Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1885/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 06 avqust 2018 il tarixli, 105804-367556/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 03 mart 2021-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 768.3 manat məbləğində əsas borcu və 35.95 manat faiz borcu olmaqla, ümumilikdə 804.25 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd olunanlara əsasən Cavabdeh 768.3 manat məbləğində əsas borc və 35.95 manat faiz borcu olmaqla, ümumilikdə 804.25 manat borcun və 30.40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2018 il tarixli, 105804-367556/2 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ayın 06-dan gec olmayaraq 266.86 manat ödəniş etməyi öhdəsin götürmüşdür. İşə əlavə olunmuş 10.03.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunmuş 30.03.2020-ci il tarixli 105/105/0328/2020 saylı xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdar olunmuş, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş İddiaçı ASC-nin 03.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka 768.3 manat məbləğində əsas borcu və 35.95 manat faiz borcu olmaqla, ümumilikdə 804.25 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 06 avqust 2018 il tarixli, 105804-367556/2 nömrəli istehlak krediti müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh 768.3 manat məbləğində əsas borcu və 35.95 manat faiz borcu olmaqla, ümumilikdə 804.25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 768.3 manat məbləğində əsas borcu və 35.95 manat faiz borcu olmaqla, ümumilikdə 804.25 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1885/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1885/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver