Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1756/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış əsas borc 600 manat və əsas öhdəliyin gecikdirilməsi səbəbindən yaranmış 1320 manat cərimə məbləğinin, ümumilikdə 1920 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində təhsil ilə bağlı müqavilə üzrə müəyyən edilmiş xidmətlərin həyata keçirilməsinə dair UK-110219 saylı xidmət müqaviləsi bağlanılmışdır. Bağlanılmış xidmət müqaviləsi üzrə iddiaçı öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında icra etməyinə baxmayaraq cavabdeh xidmət müqaviləsi üzrə müəyyən edilmiş 1200 manat pul vəsaitindən yalnız 600 manatını ödəmiş və geriyə qalan 600 manat xidmət haqqını ödəməkdən imtina edir ki, hazirki iddia tələbinin təqdim edilməsinin səbəbi bu hal olmuşdur. Eyni zamanda cavabdeh ali təhsil müəssisəsinə qəbul tarixi elan olunan, yəni faktiki olaraq iddiaçı xidmət müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirdiyi gündən etibarən 3 gün müddətində ödənilməli olan xidmət müqaviləsinin 600 manat dəyərini hazirki tarixədək ödəmədiyinə görə xidmət müqaviləsinin 3.2.2-ci bəndinə görə gecikdirilmiş hər gün üçün müqavilənin ümumi dəyərinin 1% miqdarında cərimə ödəməlidir ki, hazırki tarixə bu cərimə məbləği 1.320 manat təşkil edir.
İş materialları :
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli UK-110219 saylı “Xidmət Müqaviləsi”nin surətindən görünür ki, İddiaçı MMC Cavabdeh üçün həmin müqavilədə göstərilən xidmətləri həyata keçirməyi, Cavabdeh isə razılaşdırılmış xidmət haqqını müqavilə şərtlərində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli müqaviləyə 1 Saylı Əlavədən görünür ki, İddiaçı MMC Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinə müraciət etməyi və bu Müqavilədə göstərilən digər xidmətlər göstərməyi, Cavabdeh isə müqavilə üzrə xidmət haqqı əvəzində 1200 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh müqavilə məbləğinin 600 manat hissəsini müqavilə imzalandığı gün ödəməyi, geri qalan 600 manatı isə universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür.
5. xx.xx.2023-cü il tarixli UK-110219 saylı müqaviləyə dair məlumatlardan görünür ki, İddiaçı MMC Cavabdeh arasında bağlanan fərdi müqavilə üzrə təhsil növü əyani, təhsil dərəcəsi bakalavr, paket adı-Ukraynada təhsil, ilkin ödəniş 600 manat, son ödəniş 600 manat olmaqla müqavilə məbləği 1200 manat olaraq müəyyən edilmişdir.
6. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh Bahadar oğlu İddiaçı MMC (bundan sonra "İcraçı") ilə bağladığı tapşırıq müqaviləsində (Müqavilə № UK-110219) nəzərdə tutulmuş ödənişi müqavilədə qeyd olunan şəkildə tam ödəməyi, müqavilə üzrə öhdəliyin icraçının təqsiri üzündən pozulmadığı digər hallarda müqavilədən imtina etdikdə icraçıdan ödənilmiş məbləği geri tələb etməmək öhdəliyini qəbul etmişdir.
7. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Bahadar oğlu həmin tarixdə İddiaçı MMC-yə 400 manat ödəniş etmişdir.
8. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh Bahadar oğlu həmin tarixdə İddiaçı MMC-yə 200 manat ödəniş etmişdir.
9. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X5 İddiaçı MMC-yə müraciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli UK-110219 saylı müqavilədə qeyd olunan Xarkov Milli Aerokosmik Universiteti və “Aviasiya və aerokosmik mühəndislik” ixtisasının Kiev Universiteti Kompyuter Mühəndisliyi universitet və ixtisasına dəyişdirilməsini istəmişdir.
10. Nuruzadə Bahadur tərəfindən Ukrayna Beynəlxalq Təhsil Mərkəzinin direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, ərizədə əvvəlki dəvəti Azərbaycana göndərilərkən itdiyi üçün ləğv edilməsini və ona S.Kuzneç adına Xarkov Milli İqtisad universiteti komputer elmləri üzrə yeni dəvət göndərilməsini xahiş etmişdir.
11. xx.xx.2024-cü il tarixli dəvət məktubundan görünür ki, Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinə dair Nuruzadə Bahadura dəvət məktubu göndərilmişdir.
12. xx.xx.2024-cü il tarixli 0/1602 nömrəli təsdiq məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 Elm və Təhsil Nazirliyinin Simon Kuznets Xarkov Milli İqtisadiyyat Universitetinin “Kompyuter elmleri” ixtisası üzrə bakalavr pilləsinə uyğun görülmüşdür.
13. xx.xx.2024-cü il tarixli 120 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh aralarında bağlanmış ali təhsil müəssisələrinə qəbul ilə bağlı xidmət müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirdiklərini, lakin Cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü maddi öhdəlikləri ödəməyi bildirilmiş, əsas borc üzrə 600 manat və hesablanmış cərimə olaraq 1320 manat, ümumilikdə isə 1920 manat ödənilməmiş öhdəliyi olduğu, müqavilə üzrə öhdəliyi ən qısa müddət ərzində ödəməsi, əks halda məhkəməyə müraciət edəcəkləri barədə xəbərdar edilmişdir.
14. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 39.50 manat dövlət rüsumu ödəmişdir.
Tərəflərin izahatları :
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirmişdi ki, onlar övladının xarici universitetdə bakalavr səviyyəsi üzrə təhsil alması üçün sentyabr ayında İddiaçı MMC-yə müraciət etmişlər. Onlar arasında sentyabr ayının 6-da xidmət müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən onlar övladlarının Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinə daxil olmasını istəmişlər. Həmçinin müqavilə bağlanan zaman iddiaçı tərəf onlara 2 həftə ərzində müraciət etdikləri universitetdən qəbul gəlməsi ilə bağlı vəd vermişdir və cavabdehin nümayəndəsi izahatında bu şərtin müqavilədə də əks olunduğunu bildirmişdir. Müqaviləyə əsasən onlar ilkin olaraq 600 manat ödəməli, övladı universitetə daxil olduqdan və rəsmi qəbul sənədini əllərinə aldıqdan sonra geriyə qalan 600 manatı ödəməli idilər. Müqavilə bağlanılmasından 2 həftədən çox 1 ay keçməsinə baxmayaraq onlara heç bir cavab gəlməmişdir. Müqavilə bağladıqdan bir ay sonra yoldaşı-cavabdeh İddiaçı MMC-yə müraciət etmiş və müqavilədən imtina etmək istədiyini bildirmişdir. Onlar isə problemin universitetdən qaynaqlandığını bildirmişlər və təklif etmişlər ki, gəlin övladınızı başqa yerə düzəldək. Kompüter mühəndisliyi ixtisasında qiymətlərin daha münasib olduğunu bildirmişlər. Onlar da bununla razılaşmışlar. Qəbul gəlmədiyinə görə cavabdeh İddiaçı MMC ilə oktyabr ayında ikinci yeni bir müqavilə bağlamışlar. İddiaçı tərəfindən universitetdən qəbul gəlmədiyi üçün övladına ərizə yazdırmışlar ki, sənəd yolda itmişdir. Buna görə oğlu ilk dəfə müraciət etdiyi universitetin sənədinin itməsi ilə bağlı 21 noyabr 2023-cü il tarixində ərizə yazmış və ixtisası kompyuter mühəndisliyi olaraq qeyd etmişdir. Kompyuter mühəndisliyinin xidmət haqqısına görə qiyməti ilkin müqavilənin xidmət haqqısına görə qiymətindən daha münasib olmuşdur. Yeni müqavilə üzrə onlar 850 manata razılaşmışlar. Həmin müqavilə onlara verilməmişdir. Məhkəmə prosesi zamanı müraciət etmişlər, lakin iddiaçı tərəf müdiriyyətin işdə olmadığına görə müqavilənin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Yenə xeyli müddət keçməsinə baxmayaraq onlara ikinci müqavilə ilə də bağlı övladlarının qəbul alması barədə xəbər verilməmişdir. Dekabr ayında şikayət etdikdən sonra İddiaçı MMC onlara qəbul ilə bağlı məlumat vermişdir. 4-5 ay keçdikdən sonra iddiaçının nümayəndəsi onlara bildirmişdir ki, sənəd düzəlib, universitetdən arayış gəlmişdir. Lakin Xarkov universitetindən verilən əmrdə övladımın magistr təhsili aldığı qeyd edilmişdir. Həmin sənədin isə ümumiyyətcə qəbul sənədi deyil, arayış olduğunu qeyd etmişdir. Universitetdə prorektor kimi işləyən şəxsə zəng vurmuşlar, həmin qəbul məktubunda adı yazılmış şəxsə. O, qeyd etmişdir ki, həmin sənəd saxtadır. O, universitetlə danışdıqdan sonra kursda işləyən Ramil müəllimdə universitetlə əlaqə saxlamış və universitetdən ona kömək etmələrini istəmişdir. Həmçinin həmin qəbul məktubunda övladının magistr dərəcəsinə qəbul olması göstərilmişdir. Cavabdeh övladının bakalavr dərəcəsi almadan magistraturaya necə qəbul olmasını öyrənmək istədikdə səhvlik olduğunu və düzəldiləcəyini bildirmişlər. Qəbul ilə bağlı sənədlər onlara gəlmədiyinə görə cavabdeh və onun nümayəndəsi övladlarının sənədlərini başqa xarici universitetə təqdim etmiş və hal-hazırda övladı xaricdə təhsil alır.
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında nümayəndəsi ilə razı olduğunu və iddia tələbini qəbul etmədiyini bildirmişdir.
17. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək iddia tələblərinin tam müdafiyə etdiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
18. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
19. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə xidmət müqaviləsi bağlanmışdır.
20. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin sifarişi ilə cavabdehin oğlunu Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinə qəbul edilməsi ilə bağlı müvafiq xidmətləri yerinə yetirməli, müraciət etməli, qəbul cavabı almalı, sənədləşmə işlərini aparmalı və d. xidmətlər göstərməli idi.
21. Həmin xidmət müqaviləsi üzrə cavabdeh iddiaçiya ödəməli olduğu 1200 manat məbləğində pul vəsaitindən 600 manat ödəniş etmişdir.
22. Hazırda iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyi cavabdeh tərəfindən isə yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmişdir.
23. Cavabdeh isə iddiaçının müqavilə üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddia tələbini qəbul etmir.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
Məhkəmənin mövqeyi :
27. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
28. İddiaçı MMC Cavabdeh qarşı olan “pul” tələbini cavabdehin xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qayda yerinə yetirməməsi, müqavilə üzrə ödəməli olduğu xidmət haqqını ödəməməsi ilə əsaslandırmışdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.
30. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
31. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi bağlanmışdır.
32. Həmin müqaviləyə əsasən icraçı qismində İddiaçı MMC həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən xidmətləri sifarişçi qismində Cavabdeh üçün həyata keçirməyi, sifariş qismində Cavabdeh isə razılaşdırılmış xidmət haqqını müqavilə şərtlərində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür.
33. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsası qismində mülki qanunvericiliyin tapşırıq müqaviləsinə dair müddəaları nəzərdən keçirilməlidir.
34. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (Mülki Məcəllə maddə 777.1).
35. Həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədən görünür ki, icraçı qismində iddiaçı Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinə müraciət etmək, müraciət edilən universitetdən qəbul cavabı alınması; sifarişçiyə xaricdə təhsil haqqında ilkin məlumatların, məsləhətlərin verilməsi; sifarişçinin sənədləşmə işlərinin aparılması; müvafiq təhsil müəssisələrinin araşdırılması və sifarişçiyə uyğun təhsil müəssisələrinin seçilməsi; əsaslandırma məktublarının yazılması (tələb olunarsa); tələbə üçün seçilmiş müvafiq universitetlərə tələb olunan qeydiyyat sənədlərinin yollanması; sifarışçi üçün müraciət olunan universitetlərdən cavab gəldiyi halda 1.1-ci maddədə nəzərdə tutulan 1.4. viza sənədlərinin hazırlanması; sifarişçinin müvafiq təhsil proqramında təhsil almaq məqsədilə gediləcək ölkənin səfirliyi tərəfindən tələbə vizası üçün tələb olunan sənədlərin (o cümlədən, ev yataqxananın tapılması) hazırlanması xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
37. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin 2-ci bəndinə əsasən müqavilə üzrə xidmət haqqı 1200 manat təşkil edir. Sifarişçi olan cavabdeh müqavilə məbləğinin 600 manat hissəsini müqavilə imzalandığı gün ödəməyi, 600 manat hissəsini isə universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür.
38. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh tərəfindən ilkin olaraq ödənilməli olan 600 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin cavabdeh qalan 600 manat məbləğində pul vəsaitini isə ödəməkdən imtina edir.
39. Hazırki mübahisənin yaranma səbəbi də cavabdehin müqavilə şərtinə əsasən universitetdən qəbul cavabı gəldiyi gündən 3 gün müddətində ödəməli olduğu 600 manat məbləğində pul vəsaitini ödəməkdən imtina etməsidir.
40. İddiaçı bağlanmış xidmət müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini, cavabdehin isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini iddia edir.
41. Cavabdeh Bahaddur oğlu isə ona qarşı qaldırılmış iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsini iddia edir.
42. Bu baxımdan hazırkı iş üzrə iddia tələbinə dair mübahisənin həlli ilk növbədə hansı tərəfin müqavilə üzrə öhdəliyini pozmasından asılıdır.
43. Belə ki, iddia tələbinə qiymət verilməsi üçün tərəflərinin hər birinin öhdəliyinin konkret olaraq hansı hərəkətlərdən ibarət olması və tərəflərin öz üzərinə düşən öhdəlikləri icra edib-etməməsi araşdırılmalıdır.
44. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmişdir. Cavabdeh bunun əksini iddia etsədə, məhkəməyə etirazının dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
45. İlk növbədə qeyd edək ki, tərəflər arasında bağlanmış müqavilədən görünür ki, tərəflər arasında İddiaçı MMC-nin cavabdehə Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinə qəbul ilə bağlı xidmət göstərilməsinə dair müqavilə bağlanılmışdır.
46. İş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “İnvitation for Study” (təhsil üçün dəvət) məktubundan görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, xx.xx.2006-cı il təvəllüdlü X2 Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” ixtisasına qəbulu ilə bağlı dəvət məktubu göndərilmişdir.
47. Cavabdeh və nümayəndəsi X6 izahatında qeyd edmişdir ki, həmin dəvət məktubu barədə onların yanvar ayında məlumatı olmuşdur.
48. Belə ki, X6 izahatında qeyd etmişdir ki, müqavilə bağladıqdan bir ay sonra yoldaşı- Cavabdeh İddiaçı MMC-yə müraciət etmiş və müqavilədən imtina etmək istədiyini bildirmişdir. Onlar isə problemin universitetdən qaynaqlandığını bildirmişlər və təklif etmişlər ki, gəlin övladınızı başqa yerə düzəldək. Kompüter mühəndisliyi ixtisasında qiymətlərin daha münasib olduğunu bildirmişlər. Onlar da bununla razılaşmışlar. Qəbul gəlmədiyinə görə cavabdeh İddiaçı MMC ilə oktyabr ayında ikinci yeni bir müqavilə bağlamışlar. O həmçinin onu da qeyd etmişdir ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı tərəfindən müraciət etdikləri universitetdən 2 həftə ərzində qəbul gəlməsi ilə bağlı vəd verilmiş və bu şərtin müqavilədə də əks olunduğunu bildirmişdir. Lakin cavabdeh tərəf məhkəməyə qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
49. İlk növbədə qeyd edək ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli UK- 110219 saylı “Xidmət Müqaviləsi” və xx.xx.2023-cü il tarixli müqaviləyə 1 Saylı Əlavədə iddiaçı tərəfindən öhdəliyin 2 həftə ərzində icra ediləcəyinə dair razılaşma, ümumiyyətlə icraçı olan iddiaçı tərəfindən öhdəliyin icra müddəti barədə razılaşma əldə edilməmişdir. Müqavilənin qüvvədə olma müddəti barədə razılaşma ondan ibarət olmuşdur ki, müqavilə 1 saylı Əlavədə göstərilən xidmətlərin icraçı tərəfindən həyəta keçiriləcəyi anadək qüvvədədir.
50. Daha sonra qeyd edək ki, cavabdeh tərəf xx.xx.2023-cü il tarixli “İnvitation for Study” (təhsil üçün dəvət) məktubun onlara təqdim edilmədiyini, onlar şikayət etdikdən sonra yanvar ayında onlara həmin məktubun təqdim edildiyini bildirmələrinə baxmayaraq, məhkəməyə qeyd edilən halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişlər.
51. Həmçinin cavabdeh tərəf yuxarıda qeyd edilən dəvət məktubu gəlmədiyi üçün iddiaçı tərəfin təklifi ilə oktyabr ayında Kiyev Universiteti “Komputer Mühəndisliyi” fakültəsinə dair iddiaçı ilə müqavilə bağladığını və həmin müqaviləyə əsasən xidmət haqqının 850 manata razılaşdıqlarını qeyd etsə də, məhkəməyə qeyd edilən halı da təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
52. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin oğlu X5 xx.xx.2023-cü il tarixdə (dəvət məktubu gəlməmişdən öncə) ərizə ilə İddiaçı MMC-yə müraciət edərək, öz istəyi əsasında Xarkov Milli Aerokosmik Universitetinin “Aviasiya və aerokosmik mühəndislik” fakültəsinin Kiyev Universiteti “Komputer Mühəndisliyi” fakültəsinə dəyişdirilməsini xahiş etmişdir. Daha sonra isə dəvət məktubu Azərbaycana göndərilərkən itdiyi üçün Ukrayna Beynəlxalq Təhsil Mərkəzinin direktoruna xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ona S.Kuzneç adına Xarkov Milli İqtisad universiteti komputer elmləri üzrə yeni dəvət göndərilməsini xahiş etmişdir.
53. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli UK-110219 saylı “Xidmət Müqaviləsi”nin 3.2.12-ci bəndində nəzərdə tutulmuşdur ki, təhsil müəssisəsinin dəyişdirilməsi, icraçının müvafiq imkanları mövcud olduğu halda, sifarişçinin müraciəti əssında həyəta keçirilə bilər. Bu halda, proqramların (paketin) dəyəri arasında fərq və 300 manat civarında əlavə ödəniş tutulur.
54. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə sifarişçinin müraciəti əsasında təhsil müəssisəsinin dəyişdirilməsinin mümkünlüyü müəyyən edilmişdir.
55. Həmçinin belə bir halın əlavə ödəniş ödənilməklə həyəta keçirilməsi mümkünlüyü müəyyən edilmişdir. Görünür ki, iddiaçı tərəfindən əlavə ödəniş tələb edilməməklə qeyd edilən xidmət göstərilmişdir.
56. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş xx.xx.2024-cü il tarixli 0/1602 nömrəli təsdiq məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 Elm və Təhsil Nazirliyinin Simon Kuznets Xarkov Milli İqtisadiyyat Universitetinin “Kompyuter elmleri” ixtisası üzrə bakalavr pilləsinə uyğun görülmüşdür.
57. Cavabdeh və nümayəndəsi X6 isə həmin məktubun arayış olduğunu, saxta sənəd olduğunu bildirmişlər.
58. Belə ki, cavabdehin nümayəndəsi X6 məhkəməyə 0/1427 saylı xx.xx.2023-cü il tarixli məktubu təqdim edərək bildirmişdir ki, onlara təqdim edilmiş həmin sənəddə oğlunun magistr təhsili üzrə qəbul edildiyi qeyd edilmişdir. Bununla əlaqədar İddiaçı MMCyə müraciət etdikdə səhvlik olduğunu və düzəldəcəklərini bildirmişlər. Daha sonra onlar həmin universitetin prorektoru ilə əlaqə saxlamışlar və o isə həmin sənədin saxta olduğunu bildirmişdir.
59. Cavabdeh tərəfi həmin sənədin prorektor tərəfindən saxta olduğunun bildirildiyini qeyd etməsinə baxmayaraq, məhkəməyə buna dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
60. Qeyd edilən sənəddə bakalavr deyil magistr qeyd edilməsi isə texniki səhv olaraq qiymətləndirilə bilər. Məhkəməyə təqdim edilən sənəddə həmin yanlışlığın düzəldiyi görünür. Həmçinin həmin sənəddən də görünür ki, cavabdehin oğlu 2023-2024-cü il təhsil ili üzrə qəbul təsdiq məktubu göndərilmişdir.
61. Cavabbdehin həmin sənədin saxta olması ilə bağlı etirazı həmçinin o olmuşdur ki, necə ola bilər ki, onlar universitet üçün təhsil haqqını ödəmədikləri halda oğlu universitetə qəbul edilmişdir. Məhkəmə cavabdehin qeyd edilən etirazı ilə bağlı qeyd edir ki, həmin təsdiq məktubundan görünür ki, məktubda tələbə tərəfindən universitetə çatdırılmalı olan sənədlərin siyahısı göstərilmişdir. Tələbə həmin sənədlərlə universitetə müraciət etməli, daha sonra sənədlərdə uyğunsuzluq olmadığı halda ödəniş universitetin özünə həyəta keçirilməlidir.
62. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli UK-110219 saylı “Xidmət Müqaviləsi”nin 3.2.7-ci bəndində nəzərəd tutulmuşdur ki, sifarişçi göstərilən bütün öhdəlikləri yerinə yetirərək tam və zamanında dərslərə getməli və ona ali təhsil müəssisəsi tərəfindən deyilən məsləhətlərə əməl etməlidir.
63. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı ondan ibarətdir ki, cavabdeh tərəf qəbul məktubunu aldıqdan sonra qeyd edilən universitetə müraciət etməmişlər. Onlar başqa universitetə müraciət etmişlər və yanvar ayından övladları X1 təhsil alır.
64. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ümumiyyətlə istinad etdiyi hallar ilə bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 65.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. 66.Məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 165 və 167-ci maddələrinin tələblərinə uyğun olaraq cavabdehə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək hüququ izah edilmiş və bu səbəbdən və mahiyyəti üzrə işə tam, hərtərəfli, obyektiv baxılıb qətnamə qəbul edilməsi üçün məhkəmə hazırlıq iclası bir neçə dəfə təxirə salınmış (işi ilə əlaqədar məhkəməyə gəlməkdə çətinlik çəkdikləri üçün məhkəmə iclasının təxirə salınmasına etiraz etmələrinə baxmayaraq), lakin cavabdeh tərəfindən istinad edilən halları təsdiq edən mötəbər sübutlar təqdim ediməmişdir.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddənin məzmunundan göründüyü kimi sübut edilməli hallar dedikdə isə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar, cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
69. Ona görə də məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
70. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
72. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir.
73. Həmçinin, nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun, yaxud qarşı tərəf həmin izahatda ifadə edilən faktiki halları mübahisələndirməsin və bu, işin mübahisəsiz hallarını müəyyən etməyə imkan versin.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
75. Beləliklə, məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
76. Belə ki, cavabdeh aralarında bağlanmış müqavilə üzrə şərtləşdirilmiş 1200 manat məbləğində xidmət haqqından yalnız 600 manat ödəniş etmiş, yəni üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. Halbuki mülki qanunvericiliyə əsasən vəkalət verən vəkalət alana şərtləşdirilmiş muzdu ödəməlidir.
77. Mülki qanunvericiliyə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (MM 442m). Əgər Mülki Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir(MM 448.1m).
78. Tərəflər arasında bağlanmış müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandığı andan qüvvəyə mini və 1 saylı Əlavədə göstərilən xidmətlərin icraçı tərəfindən həyəta keçirildiyi anadək qüvvədədir.
79. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəf 1 saylı Əlavə göstərilən xidmətlərin icrası ondan asılı olan hissəsini yerinə yetirmiş, lakin cavabdeh tərəf icranın nəticəsini qəbul etməmiş və qəbul cavabı gəlməsinə baxmayaraq 3 gün müddətində 600 manat xidmət haqqını ödəməmişdir.
80. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı 600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
81. İddiaçı MMC Cavabdeh qarşı həmçinin 1320 manat məbləğində cərimə məbləğinin tutulması tələbini irəli sürmüşdür.
82. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli UK-110219 nömrəli Xidmət Müqaviləsinin 3.2.2-ci bəndinə əsasən əgər sifarişçi müqavilədə göstərdiyi qaydada xidmətlərin göstərilməsi ilə əlaqədar icraçıya tələb olunan məbləğ və vaxtında ödəmirsə, gecikdiyi hər gün üçün müqavilənin ümumi dəyərinin 1% miqdarında cərimə ödənilməlidir.
83. Məhkəmə işin faktiki hallarını, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 1320 manat təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
84. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 51656973 nömrəli qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 39.50 manat dövlət rüsumu ödənilmişdir.
85. Belə olan halda məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Nəticə :
86. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış 600 manat əsas borc və 20 manat cərimə olmaqla, cəmi 620 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xidmət müqaviləsi üzrə yaranmış 600 manat əsas borc və 20 manat cərimə olmaqla, cəmi 620 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva