Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1850/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borc” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 İddiaçı ASC-nin xeyrinə 9250.97 manat məbləğində əsas, 690.77 manat məbləğində faiz, 113.01 manat cərimə borcu olmaqla, ümumilikdə 10054.75 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 120.16 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 12000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2024-cü il martın 13-dək Cavabdeh banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9250.97 AZN əsas borc, 690.77 AZN faiz borcu və 452.03 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 10393.77AZN borcu vardır. Cavabdeh xx.xx.2022-ci tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 452.03 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 % miqdarında olmaqla, yəni 113.01 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
Tərəflərin izahatları:
3. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir. 6 aydır ki, imkanı olmadığı üçün ödəniş etmir.
6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-Y-2-0- 3865-22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün illik 17% faiz ödəmək şərtilə 36 ay müddətinə 12000 manat məbləğində kredit verilmişdir və Cavabdeh hər ayın 05-i 36 ay müddətində aylıq ödəniş məbləği 427.83, sonuncu ay isə 427.97 manat ödəməlidir.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASCyə xx.xx.2024-cü il tarixə 9250.97 manat əsas, 690.77 manat faiz, 452.03 manat cərimə ümumilikdə 10393.77 manat borcu vardır.
11. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-Y-2-0- 3865-22 saylı kredit müqaviləsinə dair bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərindən görünür ki, razılaşmaya əsasən Müştəriyə Kredit limiti ayrıldıqda, Bank Müştərinin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini müəyyən etdikdə və ya Müştəri Bank və ya digər hər-hansı maliyyə institutu qarşısında borc üzrə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə və bunun nəticəsində borcun qaytarılmasının təhlükəyə məruz qala biləcəyini müəyyən etdikdə bank Müqavilə üzrə Borcalana kredit verməkdən imtina edə, həmçinin kredit xəttinin istifadə edilməmiş hissəsindən istifadə edilməsini məhdudlaşdıra/ləğv edə bilər, habelə verilmiş krediti vaxtından əvvəl tələb edə bilər.
12. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 12000 manat məbləğində kredit verilmişdir.
13. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank ilə borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11-Y-2-0-3865-22 saylı kredit müqaviləsinə əsasən borc alana 12000 manat məbləğində illik 17% faiz ödəmək şərtilə 36 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Cavabdeh borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçıa tam ödəməyi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək onun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaq. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır.
14. 25.04.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 120.16 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 11-Y-2-0-3865-22 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən Cavabdeh 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 36 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə layiqincə əməl etməmişdir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.
20. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli, 11-Y-2-0-3865-22 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.
22. Belə kiİddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11- Y-2-0-3865-22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17% ödəmək şərtilə 12000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
23. Məhkəmə yuxarıda qeyd plenum qərarına əsasən qeyd edir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə 9250.97 manat əsas, 690.77 manat faiz, 452.03 manat cərimə ümumilikdə 10393.77 manat borc qeyd edilmişdir. Cavabdehə göndərilən pretenziya məktubunun tarixi də maliyyə arayışı ilə eynilik təşkil edir. Göründüyü kimi cavabdeh tərəfindən ödənişlər olmuş və borc məbləği azaldılmışdır. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsində qeyd edilən borc məbləği 9250.97 manat məbləğində əsas, 690.77 manat məbləğində faiz, 113.01 manat cərimə borcu olmaqla, ümumilikdə 10054.75 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmə xərcləri:
25. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 120.16 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
26. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9250.97 manat məbləğində əsas, 690.77 manat məbləğində faiz, 113.01 manat cərimə borcu olmaqla, ümumilikdə 10054.75 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 120.16 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
27. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdı̇ İddia təmin edilsin. Cavabdeh 9250.97 manat məbləğində əsas, 690.77 manat məbləğində faiz, 113.01 manat cərimə borcu olmaqla, ümumilikdə 10054.75 manat məbləğində borc və ödənilmiş dövlət rüsumu 120.16 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova