Məhkəmə qərarları › İş №2(103)-2268/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2268/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2268/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5274/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə X5 arasında Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına dair bağlanılmış xx.xx.2021-ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çıxarışın ləğv edilməsi və xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə cavabdeh tərəfindən ödənilməmiş 15000 ABŞ dollar borc məbləğinin kredit müqaviləsinin təminatı qismində Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi barədə iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 340; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materialları ilə bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cavabdeh ilə X5 arasında bağlanılmış müqavilə tərəflərin iradə ifadəsi ilə, qarşılıqlı razılılq əsasında imzalanaraq rəsmiləşdirilmişdir. Tərəflər müqaviləni qanunvericilikdə nəzərdə tutulmuş şərtlər müəyyən etməklə bağlamış və imzalamışlar. Bağışlama müqaviləsi təsdiq edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, qanun pozuntusuna yol verilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin borcdan yayınmaq məqsədilə bağışlanma müqaviləsi bağlanıldığını qeyd etsə də və Mülki Məcəllənin uydurma əqdlə bağlı müddəalarına əsaslansa da bağışlanma müqaviləsinin uydurma əqd hesab edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, borc məbləğinin tutulması ilə bağlı iddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3327/2019 saylı qətnaməsinə əsasən borc məbləğinin Cavabdeh tutulması qət edilmişdir. Məhkəmə gedişi zamanı 2(007)-3327/2019 saylı iş üzrə qarşılıqlı iddia üzrə İddiaçı qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etməsi və ya digər formada əmlak üzərinə həbs qoyulması, yaxud özgəninkiləşdirilməsinin qadağan edilməsi iş materialları ilə müəyyən edilməmişdir. Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru Faiq Adıgözəlov xx.xx.2021-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək sözügedən əmlak üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin əmlaka dair sərəncam vermək hüququ qadağan edilmişdir. Lakin Cavabdeh daha əvvəl xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsini bağışlama müqaviləsi əsasında X3 bağışlamışdır. Göründüyü kimi cavabdeh əmlakı daha öncədən özgəninkiləşdirmişdir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2017-ci il kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh müqavilənin bağlandığı gün, yəni xx.xx.2017-ci il tarixində 15000 ABŞ dolları məbləğində pul verməyi, borc alan Cavabdeh krediti bu müqavilənin bitdiyi tarixə qədər, yəni xx.xx.2018-ci il tarixinədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür; - Bakı şəhəri 44 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydindən məlum olur ki, notarius tərəfindən borclu Cavabdeh 15000 ABŞ dolları və 20 manat pulun tutulması ilə bağlı icra qeydi aparılmışdır; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-3327/2019 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğvi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək 15000 ABŞ dolları məbləğində pulu və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 13000 ABŞ dolları məbləğində (ödəniş gününə olan Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsumuna görə 26 manat məbləğində pul vəsaiti tutulması, ilkin iddia üzrə ödənilmiş 20 manat düvlət rüsumu və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 4 manat hissəsinin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir; - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan məlum olur ki, icra məmuru 44 saylı Notariat Kontorunun 8İ-6821 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə borclu Cavabdeh icra sənədini icra etmədiyi üçün tələbin onun mülkiyyətində olan Xudat şəhəri, 2-ci şöbədə olan 0,08 ha torpaq sahəsini üzərində yerləşən qeyri-yaşayış binasının üzərinə həbs qoyulması və icra sənədi üzrə tələbin həmin qeyri-yaşayış sahəsinə yönəldilməsini xahiş etmişdir; - Xaçmaz Rayon Məhkəməsinin 8(067)-2/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimatın qismən təmin edilməsi və borclu Cavabdeh adına olan Xudat şəhəri, 2-ci şöbədə olan 0,08 ha torpaq sahəsini üzərində yerləşən qeyri-yaşayış binasına dair sərəncam hüququnun qadağan edilməsi qərara alınmışdır; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin AR Ədliyyə Nazirliyi Xaçmaz rayon İcra və Probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(067)-2/2022 nömrəli qərardadı əsasında Cavabdeh əvvəllər mülkiyyətində olmuş Xaçmaz rayonu, Xudat şəhəri 2-ci şöbə ərazisində 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının üzərinə qadağa qoyulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh əvvəllər məxsus olmuş həmin daşınmaz əmlak xx.xx.2021-ci il tarixli,4Ə-2190 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında X5 tərəfindən özgəninkiləşdirilmiş və mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır; - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanılması Müqaviləsinə əsasən hədiyyə verən Cavabdeh Xudat Şəhəri 2-ci Şöbə ünvanında yerləşən, ümumi sahəsi 230 kv/m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus olan hissəsini hədiyyə alan X3 bağışlamışdır; - X4 xx.xx.2021 tarixli ərizəsindən məlum olur ki, o, arvadı Cavabdeh məxsus Xudat Şəhəri 2-ci Şöbə ünvanında yerləşən qeyri-yaşayış binasının bağışlanılmasına etiraz etməmişdir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Xudat şəhəri 2-ci şöbə ünvanında yerləşən qeyriyaşayış binası xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmaqla X2 xüsusi mülkiyyətindədir; (iş səh. 8, 9, 13, 14, 16, 20, 25, 43) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 5274/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 337.2, 340.1, 340.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Xaçmaz rayon İcra və Probasiya Şöbəsində olanda iddiaçıya məlum olmuşdur ki, Cavabdeh məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmiş və mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 0.1214 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-2412 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. X5 Cavabdeh oğludur. Hesab edir ki, cavabdeh ona olan borcunun ödənilməsi üçün aparılan icra hərəkətlərindən hansısa formada məlumatlandırılmış və borcun ödənilməsindən yayınmaq məqsədi ilə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını öz oğlunun adına özgəninkiləşdirmişdir. Belə ki, Xaçmaz rayon İcra Şöbəsi 12 noyabr 2021-ci il tarixdə təqdimatla məhkəməyə müraciət etmiş, cavabdeh isə bağışlama müqaviləsini xx.xx.2022-ci il tarixdə bağlamışdır. Hesab edir ki, Cavabdeh məxsus Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən 0.08 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının xx.xx.2021-ci il tarixli, 4Ə-2190 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilməsi etibarsız sayılmalı və mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış çıxarış ləğv edilməlidir. Bildirir ki, cavabdeh onunla kredit müqaviləsi bağlayanda eyni zamanda borcunu qaytarmadığı təqdirdə Xaçmaz rayonu, Xudat şəhəri, 2-ci şöbə ünvanında yerləşən qeyri-yaşayış binasını (“Anar” şadlıq evi) satıb borcuna yönəldilməsi barədə iddiaçıya yazılı iltizam vermişdir. Cavabdeh iddiaçıya olan borcunun ödənilməsindən yayınmaq məqsədi ilə görünüş üçün müqavilə bağlamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Mülki Məcəllənin müddəalarına əsasən: 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. 307.1. “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. 307.3. İpoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 307.5. Əgər ipoteka ilə təmin edilən öhdəlik hissəhissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

9. İddianın verilməsində əsas icra sənədi üzrə borclu olan cavabdehin borcu ödəməkdən yayınmaq üçün prosesə cəlb edilməmiş başqa şəxslə bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı və müqavilənin hüquqi nəticələrinin ləğv edilməsindən, habelə borc üzrə icra sənədinin icrasının təmin edilməsidir. Lakin qeyd edilməlidir ki, bu müqavilə iki tərəfin iradə ifadəsinin məxsusi olan münasibətlərinin notarial orqanında rəsmiləşdirilməsi yolu ilə və qanunvericiliyin dürüst göstərişləri əsasında həyata keçirilir. Belə müqavilənin etibarsızlığı tərəflər və ya hüquqlarına toxunduğu halda üçüncü şəxslər tərəfindən mübahisələndirilə bilər. Hazırda əqdi mübahisələndirmiş üçüncü şəxsin müqavilə bağlanılan zaman daşınmaz əmlak üzərində hər hansı hüquqlarının mövcudluğu müəyyən edilmir. İcra sənədi üzrə müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsinə rəğmən baş vermiş hərəkətsizlik mülkiyyətçinin özünə məxsusdur və hüquqları məhdudlaşdırılmamış mülkiyyəti üzərində sərəncam verməsini istisna (qadağan) edən hal kimi qiymətləndirilə bilməz. Münasibətlərin pərdələnməsi, etibarsızlığı və ya təsdiqi iddiaçının öz hüquqlarının bilavasitə həyata keçirilməsinə aidiyyəti yoxdur. Belə ki, iddiaçının və icra sənədinin məcburi icrasını təmin etməli olan vəzifəli şəxsin iddianın təminatı vasitələrindən vaxtında yararlanmaması özlərinin məsuliyyət həddinə aid olan haldır. Ələlxüsus qeyd edilməlidir ki, bağışlamanın həyata keçirilməsi əmlaka məhdudiyyətin qoyulması barədə qərardan öncə baş vermişdir. Digər ehtimal edilən məsələlərin isə tələbə və onun əsaslarına aidiyyəti yoxdur. Müqavilənin əhəmiyyətsizliyinə dair hallar müqavilə iştirakçılarının daxili iradə ifadəsinin təzahürüdür ki, bunların əksinin məlum olması ehtimalların müəyyən edilməsinə bərabərdir. Cavabdehin iddiaçıya verdiyi borcun təminatı barədə iltizamı da qanunvericiliyin tələblərinə müvafiq qeydiyyatlardan keçmədiyindən onun borc üzrə qanunla müəyyən edilmiş öhdəliklərin təminatı kimi və ondan irəli gələrək bağışlanma müqaviləsinin etibarsızlığına dəlalət edən xüsusat kimi qiymətləndirilə bilməz.

10. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 337-354, 385-388, 560; Mülki Prosessual Məcəllənin 2, 8-14, 76, 77, 80-82, 106.2, 217.4, 372, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən nəzərdən keçirilən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən dəlillərə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Birinci instansiya məhkəməsinin hüququn tətbiq edilməsində səhv buraxması, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməsi, yaxud qanunu səhv təfsir etməsi müəyyən edilmir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə nəticə etibarı ilə düzgün olan qətnamənin ləğv edilməsinə əsas ola bilməz.

11. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

12. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5274/2022 saylı mülki işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar