Məhkəmə qərarları › İş №2(007)-1766/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1766/2021

15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1766/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 mart 2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladları 28 oktyabr 2005-ci il təvəllüdlü X4 və 02 fevral 2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehin iddia tələbinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2012-ci il tarixli qətnaməsinə əsasən onun iştirakı və xəbəri olmadan iddia tələbi təmin edilərək qeyd edilən tarixli nikahları pozularaq birgə nikahdan doğulmuş uşaqlarının onun yanında qalması, 28 oktyabr 2005-ci il təvəllüdlü X1 və 02 fevral 2011-ci il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin 25 sentyabr 2012-ci il tarixdən başlayaraq ona verilməsi qət edilmişdir. Məhkəmənin istinad edilən qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı uşaqların hazırda qarşılaşdıqları təlabatın ödənilməsi üçün yetərli deyildir. 13 yaşlı övladının yüksək səviyyədə təhsil alması üçün onun fərdi və ya əlavə kurslarda təhsil almasına əlavə xərclərin onun tərəfindən təmin olunması təkbaşına çətinlik törətdiyindən uşaqların bütün təlabatını yəni, valideynlərinin maddi və mənəvi köməkliyi ilə təmin edir. Demək olar ki, uşaqların bütün maddi ehtiyaclarını və mənəvi qayğılarını kömək olaraq valideynləri yerinə yetiririr. Cavabdeh isə ancaq, məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş hazırkı təlabata nisbətdə cüzi olan alimenti ödəməklə bir valideyn kimi uşaqların saxlanması üçün üzərinə düşən vəzifəni yerinə yetirdiyini hesab edir. Buna görə də, o, cavabdeh X3 birgə nikahlarından doğulmuş övladlarları 28 oktyabr 2005-ci il təvəllüdlü X1 və 02 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat alimentin sabit pul məbləğində tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, -AZE seriyalı, 18122291 saylı və AZE seriyalı,18153329 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Rəsulzadə Sərxan 28 oktyabr 2005-ci il tarixdə, Rəsulzadə Zakir 02 fevral 2011-ci il tarixdə doğulmuşlar. Ataları Cavabdeh, anaları Rəsulova Tovuzdur; -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli, 2(007)- 1839/2012 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Rəsulova (Qəhrəmanova) Tovuz Baba qızı arasında 05 mart 2004-cü il tarixdə Naxçıvan MR, Şərur rayon VVADQ şöbəsində bağlanmış 59 saylı nikah qeydiyyatının pozulması, 28 oktyabr 2005-ci il təvəllüdlü X1 və 02 fevral 2011-ci il təvəllüdlü X2 anaları Rəsulova (Qəhrəmanova) Tovuz Baba qızının yanında saxlanılmaları, 28 oktyabr 2005-ci il təvəllüdlü X1 və 02 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin, 25 sentyabr 2012-ci il tarixdən başlayaraq Cavabdeh alınaraq Rəsulova (Qəhrəmanova) Tovuz Baba qızına verilməsi qət edilmişdir; - Nikahın pozulması haqqında 17 noyabr 2016-cı il tarixli, AZ-İ seriyalı, 253849 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13 noyabr 2012-ci il tarixdə, 294 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Rəsulov, qadına Qəhrəmanov soyadı verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 05 mart 2004-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahlarından 28 oktyabr 2005-ci il tarixdə Sərxan, 02 fevral 2011-ci il tarixdə Zakir adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmənin 25 sentyabr 2012ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında qeydə alınmış nikah pozulmuş, uşaqlar ananın yanında qalmış, uşaqların yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçının maddi vəziyyəti onun məhkəmə qətnaməsinə əsasən 2012-ci ildə hər bir uşağa görə müəyyən edilmiş 100 manat məbləğində alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmaqla yanaşı uşaqlar da böyümüş və saxlanma xərcləri artmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun olduğundan, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılan aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1839/2012 saylı, 25 sentyabr 2012- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, 28 oktyabr 2005-ci il təvəllüdlü X1 və 02 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin hazırki qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1839/2012 saylı, 25 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. 28 oktyabr 2005-ci il təvəllüdlü X1 və 02 fevral 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar