Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3682/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və X2 ünvan 1 evin 45 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 evin 45 saylı mənzili Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ÖM seriyalı 255181 saylı qeydiyyat vəsiqəsi əsasında onun şəxsi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1 və X5 bacılarıdır. Bacıları ailə həyatı quraraq Türkiyə Respublikasına köçmüşlər. Bacıs; Cavabdeh1 artıq 9 ildir ki mənzildə yaşamır, digər bacısı X5 isə artıq 6 ildir ki onun mülkiyyətində olan mənzildə yaşamır. Onlara məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırılır.
İş materialları :
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1985-cı il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospektində yerləşən 86 nömrəli evin 45 saylı mənzilində qeydiyyatdadırlar.
4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, ÖM seriyalı 255181 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 evin 45 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 11a/c saylı reyestr kitabının 1562 nömrəli səhifəsində qeydiyyata alınmışdır.
5. AZ-İ seriyalı, 701282 nömrəli “nikah haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X6 ilə X7 arasında Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2011-ci il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 1201 nömrə ilə qeyd edilmişdir, ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir.
6. Cavabdeh1 tərəfindən notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 1 evin 45 saylı ünvanında yerləşən əmlakın satılmasına, bağışlanmasına, özgələşdirilməsinə və onun qeydiyyatdan çıxarılmasına etiraz emədiyini bildirmişdir.
7. X5 tərəfindən notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X5 qeydiyyatda olduğu ünvan 1 evin 45 saylı ünvanında yerləşən əmlakın satılmasına, bağışlanmasına, özgələşdirilməsinə və onun qeydiyyatdan çıxarılmasına etiraz emədiyini bildirmişdir.
8. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X9 xx.xx.2009-cu il tarixdən hazıradək və xx.xx.1989-cu il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atası evi ona almışdır. Ailə qurandan sonra bacıları Türkiyədə köçmüşlər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər.
12. Məhkəmə iclasında Cavabdeh1 ilə “whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntülü əlaqə saxlanılmış və o, izahatında bildirmişdir ki, iddia tələbinə etiraz etmir və o, 2016-cı il tarixdən Türkiyyədə yaşayır. Digər Cavabdeh2 ilə də, “whatsapp” mobil tətbiqi vasitəsilə videogörüntülü əlaqə saxlanılmış və Cavabdeh2 izahatında iddia tələbinə etiraz etmədiyini, həmin mənzili atası Türkana aldığını və 2020-ci il tarixdən Türkiyyədə yaşadığnı bildirmişdir.
İşin faktiki halı :
13. ünvan 1 evin 45 saylı mənzil xx.xx.2005-cı il tarixdən İddiaçı mülkiyyətindədir.
14. Cavabdehlər Cavabdeh2və Cavabdeh1 iddiaçının bacılarıdır və xx.xx.1992-ci il təvəllüdlü X9 xx.xx.2009-cu il tarixdən və xx.xx.1989-cu il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdən ünvan 1 evin 45 saylı mənzildə qeydiyyatdadırlar və uzun müddətdir həmin mənzildə yaşamırlar.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
19. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbini Cavabdeh1 və X2 başqa yaşayış sahəsinin olması, onların uzun müddətdir mübahisəli mənzildə yaşamamaları, lakin qeydiyyatda qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının məhdudlaşdırılması ilə əsaslandırmışdır.
20. Məhkəmə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
21. Müəyyən edilmişdir ki, mübahisə obyekti olan ünvan 1 evin 45 saylı mənzil xx.xx.2005-ci ildən iddiaçının mülkiyyətində olub, cavabdehlər Cavabdeh2 2006-cı ildən və Cavabdeh1 isə 2009-cu həmin mənzildə paport qeydiyyatına alınmışlar və 2006-2007-ci ildən ailə həyatı quraraq Türkiyə Respublikasına gedənədək iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
22. Belə olan halda məhkəmə qeyd edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsi müddəaları tətbiq edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
24. Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün ya bu hüquq hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, ya da mülkiyyətçinin ailə üzvü olmalıdır.
25. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
26. Hazırki işin faktiki halı isə odur ki, cavabdehlər iddiaçının bacıları olub, onların mübahisə obyekti olan mənzilə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından mübahisə obyekti olan mənzilə istifadə hüquqlarının yaranması əsasları müəyyən edilməmişdir.
27. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının bacılarıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının mahiyyətindən göründüyü cavabdehlərin İddiaçı mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır.
28. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırda mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzilə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır.
29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
30. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüququnun olmadığı müəyyən edildiyindən iddiaçının ona qarşı da istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilə bilməz.
31. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır. Belə ki, cavabdehlərin mənzildə pasport qeydiyyatda qalmaları iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməyə məhdudiyyət yaradır.
32. Məhkəmədə iddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməsini onların həmin mənzildə formal qeydiyyatda qalmaları səbəbindən mülkiyyətində olan mənzilə sərəncam, sahiblik hüquqlarını həyata keçirə bilməməsi ilə əsaslandırmışdır.
33. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.
34. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.
35. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
36. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ olmayan cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir.
37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər.
Nəticə :
38. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməməli, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 evin 45 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə Cavabdeh1 və Cavabdeh2 ünvan 1 evin 45 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva