Məhkəmə qərarları › İş №2(007)-1894/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1894/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1894/2020 12.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1992.12 manat məbləğində əsas borc, 896.45 manat dəbbə pulu olmaqla, cəmi 2888.57 (iki min səkkiz yüz səksən səkkiz manat, əlli yeddi qəpik) manat, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasnda 02.07.2018-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh “Veysəloğlu" MMC-yə 1992.12 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 02.05.2019-cu il tarixinədək tam olaraq "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdir və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2018-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, borclu Cavabdeh kreditorİddiaçı MMC-yə 1992.12 manat borcunun yarandığını etiraf etmiş və həmin məbləği 02 may 2019-cu il tarixədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. - 01 may 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2018-ci il tarixli borcun etirafı müqaviləsindən görünür ki, borclu Cavabdeh kreditorİddiaçı MMC-yə 1992.12 manat borcunun yarandığını etiraf etmiş və həmin məbləği 02 may 2019-cu il tarixədək tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı MMC ilə bağladığı 02 iyul 2018-ci il tarixli borcun etirafı müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1992,12 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2092,12 (iki min doxsan iki manat on iki qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 1992,12 manat məbləğində əsas borc, 100 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2092,12 (iki min doxsan iki manat on iki qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar