Məhkəmə qərarları › İş №2(007)-1847/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1847/2024

04.09.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1847/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “çıxarışın ləğv edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin qardaşı Nəzirov Sinayəddin Əlifağa oğlu ilə birgə nikahda olduqları dövrdə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 581, M3, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 72.6 kv.m olan mənzili birgə vəsaitləri hesabına almışlar və Sinayəddin Nəzirovun adına xx.xx.2017-ci il tarixli mülkiyyətə dair çıxarış verilmişdir. Nikahın ləğv edilməsi vaxtı Sinayəddin Nəzirov ona mənzildən pay düşməməsi üçün məqsədli şəkildə xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzili qardaşı hazırkı Cavabdeh bağışlamışdır və Cavabdeh həmin bağışlama müqaviləsinə əsasən mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq xx.xx.2019-cu il tarixdə çıxarış əldə etmişdir. Daha sonra o, bu qanunsuzluqdan xəbər tutan kimi həmin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzil üzərində payların müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2922/2021 saylı qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilərək, həmin mənzilin 1/3 hissəsinə onun, 2/3 hissəsinə Sinayəddin Nəzirovun payı müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-3014/2022 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkənməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2922/2021 saylı qətnaməsi icra olunması üçün Nizami Rayon İcra Şöbəsinə göndərilmişdir. Nizami Rayon İcra Şöbəsi həmin qətnaməni icra etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərmiş və həmin idarədən Nizami Rayon İcra Şöbəsinə göndərilmiş məktubda bildirilmişdir ki, həmin mənzil üzərində mülkiyyətə dair çıxarış hələ də Cavabdeh adına olduğuna görə mənzil üzərində payların müəyyən edilməsinə dair yeni çıxarışlar verilə bilməz. Daha sonra Nizami Rayon İcra Şöbəsi “DƏDKR” PHŞ-in 1 saylı Bakı Ərazi idarəsinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini icra etməkdən imtina barədə xx.xx.2022-ci il tarixli məktubunu doğru hesab etməyərək yenidən Bakı Apellyasiya Məhkəməsinə müvafiq qətnaməyə izah verilməsi üçün müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, İddiaçı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və payların müəyyən edilməsi” barədə iddia qaldırsa da Cavabdeh adına olan çıxarışın ləğv edilməsi barədə iddia qaldırmamışdır və onun həmin iddianı hazırda qaldırmaq hüququ vardır. Bildirir ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 581, M3, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 72.6 kv.m olan mənzil keçmiş həyat yoldaşı X1 ilə onun paylı mülkiyyətindədir. Həmin paylar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Həmin mənzilə dair xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi etibarsız hesab edildiyinə və həmin müqaviləyə əsasən Cavabdeh adına verilmiş və hazırda qüvvədə olan xx.xx.2019-cu il tarixli mülkiyyət hüququnu təsdiq edən çıxarış formal olduğuna görə ləğv edilməlidir.

3. Məhkəmə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdi.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsininin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 21 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzil tam pay haqqı ilə Cavabdeh mülkiyyətindədir.

9. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh S.Nəzirovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "ünvan 3 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və İddiaçı həmin mənzilin 1/3 hissəsinə, Nəzirov Sinayəddin Əlifağa oğlunun isə 2/3 hissəsinə payın müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Nəzirov Sinayəddin Əlifağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3014/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3014/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarına əsasən qanuni qüvvəsini almışdır. Həmçinin bildirir ki, Bakı Apellyasya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi üzrə 01 avqust 2022-ci il tarixli icra vərəqəsi verilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 sentyabr 2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 20 dekabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzil tam pay haqqı ilə Nəzirov Sinayəddin Əlifağa oğlunun mülkiyyətində olmuşdur.

12. 21 iyun 2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Nəzirov Sinayəddin Əlifağa oğlu Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh bağışlamışdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3014/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, “Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh S.Nəzirovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "ünvan 3 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və İddiaçı həmin mənzilin 1/3 hissəsinə, Nəzirov Sinayəddin Əlifağa oğlunun isə 2/3 hissəsinə payın müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir”.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3014/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarının surətindən görünür ki, ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. 27.07.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

16. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Nəzirov Sinayəddin Əlifağa oğlu birgə nikahda olduqları dövrdə Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 581, M3, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 72.6 kv.m olan mənzili birgə vəsaitləri hesabına almışlar. Nəzirov Sinayəddin Əlifağa oğlu həmin mənzili qardaşı hazırki iş üzrə Cavabdeh bağışlamışdır. İddiaçı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzil üzərində payların müəyyən edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh S.Nəzirovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "ünvan 3 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və İddiaçı həmin mənzilin 1/3 hissəsinə, Nəzirov Sinayəddin Əlifağa oğlunun isə 2/3 hissəsinə payın müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Nəzirov Sinayəddin Əlifağa oğlu kassasiya şikayəti vermişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3014/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə cavabdeh Nəzirov Sinayəddin Əlifağa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və Bakı Apellyasya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi üzrə 01 avqust 2022-ci il tarixli icra vərəqəsi verilmişdir. Lakin sözügedən mənzilə dair çıxarış Cavabdeh adına olduğundan qətnamənin icrası mümkün olmamışdır. Hazırda iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətimdə olan mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsini xahiş edir. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Konstitusiyasının:

13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun:

5.1-2-ci bəndinə əsasən daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarış, həmin əmlakın təsviri, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindəki məlumatlar notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ olan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən bu Qanunun 5.6cı maddəsində nəzərdə tutulan məlumat və sənəd mübadiləsi qaydasında Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur. 12.1-ci bəndinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən iddiaçının vəkil və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3014/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh S.Nəzirovun apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi "ünvan 3 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinə İddiaçı payının müəyyən edilməsi” hissəsində dəyişdirilməsi və İddiaçı həmin mənzilin 1/3 hissəsinə, Nəzirov Sinayəddin Əlifağa oğlunun isə 2/3 hissəsinə payın müəyyən olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzil üzərində iddiaçı və Nəzirov Sinayəddin Əlifağa oğlunun payları artıq müəyyən edilmişdir. Lakin mənzilə dair çıxarış Nəzirov Sinayəddin Əlifağa oğlunun qardaşı Cavabdeh adına olduğundan qətnamənin icrası mümkün olmamışdır.

22. Göründüyü kimi sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzil üzərində iddiaçı və Nəzirov Sinayəddin Əlifağa oğlunun payları qətnamə ilə müəyyən edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2922/2021 nömrəli, 07 aprel 2021-ci il tarixli qətnaməsi icra olunmalıdır.

Məhkəmə baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il qərarı:

Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Məhkəmə xərcləri:

25. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

26. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına olan 21 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməlidir. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 77, mənzil 82 (Yeni qaydalarla: AZ1119, ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh adına olan 21 iyun 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamənin icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar