Məhkəmə qərarları › İş №2(007)-1847/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1847/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1847/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə 24 yanvar 2007-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Qızı hazırda onunla yaşayır və 14 ildir ki, o, tək öz hesabına övladlarının yaşayışını təmin edir. Cavabdeh isə indiyə qədər uşağın saxlanılmasında iştirak etməyib. Lakin bir müddətdir ki, övladını öz hesabına saxlamağa imkanı yoxdur. Halbuki, cavabdeh yüksək pensiya və əmək haqqı alır və birgə övladlarının maddi baxımdan saxlanılmasında iştirak etmək imkanı mövcuddur. Buna görə də, Cavabdeh ilə birgə övladları olan yetkinlik yaşına çatmayan 24 yanvar 2007-ci il təvəllüdlü X1 üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, hazırki ərizəsi əsas götürülərək, Cavabdeh ilə birgə övladları olan yetkinlik yaşına çatmayan 24 yanvar 2007-ci il təvəllüdlü X1 üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İ seriyalı, 894107 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 10675502 saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X3 24 yanvar 2007-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; -Bakı şəhəri Xətai rayon VVADQ şöbəsinin atalığın müəyyən edilməsi haqqında AZ- 1 seriyalı, 087853 saylı, 07 fevral 2007-ci il tarixli şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 24 yanvar 2007-ci il tarixdə doğulmuş (anası qrafasında İddiaçı olması qeyd edilməklə) X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 07 fevral 2007-ci il tarixdə, 58 saylı qeyd aparılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh birgə münasibətlərindən 24 yanvar 2007-ci il tarixdə bir uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsinin atalığın müəyyən edilməsi haqqında AZ-1 seriyalı, 087853 saylı, 07 fevral 2007-ci il tarixli şəhadətnaməsinə əsasən, Cavabdeh 24 yanvar 2007-ci il tarixdə doğulmuş (anası qrafasında İddiaçı olması qeyd edilməklə) X4 atası hesab edilmişdir. Tərəflər hazırda bir yerdə yaşamırlar, uşaq isə ananın yanında qalmışdır. Ayrı yaşadıqları müddətdə cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşağın və iddiaçının mənafelərini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, 175 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 17 mart 2021-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17 mart 2021-ci il tarixdən başlayaraq, 24 yanvar 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17 mart 2021-ci il tarixdən başlayaraq, 24 yanvar 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu ondan alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar