Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1803/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə olaraq 14 iyun 2006-cı il təvəllüdlü X3 və 12 dekabr 2007-ci il təvəllüdlü X1 üçün məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilərək artırılması və onlar yetkinlik yaşlarına çatanadək hər uşağa görə hər ay üçün 200 manat hesabı ilə hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mərhum qızı Əliyeva (Mənsimova) Kəmalə Nüsrəddin qızının keşmiş həyat yoldaşıdır. Onlar 19.06.2005-ci il tarixdə rəsmi qaydada ailə qurmuşlar, birgə nikahlarından iki uşaqları olmuşdur: X7 doğulduğu il: 14 iyun 2006-cı il. X10 - doğulduğu il: 12 dekabr 2007-ci il. Cavabdehlə qızı Kəmalə arasında olan nikah Nizami rayon Məhkəməsinin 2(007)-49/2011 saylı, 16.05.2011-ci il tarixli Qətnaməsinə əsasən pozulmuş və uşaqların hər ikisi anasının yanında qalmışlar. Həmin qətnaməyə əsasən hər uşağa görə 80 manat aliment tutulması da qət edilmişdir. Həmin vaxtdan qızı ilə birlikdə nəvələri onun himayəsində olmuşlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1088/2015 saylı, 27.02.2015-ci il tarixli Qətnaməsilə qızının xeyrinə olaraq cavabdehdən hər uşağa görə 108 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qızı Kəmalə 19.05.2015-ci il tarixdə rəhmətə getdikdən sonra da nəvələri onun himayəsində qalmışlar. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 1-1/55 saylı 24.04.2017- ci il tarixli Sərəncamı ilə nəvələrinin - 14 iyun 2006-cı il təvəllüdlü X7 və 12 dekabr 2007-ci il təvəllüdlü X8 qəyyumu təyin edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(007)-851/2018 saylı Qətnaməsi ilə nəvələrinin saxlanılması üçün məhkəmənin müəyyən etdiyi əvvəlki sabit pul məbləğində olan alimentin (hər uşağa görə 108 manat) miqdarı artırılaraq hər uşağa görə hər ay 154 manat müəyyən olunmuşdur. 2018-ci ildən hal-hazıradək uşaqların saxlanılması üçün zəzuri xərclər artdığından məhkəmənin sabit pul məbləğində müəyyən etdiyi alimentin miqdarı kifayət etmir. 3 il bundan əvvəl müəyyən olunmuş məbləğlə uşaqların xərclərini ödəmək mümkün deyil. Ona görə də məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, cavabdeh fərdi əmək (taksi) fəaliyyəti ilə məşğul olduğundan və onun hər ay orta hesabla 1000-1200 manat qazancı olduğunu nəzərə alsalar, onun xeyrinə olaraq uşaqlar yetkinlik yaşlarına çatanadək hər uşağa görə hər ay üçün 200 manat hesabı ilə cəmi, hər ay 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda taksi şoferi işləyir. Aliment artırılsa ödəməyə imkanı çatmayacaqdır. Əgər veridyi alimentlə iddiaçı uşaqları saxlaya bilmirsə, uşaqları ona versin, özü baxar. Həmçinin ikinci nikahdan olan iki uşağına da o baxır. Ona görə əlavə aliment ödəməyə imkanı yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 20 aprel 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan nəvələri- X7 və X10 üzərində qəyyum təyin edilmişlər. - Bakı şəhəri Niza Rayon İcra Hakimiyyəti başçısının 24 aprel 2017-ci il tarixli Sərəncamından görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan nəvələri- X7 və X10 üzərində qəyyum təyin edilməsi ilə bağlı qərar təsdiq olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(007)- 851/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(007)-3330/2017 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 14.06.2006-cı il təvəllüdlü X7 və 10.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay uşaqların hər biri üçün 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması qət edilmişdir. - AZ-İ 825036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14.06.2006-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. - AZ-İİ 204952 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 10.12.2007-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X2r. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə iddiaçı X5 qızı X4 19 iyun 2005ci ildə nikaha daxil olaraq rəsmi ailə qurmuşlar və birgə nikahdan 14 iyun 2006-cı il təvəllüdlü X7 və 10 dekabr 2007-ci il təvəllüdlü X13 cğlu adlı iki uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(007)- 851/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(007)-3330/2017 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə 14.06.2006-cı il təvəllüdlü X7 və 10.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay uşaqların hər biri üçün 154 manat olmaqla cəmi 308 manat alimentin tutulması qət edilmişdir. Hazırda baba uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018ci ildə müəyyən edilmiş hər uşağa görə hər ay 154 manat olmaqla ümumilikdə 308 manat sabit pul məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə qeyd edir ki, uşağın saxlanılmasını tam olaraq atanın, yəni cavabdehin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini ümumilikdə 400 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Qeyd olunanlara əsasən, məhkəmə, 14.06.2006-cı il təvəllüdlü X3, 10.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli 2(007)-851/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlanılaraq Cavabdeh 14.06.2006-cı il təvəllüdlü X3, 10.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment Əlı̇ yev Nüsrəddı̇ n Əsəd oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli 2(007)-851/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyiyi gündən başlanılaraq Cavabdeh 14.06.2006-cı il təvəllüdlü X3, 10.12.2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində aliment Əlı̇ yev Nüsrəddı̇ n Əsəd oğlunun xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1803/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1803/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver