Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1821/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat dəyərində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmanov X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə icra məmuru T.Rüstəmova tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin tarixdə müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adapteri, 1 ədəd enerji ötürücü qurğu məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsi işlək olmadığı üçün açılaraq ondan təhvil alınmışdır. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyildir və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəflərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini, elektron qurğunun onun səhvi ucbatından zədələndiyini, elektron qurğu onun gödəkçəsinin cibində olan zaman ailə üzvlərinin bilməyərək gödəkçəni yuyulması üçün paltaryuyana atdıqlarını, dəymiş ziyanı ödəməyə razı olduğunu, ancaq məbləği birdəfəlik ödəyə bilməyəcəyini, işləyib aybaay ödəyəcəyini, aylıq gəlirinin 600 manat olduğunu, cəzasının müddətinin 2-3 aya bitəcəyini, artıq ona başqa elektron qurğu verildiyini bildirdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, İddiaçı rəisi xx.xx.2025-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq məhkəmə baxış iclasına icra məmurunun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(007)-477/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə" saxlanıldığı 01 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 05 ay 28 gün (iki il beş ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Qərarın icrası İddiaçınə həvalə edilmiş, xx.xx.2023-cü il tarixdə icra məmuru T.Rüstəmova məhkumun iştirakı ilə “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə protokol tərtib etmiş və Cavabdeh üzərinə cəza çəkdiyi müddət ərzində 1 ədəd “Attenti” markalı 35655230 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və istifadə qaydaları, hökmün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. xx.xx.2024-cü il tarixdə icra məmuru R.Əliyevin məhkumun iştirakı ilə tərtib etdiyi “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə protokol əsasında İddiaçı qeydiyyatında olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh nəzarət vasitəsi kimi quraşdırılmış ‘Attenti” markalı elektron nəzarət vasitəsinə baxış keçirilməsi və baxış zamanı mobil qurğuda siqnalın tapılmaması və “Attenti” monitorda izləmənin mümkün olmaması, məhkumun env-nin dəyişilməyə ehtiyacı olması müəyyən edilmişdir. Bundan sonra Probasiya xidmətinin Elektron Monitorinq İdarəsinin baş məsləhətçisi və Probasiya İdarəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilərək Cavabdeh olan elektron nəzarət vasitəsi “işləmir” vəziyyətində təhvil götürülmüşdür. xx.xx.2025-ci il tarixdə icra məmuru R.Əliyevin məhkumun iştirakı ilə “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə protokol tərtib edilərək qeyd olunmuşdur ki, İddiaçı qeydiyyatında olan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh nəzarət qurğusu kimi quraşdırılmış env-nin “Attenti” markalı qolbaq 16777 (mobil qurğu enerji yığmadığından xx.xx.2024-cü il tarixdə rəqəmsal monitorinq idarəsinə təhvil verilmişdir) nömrəli mobil qurğu işləmədiyindən dəyişilərək yeni 35630531 (qolbaq 06014) nömrəli env-si tədbiq olunmuş və təhvil verilmişdir. Məhkuma hüquq və vəzifələri yenidən izah olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” Mütəxəssis rəyi və Maliyyə arayışından görünür ki, “Attenti V6” mobil qurğuusna xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş, baxış nəticəsində istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlığın nasaz vəziyyətə salınması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olması müəyyən olunmuşdur. Həmin qolbağın dəyəri 2277.40 manat təşkil etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iclasda iştirak etmiş cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü ,1096.1-ci, 1097.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.1, 15-2.4 və 15- 2.5-ci maddələrinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir, şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir və elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə qeyd edir ki, Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə” protokol ilə cavabdehə 1 ədəd “Attenti” markalı 35655230 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və istifadə qaydaları, eyni zamanda hökmün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh mobil qurğu təhvil verilən zaman istifadə qaydaları, mobil qurğu zədələndikdə və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı izah edilərək iddiaçı üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmişdir. Bundan sonra həmin qurğunun işləməməsi müəyyən edilmiş və qurğu cavabdehdən təhvil alınmışdır. Hansı ki, “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli Qərarının 2.3-cü bəndində qeyd olunur ki, elektron nəzarət vasitələri tətbiq olunan nəzarət subyektinə müvafiq olaraq icra məmuru (probasiya üzrə) və polis orqanının müvafiq vəzifəli şəxsi tərəfindən məhkəmənin qərarının icrası qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri ilə yanaşı konkret nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması tələbi, bunun üçün görülməli olan işlər, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi izah edilir, ona yaddaş kitabçası verilir və bu barədə protokol tərtib olunur. Bununla da, yuxarıda qeyd olunan qanunvericilik normaları və işin halları ilə müəyyən olunur ki, iddiaçının hüquqları cavabdehin təqsirli hərəkətləri nəticəsində pozulmuş və iddiaçıya baş vermiş hadisə nəticəsində əmlakından məhrum olması ilə zərər dəymiş və cavabdehin təqsiri nəticəsində istifadəyə yararsız vəziyyətə salınan elektron nəzarət vasitəsinin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2277,40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, iddiaçı büdcədən maliyyələşən təşkilat olduğundan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Həmin Qanunun 9.4-cü və Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 42,77 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 42,77 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1821/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1821/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver