Məhkəmə qərarları › İş №e-2(005)-4356/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4356/2025

18.09.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4356/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə əmlaka mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə əmlaka mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 – Bakı ş., Nərimanov r-nu., Ə.Əlizadə küç., ev 13 ünvanında yerləşən əmlakına müqabil, bazar qiymətinə uyğun kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilməsi və onun, həmin qeyri-yaşayış sahəsindən (zirzəmidən) çıxarılmasını, cavabdeh X1 – ünvan 1 ünvanında yerləşən əmlakına müqabil, bazar qiymətinə uyğun kompensasiya ödənilməsi yolu ilə mülkiyyət hüquqlarına xitam verilməsi və onun, həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.3-cü maddəsinin tələblərinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçının tələbi özündə bir neçə fərqli, bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə fərqli cavabdehlərə - Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Yuxarıda göstərilən normaların məzmununa görə qanunvericinin iddiaçıya bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə dair səlahiyyət verməsində başlıca məqsədi tərəflərin uzun məhkəmə çəkişmələrinə məruz qalmamasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi olmuşdur. Lakin iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olsa da, həmin iddia tələbləri arasında bağlılıq, əlaqəlilik olmalıdır. Belə ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir iddiada birləşdirildirilməsi ərizənin hakim tərəfindən qaytarılmasının prosessual əsaslarından biri kimi göstərilmişdir (AR MPM-in 152.1.7-ci maddəsi). Hazırki iş üzrə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçının tələbi ayrı-ayrı cavabdehlərə qarşı yönəlməklə bir-biri ilə əlaqədar olmayan tələblərdən ibarət olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə əmlaka mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə əmlaka mülkiyyət hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********) dövlət rüsumu İddiaçı MMC-ə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar