Məhkəmə qərarları › İş №2(007)-188/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-188/2022

13.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-188/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi, mənzilin təmir edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat pulun tutulub ona verilməsi, cavabdehə öz mənzilini təmir edib, yararlı hala salmasının həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin dekabr ayından başlayaraq, Cavabdeh mənzilindən onun mənzilinə mütəmadi olaraq su axır və nəticədə mətbəx, hamam, dəhliz yararsız vəziyyətə düşmüş, təcili olaraq onların təmirinə ehtiyac vardır, bunu etmək üçün isə onun pul vəsaiti yoxdur. Bu barədə 84 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi K.Hüseynov, mühəndis V.Səfərov, sosial işçi T.Xslilov tərəfindən akt tərtib olunmuş və həmin sənəddə ona vurulmuş ziyanın 1000 (bir min) manatdan çox olamsı göstərilmişdir. Cavabdeh özü həmin mənzildə yaşamır, onu icarəyə verir və pul qazanır. Beləliklə, Cavabdeh ona vurduğu ziyanın əvəzini tam həcmdə ödəməli, bundan başqa, gəlcəkdə belə hallara son qoyulması üçün tədbirlər görməli, mənzilini təmir etdirməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, həmçinin bildirdi ki, iddiaçı xəstə adamdır, 250 manat pensiya alır. Cavabdehgilin evindən axan su nəticəsində ev pis vəziyyətə düşmüşdür. Necə olur ki, cavabdeh tərəf birinci dəfə ekspertiza təyin edilərkən gəlib məktubu götürmədiyi halda ikinci dəfə ekspertlə əlaqə saxlamış, maraqlanmışdır? Necə oldu ki, birinci dəfə ekspertiza ilə bağlı məktubu o aldığı halda cavabdehgil ala bilməmişdir? Birinci ekspert gəldikdən sonra təxminən 5-6 gün sonra cavabdeh tərəf gecə evi təmir etdirmişlər və indi normal olaraq onlardan su axmır. Onlar ilk dəfə evə su axan zaman gəlib onun evini yüngül təmir etmişlər və bir müddət su axma dayanmış, lakin sonradan yenidən axmağa başlamışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiklərini, eksprt rəyi ilə onların təqsirinin müəyyən olunmamasını, lakin qonşuluq xatirinə 200 manat verə biləcəklərini, ekspert xərcinin yarısını ödəməyə razı olduqlarını, təmir üçün ustanı da özlərinin tapa biləcəyini, birinci dəfə ekspertin evə gəlmədiyini, aşağı mənzilə gəldiyini, nömrələrinin qonşularda olduğunu, əgər ekspert gəlsəydi qonşuların onlara zəng edəcəklərini bildirdi. O, həmçinin əvvəl su sızmanın olduğunu, lakin sonradan 2021-ci ilin aprel ayında təmir etdirdiklərini, ustaya 500 manat xərc çəkdiyini, həmçinin 100 manat da qonşunun evində təmir işləri aparması üçün pul verdiyini, o, evi almamışdan qabaq da iddiaçının evinə su axdığını, ondan sonra sızma baş vermədiyini, ekspertə evin şəkillərini çəkib atdıqlarını, nə vaxt təmir etdiklərini bildirdiklərini, ikinci dəfə ekspertin gəlib baxdığını, daha sonra aşağı düşdüyünü, əgər usta işlədirdilərsə, iddiaçının gəlib bu müddət ərzində onlardan səs gəlməsi ilə bağlı müraciət edə biləcəyini qeyd etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya MH seriyalı, 025093 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 63, 10 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri, Nizami rayonu 84 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 63, 10 saylı mənzildə qeydiyyatdadır. - Bakı şəhəri, Nizami rayonu 84saylı MKİS-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 63, 10 saylı mənzilə baxış keçirilən zaman mənzilin dəhliz, mətbəx və hamam otağının divarında su axınıtısına xas olan ləkələrin olduğu tərəflərindən müşahidə edilmiş və bununla əlaqədar 13-cü mənzilin sahibinə xəbərdarlıq edilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanına su axıdıldığı, lakin həmin ünvanda yerləşən 13 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından mərtəbəarası su sızmanın texniki səbəbinin müəyyən edilməsinin mümkün olmadığı, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 907.00 manat məbləğində olması müəyyən olunmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 63, 13 saylı mənzilin su və kanalizasiya borularında qüsurlar aşkar edilmədiyindən həmin ünvanda yerləşən 10 saylı mənzilə su sızmasının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 26 nömrəli evin 21 saylı mənzilinə su sızması baş vermiş, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. Məhkəmə tərəfindən ekspertizalar keçirilmiş, ekspert rəylərinə əsasən, iddiaçının mənzilinə cavabdehin mənzilinin su və kanalizasiya borularında qüsurlar aşkar edilmədiyindən su sızmasının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamış, ünvan 3 ünvanında yerləşən 10 saylı mənzilə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 907,00 manat məbləğində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir. İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəyməsi sübuta yetirilməsə də, tədqiq edilmiş iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də iddiaçının mənzilinə su sızması nəticəsində ziyan dəyməsi və mənzilin təmirə ehtiyacı olduğu müəyyən edilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə 13 saylı mənzilə baxış keçirilməsi, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə də həmin mənzilin su və kanalizasiya borularında qüsurlar aşkar edilmədiyindən həmin ünvanda yerləşən 10 saylı mənzilə su sızmasının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamış, lakin cavabdeh qonşuluq xatirinə məhkəmə iclasında 200 manat dəymiş ziyanın iddiaçıya ödənilməsinə razı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 200 (iki yüz) manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməli, məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizalarının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Əfəndı̇ yeva Natavan Tofı̇ q qızından Talib-zadə Elmı̇ ra Əziz qızının xeyrinə 200 (iki yüz) manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 100,00 manat məbləğində vəsaitin 50 manatı hissəsi Əfəndı̇ yeva Natavan Tofı̇ q qızından 50 manat hissəsi isə Talibzadə Elmı̇ ra Əziz qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar