Respublikası MPM-nin 84.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 noyabr 2015-ci il tarixli 1(101)-769/2015 saylı hökmü ilə müəyyən edilmiş hal o olmuşdur ki, X9 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 saylı binanın 47-ci mənzilində yerləşən “İxtisaslaşdırılmış hüquq burosu”nda nümayəndə kimi fəaliyyət göstərdiyi müddətdə, həmin binanın 5-ci mərtəbəsindəki 60 saylı mənzildə yaşayan kimsəsiz X2 07 iyun 2007-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilin giriş qapısının Bakı şəhəri Nizami rayon prokurorluğunun əməkdaşları tərəfindən baş vermiş hadisə ilə əlaqədar möhürləndiyini və mülki qanunvericiliyə əsasən əmlakın dövlət mülkiyyətinə keçməsinin ləngidiyini müəyyən edib, öz qulluq mövqeyindən istifadə etməklə həmin mənzil üzərində mülkiyyət hüququnu aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə guya mərhum Valentina Reznikovanın onun himayəsində olmasını, uzun illər sonuncuya özü və valideynləri tərəfindən qayğı göstərilməsini, buna görə də sonuncunun yaşadığı qeyd olunan mənzili ona vəsiyyət etməsini yalandan uyduraraq, özünün V.Reznikova ilə həmin əlaqələrinin olmasının təsdiqi üçün sübutlar toplamaqdan ötrü, 03 may 2008-ci il tarixdə onun ölüm haqqında tibbi şəhadətnaməsini bacısı X7 vasitəsi ilə Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya birliyinin Nizami rayon şöbəsinə müraciət edib, mərhumun sağlığında uzun müddət valideynlərinin himayəsində olması və onun yaşadığı mənzili anası Tamilla Rəhimovaya vəsiyyət etməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verərək tibbi şəhadətnaməni əldə etmişdir. Bundan sonra, o, 13 may 2008-ci il tarixdə həmin şəhadətnaməni və istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırladığı hüquq verən 15 aprel 2007-ci il tarixi ilə əlyazma formasında rus dilində olan saxta vəsiyyətnaməni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nizami rayon Qeydiyyat şöbəsinə təqdim edərək Valentina Reznikovanın vərəsəsi olduğunu bildirib, sonuncunun ölüm haqqında şəhadətnaməsini almağa nail olmuşdur. Mərhumun ölümündən sonra guya özünün həmin mənzildə yaşamasını gələcəkdə sübut etməkdən ötrü 2009-cu ildə qeyd olunan ərazi üzrə 29 saylı Mənzil kommunal istismar sahəsinə müraciət edib 2007-2008-ci illər üzrə kommunal xidmət haqqlarını V.Reznikovanın adından ödəyərək müvafiq qəbzləri almış, sonuncunun Bakı şəhər İcra hakimiyyəti Kommunal təsərrüfat departamentinin Əhaliyə vətəndaşlıq xidməti trestinin Dəfn bürosu tərəfindən Hövsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbirstanlığında dəfn olunduğu halda, guya onu himayə etmiş şəxs və vərəsəsi kimi mərhumun özünün tərəfindən dəfn edilməsi görüntüsü yaratmaq üçün sonuncunun məzarı üzərindəki qəbirüstü daş abidəyə “Nurlandan xatirə” sözlərini həkk etdirmiş, habelə mənzilin V.Reznikova tərəfindən ona vəsiyyət edilməsini sübuta yetirmək üçün 15.04.2007-ci il tarixli hüquq verən rəsmi sənədi - rus dilində əlyazma formasında olan saxta vəsiyyətnaməni qanunsuz hazırlayaraq, həmin mənzil üzərində hüquqları əldə etmək üçün göstərilən sənədləri və saxta vəsiyyətnaməni 14.06.2012-ci il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinə təqdim etmiş, elə həmin vaxt Q.Qarayev prospekti, 16 saylı binanın 1 (bir) otaqlı, həmin dövrün bazar qiymətlərinə görə dəyəri 27805.98 (iyirmi yeddi min səkkiz yüz beş) manat 98 qəpik olan 60-cı mənzilinin giriş qapısını dəyişdirərək yaşayış sahəsinə daxil olmuşdur. Həmin tarixdən etibarən mənzildən faktiki istifadə edərək, mənzilə qanunsuz daxil olması faktına görə Nizami rayon Polis idarəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 322-ci (özbaşınalıq) maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı 15 aprel 2007-ci il tarixli vəsiyyətnamənin saxta olduğu sübuta yetirildikdən sonra, qanunsuz olaraq özünün faktiki mülkiyyətinə keçirdiyi mənzil üzərində sahibliyi itirməmək üçün 2012-ci ilin sentyabr ayında Ağdaş rayonu İcra hakimiyyəti başçısının Cardam kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəsi X8 müraciət edib, qeyd olunan mənzilin guya V.Reznikova tərəfindən ona vəsiyyət edilməsinə sonuncunu inandırıb aldadaraq, 14 may 2007-ci il tarixdə V.Reznikova tərəfindən həmin icra nümayəndəliyinə müraciət olunaraq sahibi olduğu mənzili ona vəsiyyət etməsi barədə hazırladığı saxta vəsiyyətnaməni M.Rəfiyevə təsdiq etdirib müvafiq reyestr kitabında qeydiyyata aldıraraq, həmin saxta vəsiyyətnaməni məhkəmə və digər qurumlara təqdim edib mənzilin ona məxsus olduğunu bildirməklə, bilə-bilə hüquq verən saxta sənəddən istifadə edib külli miqdarda ziyan vurmaqla dövlət mülkiyətinə keçirilməli olan mənzilə dair əmlak hüquqlarını öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə əldə edərək dələduzluq etmişdir. X10 uzun illər tanıdığı və dostluq münasibətində olduğu Ağdaş rayon sakini X9 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 saylı binanın 60-cı mənzilində yaşamış kimsəsiz X2 07 iyun 2007-ci il tarixdə vəfat etdikdən sonra həmin mənzilin giriş qapısının Bakı şəhəri Nizami rayon prokurorluğunun əməkdaşlarının baş vermiş hadisə ilə əlaqədar möhürləndiyinin və mülki qanunvericiliyə əsasən əmlakın dövlət mülkiyyətinə keçməsinin ləngidiyinin müəyyən edilib, həmin mənzil üzərində mülkiyyət hüququnu aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq əldə etməsində köməkçi kimi iştirak edərək, Nurlan Rəhimlinin guya mərhum Valentina Reznikovanın öz himayəsində olmasını, uzun illər sonuncuya özü və valideynləri tərəfindən qayğı göstərilməsini, buna görə də sonuncunun yaşadığı göstərilən mənzili ona vəsiyyət etməsini uyduraraq, bununla bağlı Nurlan Rəhimli tərəfindən qanunsuz hazılanmış rəsmi sənədin saxta olduğunu biləbilə onu faktiki olaraq 2012-ci ilin sentyabr ayında, yəni V.Reznikova vəfat etdikdən 5 (beş) il sonra imzaladığı halda, guya həmin rəsmi sənədi V.Reznikovanın sağlığında, yəni 14 may 2007-ci il tarixdə sonuncunun, N.Rəhimlinin valideynlərinin yaşadığı Ağdaş şəhəri, Karvan yolu küçəsi, 1/11 saylı evdə qonaq olarkən, sonuncular tərəfindən həmin evə çağırılaraq V.Reznikovanın Bakı şəhərində yaşadığı mənzili oğlu Nurlan Rəhimliyə vəsiyyət etdiyi bildirilib, mülki qanınvericiliyə əsasən kənar şəxs kimi V.Reznikovanın xəstə olması, əlləri əsdiyi üçün onun göstərilən məzmunlu vəsiyyətnaməsinin təsdiqi zamanı sonuncunun adından imza etməsi barədə xahişlərinə razılıq verməklə, bununla əlaqədar Ağdaş rayon İcra Hakimiyyəti başçısının Cardam kənd inzibati ərazi vahidliyi üzrə nümayəndəliyində olub, həmin vəsiyyətnamə hazırlandıqdan sonra yaşadığı mənzili Nurlan Rəhimliyə vəsiyyət etməsi, lakin səhhəti ilə əlaqədar vəsiyyətnaməni imzalaya bilməməsinə görə V.Reznikovanın razılığı ilə sonuncunun əvəzindən imzaladığını bildirib, həmin saxta vəsiyyətnamənin doğruluğunu, həqiqiliyini məhkəmədə və digər qurumlarda yalandan təsdiq etməklə, N.Rəhimlinin bilə-bilə hüquq verən həmin saxta rəsmi sənəddən istifadə edib dövlət mülkiyətinə keçirilməli olan külli miqdarda, yəni 27805.98 (iyirmi yeddi min səkkiz yüz beş) manat 98 qəpik dəyərində mənzilə dair əmlak hüquqlarını aldatma yolu ilə əldə etməklə, həmin cinayətlərin törədilməsində maneələri aradan qaldırmaqla, sonuncu tərəfindən həmin cinayətlərin edilməsini asanlaşdıran əlverişli şərait yaratmağa yönələn hərəkətləri ilə yardım etməklə qeyd olunan cinayətlərin törədilməsində köməkçi kimi iştirak etmişdir. Göründüyü kimi, sözügedən mənzil kimsəsiz X2 07 iyun 2007-ci il tarixdə vəfat etməsindən sonra dövlət mülkiyyətinə keçməli olmuş, lakin həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq təqsirli bilinmiş şəxslər tərəfindən hazırlanmış saxta vəsiyyətnamə əsasında, dələduzluq edilərək aldatma yolu ilə əldə edilmişdir, lakin sonradan həmin fakta dair başlanmış cinayət işi üzrə əməl öz təsdiqini tapmış və təqsirli şəxslər müvafiq cəzalara məhkum edilməklə yanaşı dövlət mülkiyyətinə keçməli olan mənzilin taleyi həll olunaraq Nizami rayon İcra Hakimiyyətinin sərəncamına verilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0.5 və 10.0.6-cı maddələrinə əsasən dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi məqsədilə digər kateqoriyalardan olan vətəndaşları müəyyən etmək; kateqoriyaları qanunvericiliklə müəyyənləşdirilən və yaşayış sahələrinə ehtiyacı olan vətəndaşlara dövlət mənzil fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 02 iyun 2017-ci il tarixli, 1-1/79 saylı sərəncamına əsasən Mənzil Məcəlləsindən irəli gələn həmin vəzifələrə əməl edilərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən 16 saylı evin 60 saylı mənzilinin əvvəlki kirayəçisinin Nizami rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2016-cı il tarixli 79 saylı sərəncamına əsasən İddiaçı əri X3 olması və onun 28 yanvar 2017-ci il tarixdə vəfat etməsi, keçmiş kirayəçinin arvadı İddiaçı hazırda həmin mənzildə 1 nəfər ailə tərkibi ilə (özü) yaşaması müəyyən edilmiş, bununla əlaqədar Q.Qarayev prospekti, 16 saylı evin yaşayış sahəsi 16,2 kv.m olan, 1 otaqlı, 60-cı mənzilinin kirayə müqaviləsi 1 nəfər ailə tərkibi ilə (özü) İddiaçı adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmiş, sərəncamın qeyd olunan bəndinin icrası və İddiaçı adına şəxsi maliyyə hesabının açılması 28 saylı MKİS-ə tapşırılmışdır, həmin MKİS tərəfindən isə sərəncamın icrası təmin edilmişdir. Lakin mənzilin mərhum Valentina Reznikovanın adında mülkiyyət hüququ ilə qeydiyyatı qüvvədə qaldığından İddiaçı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 64.2.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək vəzifəsi vardır. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Lakin işin faktiki halları ilə müəyyən olunmuşdur ki, mənzil Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən sosial kirayə müqaviləsi əsasında kirayəçi İddiaçı verilərkən həmin vəzifəyə əməl edilməmişdir. Həmin vəzifəyə əməl edilməməsinin nəticəsi olaraq isə, mənzilin sosial kirayə müqaviləsi üzrə kirayəçisi İddiaçı mənzil üzərində yaranmış hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin sosial kirayə müqaviləsi əsasında kirayəçisi və mənzilə dair adına şəxsi maliyyə hesabı açılmış İddiaçı “qanuni gözləntiyə” malik şəxs kimi qeyd olunan əmlakın sahibi hesab olunur. Belə olan halda, artıq hökmlə taleyi həll edilərək zərərçəkmiş şəxs qismində tanınmış Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qaytarılmış və həmin İcra Hakimiyyəti tərəfindən 02 iyun 2017-ci il tarixli sərəncamla mənzilin kirayəçisi hesab olunan və 03 fevral 2021-ci il tarixdə MKİSdə adına kirayə müqaviləsi bağlanmaqla şəxsi maliyyə hesabı açılmış İddiaçı mülkiyyət hüquqları təmin edilməli, mənzilin mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınması üçün X2 adına daşınmaz əmlakın dövlət reyestrində formal olaraq qalmış mülkiyyət hüququna xitam verilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi iddia tələbinə dair etiraz və ya mülahizə təqdim etməmiş, iddia tələbini mübahisələndirməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 ünvanında yerləşən Reznikova Valentinanın adına daşınmaz əmlakın dövlət reyestri qeydiyyatda alınmış 60 saylı mənzilə mülkiyyət hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 16 ünvanında yerləşən Reznikova Valentinanın adına daşınmaz əmlakın dövlət reyestri qeydiyyatda alınmış 60 saylı mənzilə mülkiyyət hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar