Məhkəmə qərarları › İş №2(007)-1811/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1811/2025

07.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1811/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı aliment tələbi ilə bağlı iddia qaldırsa da, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-339/2018 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərildikdən sonra İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ünvanlayaraq Cavabdeh ilə barışdığı üçün icra vərəqəsinin məhkəməyə qaytarılmasını xahiş etmiş, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1 və 23.3-cü maddələrində qeyd edilmişdir ki, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi tələbkar olaraq iddiaçı tərəfindən alimentin yenidən ödənilməsi barədə ərizə yazıldıqdan sonra icra hərəkətləri davam etdirilə və bundan sonra cavabdehdən yenidən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-339/2018 saylı qətnaməsi ilə ödənilməsi nəzərdə tutulan eyni məbləğdə aliment tutulmağa başlayacaqdır. Qeyd olunan hərəkətlərdən sonra isə iddiaçı tərəfindən alimentin indeksasiyası ilə məhkəmə qətnamələrinin icra qaydasında ərizə əsasında (8 indeksi ilə) məhkəməyə müraciət edilə bilər. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarında qeyd olunur ki, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar