Məhkəmə qərarları › İş №2(007)-1927/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1927/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1927/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakimi Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, Cavabdeh 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulub ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci il tarixdə işlədiyi MTV adlı Azərbaycan telekanalında tanış olub. Həmin vaxt cavabdeh onun köməkçisi işləyib. 2024-cü il tarixdə cavabdeh ona sevdiyi qızın əməliyyat olduğunu və qızıl almaq istədiyini deyib. O da, cavabdehə qızıl satmaq istədiyini deyib. xx.xx.2024-cü ildə o, cavabdehə Yasamal rayonu ərazisində görüşərək təxminən 2000 manat dəyərində qızıl verib. 1 gün sonra sentyabr aynın 30-da onlar Nizami rayonu, Q.Qarayev metrosu yaxınlığında yerləşən “Panda Kids” adlanan mağazasının önündə cavabdehlə görüşüblər və ona təxminən 1000 manat dəyərində qızıl verib. Onlar aralarında razılaşıblar ki, cavabdeh 3000 manat pulu 1 ay ərzində ödəyəcək, lakin cavabdeh ona xx.xx.2024-cü il tarixdə 1000 manat və noyabırın 6-da 1000 manat ödəyib. Qalan 1000 manat pulu ödəməkdən boyun qaçırır və onun zənglərinə cavab vermir. Bununla bağlı o, məcbur olub Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə şikayət ərizəsi ilə müraciət edib. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbovun 19 yanvar 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. Qəbul edilmiş qərar barədə ona məlumat veriblər ki, mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməlidir.

İş materialları:

3. Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin xx.xx.2025-ci ili tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

4. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh heç bir yerdə işləməyib, iş öyrətmək üçün cavabdehi ona köməkçi kimi veriblər, o da etiraz etməyib. Cavabdeh ailə vəziyyətindən danışdığına görə kollektiv olaraq ona dəstək olmağa çalışırdılar. Cavabdehə pul lazım olanda pul verir, başqa problemi olanda həll edirdilər. Cavabdeh bir müddət sonra bəzi işçilərə qarşı dələduzluq yolu ilə sürücülük vəsiqəsi düzəldəcəyini vəd edib, vədinə əməl etməyib, bəzilərinin isə adına mobil telefonu kreditlə götürüb. Cavabdeh sevgilisi üçün ondan qızıl alaraq 10 gün ərzində pulu verəcəyini bildirib. O, cavabdehi tanıdığı üçün razılaşaraq sentyabr ayında şəxsi qızıllarını cavabdehə satıb. Bəzi işçilər cavabdehdən pullarını ala biliblər. O, cavabdehə 3000 manat dəyərində qızıl satıb, 2000 manat pulu çətinliklə ondan alıb. Cavabdeh yerdə qalan 1000 manat məbləği verməyəcəyini, hara istəyirsə şikayət verə bilməyini bildirib. Qızılı cavabdehdən tələb etməməyinin səbəbi cavabdehin qızılı anasına verdiyini bildirməsidir. Bunu sübut edən “WhatsApp” yazışmaları var. Sonra cavabdehin anasını tapıb, məlum olub ki, cavabdehin anası Bakı şəhəri 12 nömrəli məktəbdə müəllim işləyir. O, cavabdehdən polisə şikayət edib.

6. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

İşin faktiki halı:

10. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 29-30 sentyabr 2024-cü il tarixlərində özünə məxsus olan 3000 manat dəyərində olan qızıl-zinət əşyalarını Cavabdeh satmış, cavabdeh isə bir ay ərzində 3000 manat pulu iddiaçıya ödəyəcəyini bildirmişdir. Hazırda cavabdeh həmin puldan 2000 manat qaytarsa da, öhdəliyini tam icra etməyərək, 1000 manat məbləğində pulu iddiaçıya ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

12. Belə ki, iddiaçının müraciəti əsasənda Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsində araşdırma aparılmış və cavabdehin izahatı alımmışdır. Cavabdeh izahatında 1000 manat borcunu iş həyatında olan problemlərlə bağlı ödəyə bilmədiyini, İddiaçı aldatmaq kimi fikrinin olmadığını, sonuncuya 2000 manat pulu ödədiyini, yerdə qalan 1000 manat pulu tez bir zamanda ödəyəcəyinə söz verdiyini qeyd etmişdir.

13. Görüdüyü kimi, cavabdeh iddiaçıya 1000 manat pul ödəməli olduğunu qəbul etmiş, hazırda isə həmin pulun ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

14. Beləliklə, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

15. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.

16. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 1000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri:

17. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

18. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar