Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1760/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə 05.05.2014-cü il tarixdə anadan olmuş Murad adlı uşaqlarının yetkinlik yaşına kimi saxlanılması (böyüməsi) üçün Bakı şəh., Nizami ray., Ə.Hacıyev küç., ev 17, mən 10-da yaşayan Cavabdeh tutulan alimentin miqdarının 300-400 (üç yüz-dörd yüz) manat miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 05.09.2012-ci il tarixdə rəsmi qaydada nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahdan 05.05.2014-cü il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikahları tez bir zamanda rəsmi olaraq məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh uşağın saxlanılmasında maddi təminatların ödənilməsi istiqamətində heç bir kömək göstərməməsi ilə əlaqədar aliment tələbinə dair 2015-ci ilin avqust ayında məhkəməyə müraciət etdikdən sonra Bakı şəh., Nizami rayon Məhkəməsinin hakimi onun iddiasını qismən təmin etmişdir. Hakim, oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 may 2016-cı il tarixdə hər ay 167 manat pul məbləğində aliment pulu ödənilməsi barədə qətnamə qət etmişdir. Lakin, hazırki, dövründə uşağın qayğısına qalmaqla çətinlikləri və cavabdehin 1000 (min) manatdan çox əmək haqqı almasını nəzərə almayan hakim onun hüquqlarını pozmuşdur. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi cavabdehin aylıq gəlirini müəyyən etmədən 27 may 2016-cı il tarixdən başlayaraq hər ay ümumilikdə cəmi 167 (yüz altımış yeddi) manat ödənilməsi barədə qətnamə qət etmişdir. Halbuki, cavabdehin aylıq gəliri 1000 (min) manatdan çox olmasına baxmayaraq, müxtəlif gəlirli yerlərdə qeyri-rəsmi qaydada işləməsini nəzərə almayan hakim qətnamə qət etmişdir. Bununla da hesab edir ki, uşağın yetkinlik yaşına çataradək saxlanılması üçün qanuna müvafiq olaraq cavabdehin əldə etdiyi aylıq gəlirin 3-də 1 hissəsi məbləğdə hesablanmalıdır. Bu da, cavabdehin aylıq gəlirini nəzərə alıb alimentin miqdarının artırılmasına əsas verir. Çünki, hal-hazırda onun heç bir əlavə gəlir mənbəyi yoxdur. Maddi cəhətdən uşağı saxlamağa və onun sağlam böyüməsi ilə əlaqədar çox çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, maddi imkanı aşağıdır. Alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(007)-4029/2016 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 05 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 may 2016-cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək üçün hər ay 50 (əlli) manat, cəmi 167 (yüz altmış yeddi) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə 05 may 2014-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmış, aralarındakı nikah ləğv edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli qətnaməsi ilə, Cavabdeh 05 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 27 may 2016cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatanadək üçün hər ay 50 (əlli) manat, cəmi 167 (yüz altmış yeddi) manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2020-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2019-cu il tarixli Qanununa əsasən 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2016-cı ildə müəyyən edilmiş 117 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 05 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(007)-4029/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyun 2016-cı il tarixli, 2(007)-4029/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 05 may 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,0 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1760/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1760/2020
17.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver