Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1759/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 5500 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 2023-cü il aprelin 28-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə 4636.79 manat əsas borcu, 325.44 manat faiz borcu, 177.57 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5139.80 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqavilə üzrə banka ümumi cərimə borcu 177.57 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 88.79 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4636.79 manat əsas borcun, 325.44 manat faiz borcu, 88.79 manat cərimə borcu olmaqla, cəmi 5051.02 manat borcun və 70.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC məhkəməyə 04 sentyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul edib, izahatında bildirmişdir ki, o, vaxtı-vaxtında kredit üzrə ödənişlərini etmişdir. Lakin, 2022-ci ilin oktyabr ayında xəstələndiyi üçün ödənişləri edə bilməmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasının məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməklərinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22-Z1-3-0- 1135-22 saylı nəğd kredit verilməsinə dair razılaşmadan görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17 faiz ödəmək şərtilə, 5500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 36 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22- Z1-3-0-1135-22 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli nəğd kredit verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin 13 aprel 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 29 aprel 2022-ci il tarixli, 22-Z1-3-0-1135- 22 saylı kredit müqaviləsinə əsasən borc alana 5500 manat manatı məbləğində illik 17 % olmaqla 36 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq Yelo Bank ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı banka tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarınıza yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. - Maliyyə arayışından görünür ki, Cavabdeh1 29 aprel 2022-ci il tarixli, 22-Z1-3-0- 1135-22 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4636.79 manat əsas borc, 325.44 manat faiz borcu və 177.57 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5139.8 manat borcu vardır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 70,51 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 aprel 2022-ci il tarixli, 22-Z1-3-0-1135-22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 17 faiz ödəmək şərtilə, 5500 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında həmin pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh1 hesabına köçürülmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 aprel 2022-ci il tarixli, 22-Z1-3-0-1135-22 saylı zaminlik müqaviləsi bağlanmış və zamin nəğd kredit verilməsinə dair razılaşmadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişlər və nəticədə cavabdehlərin iddiaçıya 4636.79 manat əsas, 325.44 manat faiz, 88.79 manat cərimə borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 29 aprel 2022-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22-Z1-3-0-1135-22 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4636.79 manat əsas borc, 325.44 manat faiz borcu və 88.79 manat cərimə olmaqla, cəmi 5051.02 manat borc və 70.51 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22-Z1-3-0- 1135-22 saylı kredit müqaviləsi ləğv edildin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4636.79 manat əsas borc, 325.44 manat faiz borcu və 88.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5051.02 manat borc və 70.51 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-1759/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1759/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver