Məhkəmə qərarları › İş №2(007)-1842/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1842/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1842/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin qaytarılması və ya dəyərinin ödənlməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh2 (həmçinin cavabdeh X3 nümayəndəsi), Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin qaytarılması və ya dəyərinin ödənlməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin qaytarılması və ya dəyərinin ödənlməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə cavabdeh X11 ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri, gen. Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 1 alınması üçün bağlanmış şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, gen. Cəmşid Naxçıvanski küçəsi, 54A saylı evin, 1 nömrəli mənzilinin ona qaytarılmasına və ya naturada qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci illərin əvvəllərində onun bacısı X3 həyat yoldaşı rəhmətə getdi. Bacısı ona zəng vurub çağırdı öz evlərinə (keçmiş Vorovskiy qəsəbəsində iki mərtəbəli həyət evinə) ki, qayınanası onu evdən qovur. Bacısının qayınanası ondan xahiş etdi ki, o, bacısını uşağı ilə birlikdə götürüb aparsın və onun üçün ev almaq məqsədilə 8500 ABŞ dolları verdi. O, bildirdi ki, bu pula ona ev ala bilməz. Xahiş etdi ki, ona verdiyi pulun məbləğini artırsın. Lakin onun bacısı onun üstünə qışqırıb dedi ki, bu sənə kifayətdi. İki mərtəbəli həyət evini satıb cəmi 8500 ABŞ dollarını verdilər ki, get bacın üçün ev al. O, həmin pulu gətirib verdi atasına və bacısını uşaqla birlikdə köçürdü atasının üç otaqlı mənzilinə (ünvan: ünvan 1lu və onun həyat yoldaşı ilə birgə yaşayırdılar. Bacısına bildirmişdir ki, bu pulla o, sənə ev ala bilməz, yaşa ata evində. Bacısı özü iki otaq ev tapıb ona zəng vurub bildirdi ki, tez bu ünvana gəl. O, gəldi 8-ci km-də Tələbə küçəsinə və orada atası ilə bacısı deyirlər bu evi onlar almaq istəyirlər. O, dedi alın, o, bu işə qarışa bilməz, lakin pulları evi almağa çatmırdı. Bacısı bir neçə il atasının evində yaşadı. Bacısı başa düşdü ki, o, onun üçün ev almaq istəmir. Onun iki övladı var və evi öz övladları üçün alacaq. Bacısı Sevda, bir gün onu çağırıb və onun qabağında ağlayıb yalvardı ki, o, onun həyatını xilas etməyə kömək etsin. Bacısı ona bildirdi ki, qardaşı ona gün verir, işıq vermir. Qardaşı Camal gəlib paltar yuyan maşınının yuyucu toz tökən hissəsini çıxarıb və qoymayıb paltar yuyan maşınla paltar yusun. Bacısı ondan xahiş etdi ki, o, onu başqa evə köçürsün. O, ev tutub onu başqa evə köçürməyə ehtiyat edirdi, çünki qorxurdu tək qadın xeylağı xəstə uşaqla; söz atan olar, sataşan olar və onda ona təklif etdi ki, “mən sənin adına borc olaraq yeni tikililərdən bir mənzil alım, gözəl təmir edim, lakin bir şərtlə: əgər, sən ailə həyatı qurub dünyaya uşaq gətirsən, sənin borcunu siləcəm”. O, ehtiyat etdiyindən ki, onu aldadacaq və evi ona qaytarmayacaq, bacısına demişdi ki, evi onun adına rəsmiləşdirsinlər, lakin bacısı and içdi ki, o, necə desə elə də olacaq. Bacısına bildirmişdir ki, onun istəyi ondan ibarətdir ki, o, yenidən ailə qursun və onun övladı olsa o, aldığı evi onun övladına hədiyyə edəcək. Çünki onun övladı ağır xəstə idi. Serebral paralic idi, nə gəzmirdi, nə də danışmırdı. Bacısına evi almamışdan öncə, ona şərt qoydu ki, “dünyaya uşaq gətirməsən, evi keçirdəcəksən mənim adıma və həmin evdə balalarım böyüyənə qədər, sən orda yaşaya bilərsən”. Evi aldı, mebelləri də düzdü. Bunları təsdiq edən şahidləri də var. Bacısı o, aldığı evdə yaşayan zaman ona zəng vurub bildirdi ki, onun üçün elçi qələcəklər. O, çox şadlanıb ata əvəzi kimi gəldi, həmin evdə elçiləri qarşıladı. Elçilər ona bildirdilər ki, kiçik bir toy etmək istəyirlər və onun bacısını təzə bəy öz atası evinə aparacaq, lakin sonradan bacısını yalnız nikaha apardılar və həyat yoldaşı müvəqəti yaşamaq adı ilə gəlib girdi o, aldığı evə. Üstündən bir neçə vaxt keçdikdən sonra onun qardaşı ona bildirdi ki, bacısının həyat yoldaşı o, aldığı evi ələ keçirdib. O, dərhal bacısı ilə əlaqə saxladı, bacısı ona bildirdi ki, elə bir şey yoxdur, qardaşı Camal onu aldadır. O, 24-cü polis bölməsinə müraciət etdi ki, bu məsələni araşdırsın. Bacısının həyat yoldaşı Cavabdeh2 xalası oğluna Oktay Kərimova zəng vurub onun görüş təyin etmək istədikdən sonra, görüş zamanı təkbətək olduqları anda bildirdi ki, 2012-ci ildə bacısı X11 o, aldığı evi keçirdib Cavabdeh2 adına. Bununla o, elə başa düşür ki, bacısı borc sazişinin şərtini icra etmək istmədiyi üçün və evi ona qaytarmamaq məqsədi ilə, öz hərəkətləri ilə məqsədli şəkildə onu aldadıb, onun aldığı əmlakı əri ilə birlikdə ələ keçiriblər. Borc məsələsini açdıqda onunla dava edib evdən qovdular. O, xalası oğluna bildirdi ki, onu Cavabdeh2la görüşdür. Lakin Cavabdeh2 onunla görüşməkdən imtina edir. O, evi alan zaman bacısına bildirmişdi ki, bu bocdur və borcun şərtini icra etməzsə, evi ondan geri alacaq. 18 oktyabr 2025-ci il tarixdə bacısının 57 yaşı tamam olacaq və bundan sonra o, həyata övlad gətirən deyil, o, bu evi alıb təmir də etdi, bacısının mebelini də alıb düzdü, lakin onu dediyi kimi aldatdı. Ona görə, hesab edir ki, bacısı öhdəliyi icra etmədiyindən evi ona naturada və ya pul ilə geri qaytarmalıdır, çünki əvvəlcədən bacısı ilə danışmışdılar ki, bu ev ona şərtlə alınıb. Şərti yerinə yetirməzsə, evi geri qaytarmalıdır. Bacısının qayınanası verdiyi 8500 (səkkiz min beş yüz) ABŞ dollarını atasının sağlığında 1500 (bir min beş yüz) ABŞ dollara bacısı üçün karakuldan şuba aldı və atası rəhmətə getdikdən sonra bacısını ərə verdi və əri ilə birlikdə onun iştirakı ilə bacısını "Sədərək" bazarına aparıb bacısı üçün 7000 (yeddi min) ABŞ dollarına iki ədəd norkadan şuba aldı. Yəni bacısında olan 8500 (səkkiz min beş yüz) ABŞ dolların evin alınması üçün xərclənməyib. Onun o vaxt maddi vəziyyəti yaxşı olduğundan heç nəyə ehtiyacı yox idi. O, heç bir zaman heç kəsdən heçnə istəməmişdir və aldadıb kiminsə pulunu, əmlakını ələ keçirməmişdir. Sadəcə olaraq istəyir ki, şifahi sazişin şərtləri icra olunsun.

Cavabdehin etirazı:

3. Cavabdeh X11 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin qaytarılması və ya dəyərinin ödənlməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona və qeyrilərinə qarşı irəli sürdüyü iddia əsasızdır və rədd olunmalıdır. Belə ki, o, 1999-cu ildə X7 ilə ailə qurmuşdu, həmin nikahdan 13 aprel 2000-ci ildə X9 anadan oluşdur. Oğlu anadan olandan “Uşaq serebral iflici tetraparetik, hiperkenktik forma (mikrokraniya fonunda)” diaqnozu xəstəliyindən əziyyət çəkirdi. X1 əmək qabiliyyətsiz idi və kənar şəxsin köməyinə və qulluğuna ehtiyac vardı, o özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyildi, etdikləri hərəkətlərin mənasını dərk etmirdi. 2001-ci ildə uşağının atası X7 vəfat etmişdir. Keçmiş həyat yoldaşı X7 vəfat etdtikdən sonra 2003-cü ildə qayınanası Varovski qəsəbəsində olan evini satıb ona və oğluna 8-ci km qəsəbəsində ev almışdır. 2009-cu ildə isə o, yenə də Cavabdeh2lə ailə qurmuşdur. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 54a, mənzil 1-də yerləşən mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən 02 may 2009-cu il tarixli, MH seriyalı, nömrəli ******* nömrəli çıxarış almışdır. Nəzərə çatdırır ki, o, 36 il pedoqoji stajı olan müəllimədir. Xəzər Universiteti İdarəçiliyini bitirmiş, direktor kurslarını isə 2015-2016cı illərdə bitirmişdir. Dövlətin keçirdiyi Sertifikasiya imtahanlarından uğurla keçmişdir. Həyat yoldaşı Cavabdeh2 ona serebral iflic xəstəliyindən əziyyət çəkən oğlunun saxlanmasında çox kömək göstərib, hətta özünün mənzilini sataraq uşağının xəstəxana xərclərini ödəmişdir. Bu səbəbdən o, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 54a, mənzil 1-də yerləşən mənzili 14 iyun 2014-cü il tarixdə ona bağışlamışdır. X1 2018-ci ildə vəfat etmişdir. İddiaçı isə 1994-cü ildən evlənibdir, həmin gündən də ata evinə, yəni onların ailəsinə dava-dalaş salıb, bütün qohumları ilə hatta kiçik qardaşı ilə də mübahisə yaradır. İddiaçı dəfələrlə onu polisə verib, hətta sonuncu dəfə 12 dekabr 2024-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Pərvanə Əzizova tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur.

4. Etiraz ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı X11 ilə guya ki, onun arasında Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 01 alınması üçün bağlanmış şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 1-in ona qaytarılması və ya naturada qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödənilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri yalan, uydurma, cəfəngiyyatdır. Hesab edir ki, qeyd olunan iddia ərizəsi heç icraata götürülməyə layiq deyildir. Çünki ərizədə göstərilənlər əsassız, məntiqsiz fikirlər, istəklər yığnağından başqa bir şey deyildir. Əslində heç bu cür iddia tələbinə qarşı etiraz ərizəsi də yazılmağa layiq deyil. Lakin hər bir halda prosessual qanunvericiliyin tələblərinə görə etiraz ərizəsi təqdim etmək məcburiyyətindədirlər. Bildirir ki, o, Cavabdeh1 13 aprel 1999-cu il tarixde X4 ilə ailə qurmuşdu. Birgə nigahıdan bir övladları, X9 2000-ci ildə anadan olmuşdu. Oğlu Rüstəm serebral paraliç, 4-cü dərəcəli beyinə qansızma diaqnozu ilə doğulmuşdu. 2001-ci ildə əri vəfat etdi. Əri vəfat edəndən sonra qayınanası yaşadıqları Vorovski deyilən ərazidə yerləşən fərdi yaşayış evini satdı və əldə olunan məbləğdən ona və oğluna Nizami rayonu, 8-ci km.qəsəbəsində hazırda yaşadıqları mənzili aldı. Mənzili alandan sonra qayınanası özü də bir müddət, 2009-cu ilə qədər onlarla yaşadı. 2009-cu ildə o, digər Cavabdeh2 ilə ailə həyatı qurdu. Hal-hazıra kimi də Cavabdeh2la birlikdə mehriban yaşayırlar. 2018-ci ildə Elnurla onun səylərinə, hər cür müalicə etdirmələrimə baxmayaraq X18 vəfat etdi. Elə o vaxtdan da iddiaçı hər vəchlə onun mənzilini nəyin bahasına olsun ələ keçirmək istəyinə düşüb. Yuxarıda qeyd etdiyi kimi qeyd olunan mənzili 2004-cu ildə yaşadıqları mənzilin satışından əldə edilən vəsait hesabına kooperativ mənzil tikintisi haqqında müqavilə əsasında dəyərini hissə-hissə ödəməklə 2004-cü il tarixdə almışdır. 2007-ci il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən həmin mənzilə onun adına order verilib. 2009-cu ildə mənzil xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət reyestrində qeydiyyata alınıb. 2012-ci ildə isə mənzili həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. İddiaçı məhz onun övladı olmaması və mənzili həyat yoldaşına bağışlamağını sinirə bilmir və müxtəlif bəhanələr, əsası olmayan, cəfəng arqumentlər gətirərək mənzilibi ona verməyini istəyir. Yəni bu cür absurd fikrə düşüb ki, sənin övladın yoxdur, həyat yoldaşın yad oğludur, ona görə də sənin əmlakın mənzilin ona, onun övladlarına qalmalıdır. Görəndə ki, onun bu mənəviyyatdan kənar istəkləri öz həllini tapmır, keçdi şantaja, təhdidə. Əvvəlcə polis orqanlarına müraciət etdi, indidə məhkəməyə iddia ərizəsi ilə müraciət edib. İddiaçının iddia tələblərinin heç bir faktiki və hüquqi əsası yoxdur. İddia ərizəsində qeyd etdikləri fikirlər ziddiyətli, bir-birini təkzib edir. İddiaçı özü də iddia ərizəsində dolayısı ilə təsdiq edir ki, iddia etdiyi mənzil əri vəfat edəndən sonra qayınanasının yaşadıqları evi satıb oğlu ilə ona ayırdığı məbləğlə alınıb.Təqdim etdiyi sübutlar-kooperativ mənzil tikintisi müqaviləsi, ödəniş qəbzləri, mənzilin orderi, reyestrdən çıxarışlar, bağışlanma müqaviləsi və sair sənədlər iddiaçının iddia tələblərinin əsassız olduğunu tam təsdiq edir. İddiaçının iddia ərizəsində istinad etdiyi hüquq normalarının da bu işə, ona, onların əmlakına hər hansı aidiyyəti yoxdur və iddiaçının arzusunu reallıq kimi təqdim etməsi üçün bir vasitədir. Bir daha bildirir ki, iddiaçının guya ki, 25 il bundan əvvəl onunla şifahi borc müqaviləsi bağlaması ilə bağlı iddia ərizəsində qeyd etdikləri yalandır, uydurmadır. Əgər iddiaçının təxəyyülünün məhsulu olmasa belə, lap belə bir müqavilə olsa idi də qanunvericiliyin tələblərinə görə 20-25 ildən sonra belə bir tələb irəli sürmək qeyri-ciddidir, əsassızdır, qanunsuzdur. Odur ki, hesab edir ki, İddiaçı iddia tələbləri təmin edilməməlidir.

5. Cavabdeh X11 ərizə verərək bildirmişdir ki, Cavabdeh1 13 aprel 1999-cu ildə ailə qurmuşdur, 2000-ci ildə X1 anadan olub, diaqnoz serebral paralic, İV dərəcəli beyinə qansızma. 18 il oğlunu yaşatdı, 18 aprel 2018-ci ildə oğlu dünyasını dəyişdi. 2001-ci ildə atası X5 vəfat etdi (yatıb durmadı). 2003-cü ildə qayınanası yaşadığı evi (Varovski qəsəbəsində 6 sot) satdı, ona və oğluna 8-ci km qəsəbəsində ev alıb, onu oğlu ilə köçürdü. 2009-cü ildə o, yeni ailə qurdu və ailəsilə öz evində yaşayır. Qayınanası 2009-cu ilə qədər onunla qalırdı, ailə qurduqdan sonra gəlirdi, onlara dəyirdi və çıxıb gedirdi. İddiaçı (keçmiş məhkum) ev almaq və təmir işlərində heç bir iştirakı olmayıb. İddiaçı gəlib evinə onu və yoldaşını hər dəfə hədələyib, hücüm çəkib onların üstünə, onları qorxudurdu, istəyirdi ki, yoldaşı evdən çıxıb getsin, o, tək qalsın və başına oyun açsın. O, 4 otaqlı evini satıb və yarısından çox pulunu qoymuşdur uşağın üstünə. İddiaçı indinin özündə ona yaşamağa imkan vermir. Özü və ailə üzvləri oğlu X12, qızı X10 oturublar evdə ağızlarına gələni ata yazır və bütün Dövlət Orqanlarını narahat edirlər və bu məktubları göndərirlər. O, müəllimədir, 36 il pedaqoji stajı var. Bakı Dövlət Universitetini əla bitirmiş, riyaziyyatçıdır, rus bölməsində dərs deyir. Xəzər Universiteti İdarəçiliyini bitirmiş, direktor kurslarını 2015-2016-cı illərdə bitirmişdir. Dövlətin keçirdiyi Sertifikasiya imtahanlarından uğurla keçmişdir. O, öz evində 20 ilə yaxındır yaşayır. Bütün sənədləri bu ərizəyə əlavə edir. 1992-ci ildə anası qəflətən vəfat edib və 3 kişinin qulluğunda olmuşdur (23 yaşı vari idi). İddiaçı 1994-cü ildə evlənib, həmin gündən ata evinə, yəni onların ailəsinə həmişə dava salıb. İndinin özündə onun kiçik qardaşı da var, onunla da danışmır. Qohumlarla dava-dalaşda, xala qızları, xala oğlanları hamı ilə söz-söhbət yaradır. İnsanlara hücum çəkir, təhqir edir, döyür, onun üstündə türməyə düşüb.

6. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil ərizə verərək bildirmişdir ki, İddiaçı X6 və həyat yoldaşı Cavabdeh2 qarşı guya ki, onunla arasında Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 01 alınması üçün bağlanmış şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 1-in ona qaytarılması və ya naturada qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödənilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində göstərdikləri yalan, uydurma, cəfəngiyyat olması barədə etiraz ərizəsində qeyd etmişlər. Etiraz ərizəsində qeyd etdiyi kimi qeyd olunan mənzili 2004-cü ildə yaşadıqları mənzilin satışından əldə edilən vəsait hesabına kooperativ mənzil tikintisi haqqında müqavilə əsasında dəyərini hissə-hissə ödəməklə 2004-cü il tarixdə almışdır. 2007-ci il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən həmin mənzilə onun adına order verilib. 2009-cu ildə mənzil xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət reyestrində qeydiyyata alınıb. 2012-ci ildə isə mənzili həyat yoldaşı Cavabdeh2 bağışlamışdır. İddiaçının iddia tələblərinin heç bir faktiki və hüquqi əsası yoxdur. İddiaçı özüdə iddia ərizəsində dolayısı ilə təsdiq edir ki, iddia etdiyi mənzil əri X4 vəfat edəndən sonra qayınanasının yaşadığı evi satıb oğlu ilə ona ayırdığı məbləğlə alınıb.Təqdim etdiyi sübutlar kooperativ mənzil tikintisi müqaviləsi, ödəniş qəbzləri, mənzilin orderi, reyestrdən çıxarışlar, bağışlanma müqaviləsi və sair sənədlər iddiaçının iddia tələblərinin əsassız olduğunu tam təsdiq edir. Bir daha bildirir ki, iddiaçının guya ki, 25 il bundan əvvəl X11 ilə şifahi borc müqaviləsi bağlaması ilə bağlı iddia ərizəsində qeyd etdikləri yalandır, uydurmadır. Lakin əgər iddiaçının təxəyülünün məhsulu olmasa belə, lap belə bir müqavilə olsa idi də qanunvericiliyin tələblərinə görə 25 ildən sonra belə bir tələb irəli sürmək qeyri-ciddidir, əsassızdır, ən başlıcası qanunvericiliyin tələblərinə ziddir. Mülki qanunvericiliyi tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Bu səbəbdən İddiaçı iddia tələblərinə iddia müddətini tətbiq edərək, iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina barədə yekun qərar qəbul edilməsini xahiş etmişdi.

Tərəflərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, 54A saylı evin, 1 nömrəli mənzilini 2005-ci ildə o, almışdır. Mənzili təxmini olaraq iyirmi neçə minə almışdır, təmir etdirib əşyalarını da almışdı. Bacısının xəstə uşağı vardı əri rəhmətə gerdikdən sonra ata evinə qayıtmışdı. Bacısı ilə şifahi razılaşması olmuşdur ki, dünyaya uşaq gətirsə mənzili uşağa bağışlayacaq. Qaynanasının verdiyi 8000 ABŞ dollarına isə bacısına 1 qaragül, 2 norka şuba almışdır. Çıxarış bacısı Sevdanın adına alınmışdır. Sevda mənzili 2012-ci ildə əri Elnura bağışlamışdır. 2024-cü ildə bilib ki, Sevda mənzili ərinin adına keçirib. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. İdidanın rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir, tam əsassız iddiadır. Həmçinin müddətin tətbiqi ilə bağlı ərizə də məhkəməyə təqdim etmişdi. Ona görə ididanın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materialları:

10. 12 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

11. "xxxx" MTK-nın nümayəndəsi Axundov İ.M tərəfindən imzalanmış qəbzlərdən görünür ki, X2 ünvan 2 ünvanında inşa edilən yaşayış binasında, 1 saylı, 2 otaqlı mənzil üçün 02 oktyabr 2004-cü il tarixdə 7150 ABŞ dolları, 14 yanvar 2005-ci il tarixdə 3000 ABŞ dolları, 25 noyabr 2004-cü il tarixdə 3000 ABŞ dolları, 29 yanvar 2005-ci il tarixdə 3000 ABŞ dolları, 09 mart 2005-ci il tarixdə 2625 ABŞ dolları alınmışdır.

12. 614544 nömrəli qəbzdən görünür ki, X11 tikinti üçün 21310000 manat (köhnə Azərbaycan manatı) ödəmişdir.

13. 27 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasənda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2018-ci il tarixdə Nizami rayonu, C.Naçıvanski küçəsi, məhəllə 2387, ev 54A, mənzil 1 ünvanında yaşayan X11 ərizə ilə müraciət edərək bildirmişdir ki, yaşadığı mənzildə qardaşı İddiaçı onu söyərək təhqir etmiş və öldürməklə hədəlmişdir. Material üzrə izahatı alınmış vət. X13 göstərmişdir ki, 2007-ci il tarixdən başlayaraq qardaşı İddiaçı Qaur oğlu ilə münasibətləri pisləşmişdir. Kamal dəfələrlə onu söyüb təhqir etmiş və hədələmişdir. Qardaşının ona göstərdiyi yersiz münasibətin heç bir əsaslı səbəbi yoxdur. xx.xx.2018-ci il tarixdə saat 12:45-də qardaşı Kamal onun yaşadığı Nizami rayonu, C.Naçıvanski küçəsi, məhəllə 2387, ev 54A, mənzil 1 ünvanına gəlib, onu və ailəsini söyərək təhqir etmişdir. Material üzrə izahatı alınmış vətəndaş İddiaçı göstərmişdir ki, bacısı Sevda Şabanova ilə heç bir ədavəti yoxdur. Belə ki, S.Şabanovanın yaşadığı mənzili o, almış və təmir etdirmişdir ki, bacısı əri Cavabdeh2lə yaşasın. Lakin, Cavabdeh2 həmin mənzili öz adına rəsmiləşdirmək istəyir və bu səbəbdən Sevda onunla yaxşı münasibətdə deyildir.

14. Kooperativ mənzil tikintisi haqqında müqavilədən görünür ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasında, 1 saylı mənzil X11 tərəfindən "xxxx" MTK-dan əldə edilmişdir.

15. Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin hüquq subyekti X8r.

16. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verlmiş 26 may 2012-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil tam pay haqqı ilə X3 mülkiyyətinə 02 may 2009-cu il tarixində qeydiyyata alınmışdır.

17. Maliyyə arayışından görünür ki, payçı X11 tərəfindən pay dəyəri tam ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur.

18. MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X3 mülkiyyətindədir və mənzil 02 may 2009-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

19. 04 iyun 2012-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X11 ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh2 bağışlamışdır.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil tam pay haqqı ilə Cavabdeh2 mülkiyyətindədir və mənzil xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır.

21. 07.04.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

22. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 1 saylı mənzili X11 tərəfindən "xxxx" MTK-dan əldə edilmişdir. Mənzilin dəyəri X11 tərəfindən tam şəkildə ödənilmişdir. Mənzil xx.xx.2009-cu ildə X3 adına qeydiyyata alınmışdır. 04 iyun 2012-ci il tarixli bağışlama müqaviləsi ilə X11 ünvan 3 ünvanında yerləşən mənzili Cavabdeh2 bağışlamışdır. İddiaçı isə sözügedən mənzili onun aldığını və bacısı X11 ilə şifahi borc müqaviləsi bağladığını və bacısının evi ona qaytaracağı barədə aralarında şifahi razılığa gəldiklərini iddia edir. Hazırda iddiaçı cavabdeh X11 ilə onun, yəni İddiaçı arasında Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 1 alınması üçün bağlanmış şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, gen. Cəmşid Naxçıvanski küçəsi, 54A saylı evin, 1 nömrəli mənzilinin ona qaytarılmasına və ya naturada qaytarmaq mümkün olmadıqda isə onun dəyərinin pulla ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir.

25. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü il 15 fevral tarixli Qərarları:

İddia və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı ifadə etdiyi hüquqi mövqeyinə əsasən, tələb hüququna xas olan iddia müddətindən fərqli olaraq kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddət subyektiv hüququn mövcudluğu ilə şərtlənir, həmin müddətin bitməsi hüququn özünün xitamı ilə nəticələnir. İddia müddətinin axımı dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.

27. Göründüyü kimi iddia ərizəsində qeyd edilənlərlə, iş materialları arasında ziddiyyətlər vardır. Belə ki, iddiaçı evi öz vəsaiti hesabına aldığını bildirmişdir. Lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən isə mənzilə dair sənədlər (müqavilə, maliyyə arayışı, çıxarış və s.) təqdim edilərək iddiaçının qeyd etdiklərinin əksini sübut etmişdir.

28. İddiaçı, X11 ilə İddiaçı arasında Bakı şəhəri, Cəmşid Naxçıvanski küçəsi, ev 54A, mənzil 1 alınması üçün bağlanmış şifahi borc müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İddiaçı izahatında bildirmişdir ki, evi şifahi razılaşmaya əsasən o şərtlə alıb ki, bacısı X11 orada yaşasın və uşağı olsa sözügeden mənzili bacısı Sevdaya verəcək. Lakin bacısının uşağı olmadığından mənzili geri tələb edir.

29. İddiaçını tələbindən göründüyü kimi tələb şifahi borc müqaviləsinin etibarsızlığıdır. Qanunvericiliyin tələbinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi hüquqlarını müdafiə etdiyi X3 hər hansı şifahi əqd bağlamadığını bildirmişdir. Həmçinin iddiaçı iddia etdiyi halları sübut edə bilməmişdir.

30. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıbyaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir.

31. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

32. Eyni zamanda göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə k, Mülki Məcəllənin 354.2-ci maddəsinin dispozisiyasında əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtdan qanunvericinin müəyyən etdiyi bir illik müddət ötürülmüş hesab edilir. Belə ki, mənzil cavabdeh X3 adına 2009-cu ildə qeydiyyata alınmışdır. Cavabdeh2 isə 04 iyun 2012-ci il tarixdə bağışlanmışdır. İddiaçı isə 04 aprel 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı bacısının mənzili digər Cavabdeh2 bağışladığını 2024-cü ildə bilməsini desə də, 27 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə izahatı alınmış vətəndaş İddiaçı göstərmişdir ki, bacısı Sevda Şabanova ilə heç bir ədavəti yoxdur. Belə ki, S.Şabanovanın yaşadığı mənzili o, almış və təmir etdirmişdir ki, bacısı əri Cavabdeh2lə yaşasın. Lakin, Cavabdeh2 həmin mənzili öz adına rəsmiləşdirmək istəyir və bu səbəbdən Sevda onunla yaxşı münasibətdə deyildir. İddiaçı isə məhkəmə iclaslarında qeyd etmişdir ku, bacısının mənzili Cavabdeh2 bağışlaması barədə 2024-cü ildə məlumatı olmuşdur.

33. Həmçinin iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçı tərəfindən 1 illik iddia müddəti ötürüldüyü üçün müddətin tətbiqi ilə bağlı ərizə də məhkəməyə təqdim etmişdi.

34. Beləliklə, 27 may 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı bacısının mənzili bağışladığından məlumatlı idi. Odur ki, iddiaçı tərəfindən əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür.

35. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə baxışının hədləri:

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətində olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə:

37. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin qaytarılması və ya dəyərinin ödənlməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir.

38. İddia tələbi rədd edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

39. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “şifahi borc müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin qaytarılması və ya dəyərinin ödənlməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar